“Su təminatının yaxşılaşdırılması üçün daha dərin araşdırma aparılmalıdır” Layihə

“Su təminatının yaxşılaşdırılması üçün daha dərin araşdırma aparılmalıdır”

Rövşən Abbasov: “Bir çox dağ yerlərində su problemi daha ciddi məsələ olaraq ortaya çıxır”

Bu gün dünyada iqlim problemləri yaşanır. Ekspertlər meşə yanğınları, daşqınlar vədigər təbii fəlakətlərin səbəbini iqlium dəyişikliyi ilə əlaqələndirirlər. Bu istiqamətdə müxtəlif konispiroloji yanaşmalar və proqnozlar özünü doğrultsa da ekspertlər daha çox qlobal istiləşmə faktorunun üzərində dayanırlar.
Bu gün dünyanın probleminə çevrilən əsas məsələlərdən biri içməli su qıtlığının yaranmasıdır. Artıq Azərbaycanda da bu problem yaşanır. Məsələn ucqar dağ rayonu olan Yardımılıda əvvəlki dönəmlərdə heç bir zaman su qıtlığı yaşanmayıb. Rayonda bulaqlar, eyni zamanda Viləş çayının yuxarı axarları yay aylarında, ən isti havalarda belə qurumayıb, həmişə sulu olub.
Amma artıq əksər bulaqlar qutuyub ki bu da içməli su problemindən başqa Viləş çayının yuxarı axarlarının qurumasına səbəb olur ki, nəticədə kəndlərin əkin sahələrinin suvarılmasında da ciddi problemlərə gətirib çıxarır.
Təbii ki, Yardımlıda olan su problemi digər rayonlarda da mövcuddur. Problem nədən qaynaqlanır və çıxış yolları nədən ibarətdir?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru, texnika elmləri doktoru Yasin Rüstəmov öz məqaləsində qeyd edib ki, əhalinin sayının və tələbatlarının artması, eləcə də qlobal iqlim dəyişiklikləri nəticəsində dünyanın əksər regionlarında içməli və suvarma suyu ilə bağlı problemlər kəskinləşib. Onun sözlərinə görə, son illərdə cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycanda su təchizatının yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb: “ Buna baxmayaraq, müxtəlif səbəblərdən ölkənin içməli və suvarma suyu ilə təminatında hələ də problemlər yaşanmaqdadır və respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində fundamental və innovativ elmi araşdırmaların aparılmasına ehtiyac güclənməkdədir. Ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında, eləcə də cənab Prezidentin dəfələrlə verdiyi tapşırıqlarda ölkənin su təminatı ilə bağlı mövcud problemlər və onların həlli yolları barədə Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyulub. Bu vəzifələrdən biri də Kür çayının deltasında yaranmış problemin kompleks həlli ilə bağlıdır. Bu məqsədlə Kür çayının mənsəbindən layihə və tikinti işlərinin aparılması üçün ən optimal və əlverişli məsafədə avtomatlaşdırılmış şülüzlərlə idarə olunan hidrotexniki qurğunun tikilməsi təklif olunur. Bununla yanaşı, ölkə üzrə torpaqların suvarılması müasir metod və normalara uyğun tərtib edilmiş hidromodul qrafikinə əsasən həyata keçirilməli, suvarma sistemləri yenilənməli, Kür çayının aşağı axarında yaranmış ekoloji vəziyyət nəzərə alınmaqla ölkənin su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemi hazırlanmalıdır”.
O, əlavə edib ki, insan cəmiyyətinin dayanıqlı inkişafı təbii resursların, o cümlədən yeraltı və yerüstü şirin su ehtiyatlarının səmərəli istifadəsindən çox dərəcədə asılıdır: “Müasir dövrün ən aktual problemlərindən biri əhalinin və müxtəlif təsərrüfat sahələrinin etibarlı su təminatıdır. Dünya əhalisinin və tələbatların hədsiz artımı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə və sənaye sahələrinin durmadan genişlənməsinə səbəb olur. Üstəlik, iqlim dəyişiklikləri nəticəsində mövcud su ehtiyatlarının azalma tendensiyası müşahidə olunur. Nəticədə, bir çox regionlarda su təminatı kəskin pisləşir. Bu isə əhalinin ərzaq təminatına və regionların ekoloji təhlükəsizliyinə birbaşa təsir göstərir.
Hidrosferdə şirin suyun həcmi ümumi su ehtiyatının cəmi 2%-ni (29 milyon kub/kilometr) təşkil edir. Bunun 0,004%-i isə çay sularıdır. Minilliklər ərzində insanların su ehtiyatlarına təsiri çox zəif olub. Təbii suların unikal xüsusiyyəti onların öz-özünə təmizlənməsi və su dövranı nəticəsində bərpa olunmasıdır. Buna görə də çox uzun müddət ərzində su ehtiyatlarının miqdarı, demək olar ki, dəyişməmiş və keyfiyyəti pisləşməmişdir. Bu, məlum illuziya ilə nəticələnmişdir: su ehtiyatları dəyişməzdir, tükənmir və təbiətin pulsuz sərvətidir. Bu şəraitdə tarixən su ehtiyatlarından istifadəyə etinasız münasibət, istifadə olunmuş suların təmizlənməsinə və su obyektlərinin mühafizəsinə minimal vəsaitin ayrılması konsepsiyası formalaşmışdır.
Su təminatını yaxşılaşdırmaq üçün yalnız ondan qənaətlə istifadə etmək kifayət deyil, şirin su ehtiyatlarının artırılması istiqamətində də tədqiqatlar aparılmalı, praktiki işlər görülməlidir. Məhz bu yolla Azərbaycanın su siyasətinin əsas məqsədinə çatmaq, əhali və iqtisadiyyatın bütün sektorlarını tələb olunan həcmdə və beynəlxalq standartlara uyğun keyfiyyətdə su ilə təmin etmək mümkündür...”.
Yasin Rüstəmov vurğuladı ki, son illərdə cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycan Respublikasında əhalinin və təsərrüfat sahələrinin su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, yeni sututarların yaradılması, suvarma sistemlərinin yaxşılaşdırılması, şirin su mənbələri ilə iri yaşayış məntəqələrini birləşdirən su kəmərlərinin tikintisi üzrə iri layihələr icra edilib: “Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemləri yaxşılaşdırılıb: “Məlum olduğu kimi, respublikanın əksər ərazisi quraq və yarımquraq iqlimə malikdir. Ölkənin su ehtiyatlarının mühüm bir hissəsi su səviyyəsi il ərzində ciddi tərəddüdlərə məruz qalan, əksər vaxtlarda isə kəskin azalan, yüksək çirklənməyə malik tranzit çaylar tərəfindən təmin edilir. Eyni zamanda son illərdə qlobal iqlim dəyişikliklərinin təsiri altında yağıntıların paylanma rejimində ciddi fərqliliklər yaranmış, əksər bölgələrdə rütubətlilik əmsalı aşağı düşmüşdür. Əhalinin intensiv artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbat durmadan artır. Bütün bunların, eləcə də su ehtiyatlarından səmərəsiz istifadənin nəticəsində ölkənin içməli və suvarma suyu ilə təminatında hələ də problemlər yaşanmaqdadır və respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində elmi əsaslı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə, yeni su mənbələrinin tapılması və mühafizəsinə, kəhrizlərin elmi əsaslı bərpasına, mütərəqqi suvarma texnika və texnologiyalarının tətbiqinə və müvafiq tədbirlərin həyata keçirilməsi zamanı ekosistem yanaşmaya riayət edilməsinə, bütün bunlar üçün isə hərtərəfli və məqsədyönlü fundamental və innovativ elmi araşdırmaların aparılmasına ehtiyac güclənməkdədir”.
Onun fikrincə, ümumiyyətlə, Azərbaycan öz yerli su ehtiyatlarına görə qonşu ölkələrdən xeyli geri qalır: “Gürcüstanda daxili su ehtiyatları ilə təminat 85%, Ermənistanda 82% olduğu halda, ölkəmizdə bu göstərici cəmi 28%-dir. Ölkədə kənd təsərrüfatı məhsullarının təqribən 90%-i əsasən arid iqlimə malik Kür-Araz ovalığında istehsal olunur. Yəni bu ərazilərdə mümkün buxarlanmanın miqdarı yağıntılardan xeyli çoxdur. Təbii ki, bu şəraitdə suvarma aparmadan kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyil.
25-30%-i meşə ilə örtülü olan ərazilərdə heç vaxt quraqlıq hiss edilməz. Azərbaycanın ümumi ərazisinin cəmi 11,8%-ni meşələr təşkil edir. Mürəkkəb quruluşa malik olan meşələr suların toplanmasında böyük rol oynayır. Əsasən dağlıq və meşəlik ərazilərdən axan orta və kiçik çaylar Azərbaycan Respublikası su ehtiyatlarının 30%-ə qədərini formalaşdırır. Su ehtiyatları ilə nisbətən zəif təmin olunan və arid iqlimə malik olan ərazilərdə bu çayların təsərrüfat əhəmiyyəti çox böyükdür. Müasir dövrdə meşə sahələrinin antropogen təsiri nəticəsində azalması kiçik çayların və bulaqların qurumasına gətirib çıxarır”.
Ekoloq Rövşən Abbasov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi ki, ölkəmizdə su problemi var və su təminatının yaxşılaşdırılması üçün daha dərin araşdırma aparılmalıdır. Onun fikrincə, bu araşdırmalar yerli su ehtiyatlarınının keyfiyyətinin, həcminin, miqdarının qiymətləndirilməsi, yeni su mənbələrinin axtarılıb tapılmasına, eləcə də kəndlərin və daha böyük yaşayış məntəqələrinin su ilə təmin edilməsinə həsr olunmalıdır: “Avqust ayıdır, ilin ən isti aylarından biridir və hava quraqdır. Həm də çaylada ən az su olan vaxtdır. Hazırda bütün bulaqlar quruyur, yeraltı suların səviyyəsi aşağı düşür, çaylarda su azalır. Su mənbələrinin ən “kasıb” dövrünə təsadüf edirik. Son 2-3 ildə havalar çox quraq keçir. Bunun da nəticəsində su mənbələrinin su vermə qabuliyyəti aşağı düşüb. Yəni əvvəllər qurumayan bir çox bulaqlar indi quruyub, bu isə çoxsaylı çətinliklər yaradır. Aran yerlərində su kanalları, suvarma sistemləri, şəbəkələr var. Yeraltı suların səviyyəsi səthə yaxındır. Buna görə də quyu qazaraq əhalini su ilə təmin etmək mümkündür. Amma bir çox dağ yerlərində su problemi daha ciddi məsələ olaraq ortaya çıxır. Bu, eləcə də Yardımlı rayonuna aiddir. Yardımlı Azərbaycanın cənubunda yerləşən dağlıq bir rayondur. Burada yağıntılar əsasən yağış şəklində düşür. Qar şəklində toplanıb yay aylarına qalmır. Ona görə də çayların sululuğu çox azdır. Orada ən böyük çay Viləşçaydır. Demək olar ki, bu çay artıq quruyub. Avqust ayında bu çayın suyu çox az olur. Ona görə də yay aylarında həmişə bu problemlər ortaya çıxır. Ümid edirik ki, yaxın zamanlarda-xüsusilə sentyabrda yağan yağışlar nəticəsində bulaqlarda yenidən su olacaq”.

Əli Zülfüqaroğlu