“Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu ifadə edir” Layihə

“Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu ifadə edir”

Nurlan Qələndərli: “Bəyannamədə bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar aydın strateji niyyət ifadə olunub”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu dəfəki səfəri tarixi əhəmiyyət daşıyır. Qarabağa səfər və Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi çox ciddi, strateji əhəmiyyət daşıyır. Bəyannamə iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirəcək. Eksperlər bəyannamənin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.


Politoloq Nurlan Qələndərli “Xalq cəbhəsi”nə açıqlamasında bildirib ki, dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi: “İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Heç şübhəsiz, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, strateji inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir”. Politoloqun sözlərinə görə, iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə səfər etməsi və Şuşada tarixi bəyannaməyə imza atılması müstəsna siyasi-strateji əhəmiyyətə malikdir. “Bu, ilk növbədə, Vətən müharibəsində ölkəmizə güclü mənəvi-siyasi dəstək göstərən Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyi və həmrəyliyinin ifadə olmaqla yanaşı, iki dövlətin birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə dizayn etdiklərini göstərir. Qars müqaviləsindən yüz il sonra iki ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi dostluq, qardaşlıq və strateji tərəfaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək zirvəyə yüksələrək yeni mərhələyə qədəm qoyduğunu ifadə edir. Bəyannamədə bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar aydın strateji niyyət ifadə olunub. Digər tərəfdən, Türkiyə və Azərbaycanın qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik, qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqədar qətiyyətli mövqe ortaya qoyulması mühüm əhəmiyyət daşıyır. Ən əsası, sənəddə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili də nəzərdə tutulub ki, bu da olduqca böyük strateji önəm daşıyır”,-deyən Nurlan Qələndərli əlavə edib ki, yeni mərhələdə də sıx təmaslar və intensiv əlaqələr strateji müttəfiqlik münasibətlərin uğurlu inkişafını, o cümlədən iki ölkənin birgə təşəbbüslər əsasında mühüm nailiyyətlər əldə etməsini şərtləndirəcək.
Millət vəkili Hiklmət Babaoğlu isə deyib ki, Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi əslində bir millət iki dövlət fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi: “Bu isə mühüm tarixi hadisədir. Çünki iki dövlət arasında strateji müttəfiqlik münasibətlərinə təhlükəsizlik və işbirliyi kontekstində yeni keyfiyyət qazandırır. Beləliklə bir dövlətinin təhlukəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımı tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Azərbaycan Prezidentinin İlham Əliyevin Şuşa bəyannaməsi imzalanarkən tarixi Kars müqaviləsinə istinad etməsi də bununla əlaqədar idi. Çünki Kars müqaviləsinə əsasən onun təhlükəsizliyinin təminatçısı həm də Türkiyə Cümhuiyyəti hesab edilir.İknci mühüm bir məsələ odur ki, Şuşa bəyannaməsinin təhlükəsizliklə bağlı olan hissəsi BMT Nizamnaməsinə istinad edilərək hazırlanıb və bu müqavilənin hüquqi əsasları beynəlxalq hüquqa söykənir və beynəlxalq hüquq tətəfindən dəstəklənir. Yəni Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil sadəcə öz təhlükəsizliyi baxımından zəruri hesab edərək qərarlaşdırır. İkinci mühüm məsələ ondan ibarətdir ki, iki qardaş ölkə müqavilədən irəli gələn öhdəçiliyi və öz təhlükəsizliklərini təmin etmək üçün hərbi institusional qurumların mövcud olması reallığından və zərurətindən çıxış edərək bu istiqamtədə də müştərək addımlar atmaqla bağlı qərar qəbul edirlər. Yəni Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır. Bu isə əslində müdafiə güclərimizə birgə sinxron hərəkət qabiliyyəti tanıyır. Biz bilirik ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Milli Ordumuz haqqında danışarkən Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq barədə öz fikirlərini səsləndirmişdi. Türkiyə Ordusu isə dünyanın ən döyüşqabiliyyətli və modern ordularından biridir. İmzalanan Şuşa bəyannaməsi həm də bu istiqamətdə real addımların atılmasını təmin edəcək. Başqa mühüm bir xüsus regional inteqrasiya ilə bağlıdır. Bu Cənubi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bunlarla yanaşı media, diaspora, xarici siyasətdə birgə hərəkətetmə, təhsil, iqtisadiyyat müasir texnologiyalar, birgə investisiya planları və s. sahələrdə də əməkdaşlığın daha da dərinləşdirilməsi, nəzərdə tutur ki, bu da iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlərə açmaqla həm də regional əməkdaşlığı və qarşılıqlı inteqrasiyanı təşviq edir”.
Millət vəkili Arzu Nağıyev isə hesab edir ki, Şuşa bəyannaməsi çox mühüm məsələləri özündə ehtiva edir: “Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir”. Deputatın sözlərinə görə, eyni zamanda, sənədin ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir: “Belə ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur. Bütün bunlarla yanaşı Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasının birləşməsi, həmçinin dəhliz vasitəsilə Naxçıvandan bir başa Türkiyəyə və Avropaya çıxışın əldə olunması böyük nəaliyyətdir”. A.Nağıyev vurğulayıb ki, Şuşa Bəyannaməsi Cənubi Qafqazda və həmçinin regionda sülhün təminatı deməkdir: “Bəyannamənin bütün müddəaları düşünülmüş, hər bəndi ayrılıqda şərh olunması gərəkən çox önəmli sənəddir. Məsələnin digər bir tərəfi də ondan ibarətdir ki, ermənilər Türkiyə prezidenti Cənab Ərdoğanın Şuşaya səfərini Türkiyənin Turançılıq ideyasını yayılması istiqamətində atdığı addım kimi qələmə verməyə çalışırlar. Qərb dairələrinin də bu ideyalarla bağlı olan fikirləri məlumdur. Əslində isə Ermənistan tərəfinin gözlə görünən provokasiyalarıdır. Şuşa Bəyannaməsi hər iki dövlətin ərazi bütövlüyünün və suverenliyinin qorunması deməkdir”.

Əli Zülfüqaroğlu