Müstəqil media siyasəti Layihə

Müstəqil media siyasəti

Mətuatın dövlət tərəfindən dəstəklənməsi istiqamətində mühüm addımlar atılıb

Hər bir dövlətin sivil inkişafı və onun beynəlxalq aləmdə demokratik dövlət kimi tanınması ilk növbədə fikir, söz və məlumat azadlığının təmin edildiyi media siyasəti yeritməsindən asılıdır. Təsadüfi deyil ki, uğurla həyata keçirilən media siyasətinin böyük bir ordunun gücünü görməyə qadir olmasını ABŞ-ın məşhur siyasi xadimlərindən biri olan Zbiqnev Bzejinski də xüsusi vurğulayıb: "Biz SSRİ ilə apardığımız soyuq müharibəni dövlət siyasəti səviyyəsində həyata keçirdiyimiz azad media siyasəti vasitəsilə udduq. Azad media güclü və qüdrətli dövlət deməkdir".
Azərbaycanda da media siyasəti prioritet sahəyə çevrilir.
Təbii ki, Azərbaycanda da söz, fikir azadlığı uzun bir inkişaf yolu keçmiş, azad mətbuatın formalaşdırılması üçün illərlə vaxt və gərgin əmək sərf olunub. 1875-ci ildə Həsənbəy Zərdabi tərəfindən əsası qoyulan "Əkinçi" Azərbaycan mətbuatının ilk qaranquşuna çevrilərək özündən sonra ortaya çıxacaq digər mətbu orqanlar üçün bir həyat məktəbinə çevrildi.
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti azad mətbuatın inkişafına yeni bir təkan verdi. Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsindən sonra ən ağır şəraitdə belə mətbuat olduqca ehtiyatlı şəkildə azadlıq ideyalarının təbliğində öz tarixi missiyalarını uğurla yerinə yetirdilər.
Bu baxımdan Azərbaycan müstəqilliyini əldə etdikdən sonra fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi qarşısıalınmaz zərurət kimi ortaya çıxdı. Çünki həmin dövrdə Ermənistan yaranmış vəziyyətdən və xaricdəki çoxsaylı havadarlarının dəstəyindən istifadə edərək Azərbaycanı faktiki olaraq informasiya blokadasına almışdı. Belə bir vəziyyətdə Azərbaycanda söz və məlumat azadlığının inkişaf etdirilməsi, düşmənin informasiya blokadasını yarmağa qadir mətbuatın yaradılması və sivil media siyasətinin həyata keçirilməsinə ciddi ehtiyac duyulurdu. Həmin dövrdə fikir, söz və məlumat azadlığının təmin edilməsinə yönələn media siyasətinin güclü dövlət quruculuğu üçün önəmli rol oynadığını xüsusi vurğulayan Heydər Əliyev demişdir: "Sivil və güclü dövlət quruculuğuna yol azad mətbuatın inkişaf etdirilməsindən keçir".
Bu müstəvidə də qısa müddətdə dövlət səviyyəsində söz, fikir azadlığının, müstəqil mətbuatın inkişaf etdirilməsinə xidmət edən media siyasətinin uğurla həyata keçirilməsinə başlandı. Azərbaycanda müstəqil mətbuatın inkişaf etdirilməsi, söz və fikir azadlıqlarının təmin edilməsi məsələsinin dövlətimizin prioritet siyasətinə çevrildiyini 1998-ci il avqustun 6-da ölkə prezidenti tərəfindən imzalanan "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman da sübut edir. Fərmanda dünyanın demokratik ölkələrində artıq təcrübədə özünü təsdiqləmiş və sınaqdan keçmiş media azadlığı, siyasi plüralizm prinsipi və jurnalist fəaliyyətinin demokratik tənzimlənməsi məsələləri öz əksini tapmışdı. Bu çərçivədə də senzuranın ləğvi Azərbaycanda azad mətbuatın inkişafına yeni təkan verərək sivil, demokratik dövlət quruculuğu prosesində onların daha geniş şəkildə iştirak etməsinə yol açdı.
Azərbaycanda senzuranın ləğv edilməsi xarici ölkələrdə də geniş əks-sədaya səbəb olmuşdu. "Nyu-York Tayms" qəzeti 1998-ci il avqust saylarından birində yazmışdı: "Prezident Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi barədə imzalanan fərman söz, fikir azadlıqlarının təmin edilməsinin, yeni media siyasətinin dövlətin prioritet sahələrindən birinə çevrildiyini göstərir".
Heydər Əliyev özü isə məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında demişdi: "Biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq". Həqiqətən də, Azərbaycanda senzuranın ləğvi sözün həqiqi mənasında azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. Bu müstəvidə də senzuranın ləğvindən sonra Azərbaycanda xeyli sayda yeni müstəqil mətbu orqanların və informasiya agentliklərinin, müstəqil elektron KİV-lərin, jurnalist təşkilatlarının azad fəaliyyətə başlaması ölkəmizin beynəlxalq imicinin daha da möhkəmlənməsinə gətirib çıxardı.
Azərbaycanda dövlət səviyyəsində söz, mətbuat azadlığının inkişafına mane olan əngəllərin aradan qaldırılması, Kütləvi İnformasiya Vasitələrinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması yönündə həyata keçirilən tədbirlər ölkəmizin informasiya blokadasından xilas edilməsində, onun dünyada özünü tanıtmasında, sübut etməsində böyük rol oynadı.
Azərbaycanda mətbuat, söz, fikir azadlıqlarının, media siyasətinin dövlətimizin diqqət mərkəzində olmasının daha bir nümayişi qəzet və jurnalların "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması və ləğvi ilə bağlı imzalanmış sərəncam oldu. Məqsəd mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarət idi. Ölkəmizdə sivil medianın, azad sözün, milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə Heydər Əliyev 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.
Söz, fikir azadlıqlarının, müstəqil mətbuatın inkişaf etdirilməsinə dövlət səviyyəsində göstərilən qayğı, yeni media siyasəti ölkəmizin MDB-nin ən demokratik dövlətlərindən birinə çevrilməsinə yol açdı. Bununla belə hadisələrin gedişi göstərdi ki, mətbuat, söz azadlığı, fikir plüralizminin inkişaf etdirilməsinə baxmayaraq, müəyyən neqativ halları tam şəkildə aradan qaldırmaq olmur. Bu da öz növbəsində mətbuatın özünü tənzimləmə mexanizminin formalaşdırılmasını və elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsini zərurət kimi ortaya çıxardı. 2003-cü ildə mətbuatda özünütənzimləmə mexanizmini həyata keçirən Mətbuat Şurası yaradıldı. Bununla da müstəqil KİV-lərin fəaliyyətinin genişləndirilməsi təmin edildi.
2005-ci ildən başlayaraq KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin əməyinin qiymətləndirilməsi istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə başlandı. Bu baxımdan prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuata dövlət dəstəyinin və qayğısının növbəti nümayişinə çevrilərək ölkəmizdə jurnalistikanın inkişafına yeni bir təkan verdi. Bu da KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsində, jurnalist peşəkarlığının artırılmasında, onların əməyinin qiymətləndirilməsində önəmli rol oynamaqdadır.
Dövlət tərəfindən fikir, söz azadlıqlarının təmini və media siyasəti sahəsində həyata keçirilən uğurlu tədbirlərdən biri də Azərbaycan mətbuatının 130 illik yubleyi ilə əlaqədar KİV-lərin mükafatlandırılması, jurnalistlərin prezident təqaüdünə, dövlət mükafatı və fəxri adlara layiq görülməsi oldu. Dövlət tərəfindən evsiz jurnalistlər üçün yaşayış binasının tikilməsi və ötən il 22 iyul Milli Mətbuat Günündə onlara mənzillərin paylanması ilə Azərbaycan dünyada bir ilkə imza ataraq, media siyasətinin dövlətimizin ayrılmaz atributlarından birinə çevrildiyini, ölkəmizin demokratik dəyərlərə sadiq olduğunu bir daha təsdiq etmiş oldu. Amma bu da son deyil. Belə ki, mediaya dövlət qayğısını diqqət mərkəzində saxlayan ölkə prezidenti "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" daha bir sərəncam imzalayıb. Sərəncama əsasən, mənzilə ehtiyacı olan jurnalistlər üçün daha bir yaşayış binası tikiləcək.
Ölkənin iqtisadi qüdrətinin artmasından irəli gələn belə addımlar bir daha təsdiqləyir ki, bütün sahələrin kompleks şəkildə inkişafı, tərəqqisi dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir, ən əsası hansı sahədə çalışmasından asılı olmayaraq hər kəs bu inkişafı özünün gündəlik həyatında hiss edir.
Mətbuat Şurasının sədri Əflatun Amaşovun fikrincə, bütün dünyada belədir - söz və ifadə azadlığı ilə əlaqədar hansısa vahid dəyərləndirmədən söz açmaq mümkünsüzdür. Hər şeyin qaydasında olduğunu söyləmək doğru olmaz. Nə də vəziyyətin pisliyini iddia etmək düzgündür. Görülən işlər və qarşıya qoyulan məqsəd var. Əsas olan da elə budur. Ölkədə müstəqil medianın bazasını gücləndirmək üçün tədbirlər gerçəkləşdirilir. Jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür: "Hesab edirəm ki, zamanla digər imtiyazların tətbiqi üzərində də dayanacağıq. Əlbəttə, mütərəqqi ictimai institut kimi mediamızın gələcəyinin daha parlaq olmasını istəyirik. Amma hər istək bir anın içərisində həyata keçmir. Mövcud anlamda təbii, arzuladığımız söz və ifadə azadlığı mühitinə nail olmaq istiqamətində yol gedirik. Həmin yolu nə qədər vaxta qət etməyimiz isə hamımızdan asılıdır. Ümumən 2013-cü ili ölkədə söz və ifadə azadlığı baxımından pozitiv il adlandırmaq mümkündür. Zənnimcə, Azərbaycan mediasının mütəşəkkil komanda kimi özünü göstərə bilməsinin ayrı-ayrı örnəklərinə şahidlik etdik. Düşünürəm ki, ötən bir illik müddətdə həmin komandanın cəmiyyətdə baş verən proseslərə reaksiyası bir çox problemlərin müvafiq instansiyalara çatdırılmasında, aradan qaldırılmasında müstəsna rol oynadı. Cəmiyyətdə dördüncü hakimiyyət kimi medianın təsiri duyuldu. Əlbəttə, bu missiyanın yeni keyfiyyət göstəriciləri ilə zənginləşdirilməsinə ehtiyac var. Ümumən söz və ifadə azadlığı vacib dəyərdir. Demokratik dövləti, vətəndaş cəmiyyəti quruculuğunu onsuz təsəvvürə gətirmək mümkünsüzdür. Ancaq elə etmək lazımdır ki, həmin dəyərlər obrazlı desəm, evimizə pəncərədən və bacadan deyil, qapıdan, yəni sivil formada daxil olsunlar".

Cavid