Rubio: 5 Mərkəzi Asiya ölkəsini Azərbaycanla bağlayan qaz xətti ABŞ maraqlarına uyğun ola bilər Siyasət

Rubio: 5 Mərkəzi Asiya ölkəsini Azərbaycanla bağlayan qaz xətti ABŞ maraqlarına uyğun ola bilər

"5 Mərkəzi Asiya ölkəsini Xəzər vasitəsilə Azərbaycanla əlaqələndirəcək təbii qaz interkonnektorun inşası ABŞ-ın maraqlarına cavab verə bilər."

APA xəbər verir ki, bunu ABŞ Senatında keçirilən dinləmədə ABŞ dövlət katibi Marko Rubioya sualında senator Stiv Deyns deyib.

O, interkonnektorun inşası üçün cəmi 20 milə ehtiyac duyulduğunu, bununla nəhəng qaz ehtiyatlarına malik Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışının təmin edilə biləcəyini qeyd edib.

“Mərkəzi Asiya ölkələrinin nəhəng potensialı var və mən bunun istifadə edilmədiyinə inanıram. Buna nümunə Transxəzər boru kəmərinin olmamasıdır. Beş Mərkəzi Asiya ölkəsini Xəzər dənizi vasitəsi Azərbaycanla, buradan isə Avropa ilə əlaqələndirəcək interkonnektor üçün cəmi 20 milə ehtiyac var. Bu cəmi 20 mildir. Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada 5-ci yerdədir. Bu nəhəng potensialdır və aydındır ki, öz qonşuları ilə - Çin, Rusiya və İranla bu qazın oradan çxıarılması çətindir. Ancaq Xəzər dənizi vasitəsilə bir çıxış var. Siz düşünmürsünüzmü ki, 20 mil uzunluğundakı bu interkonnektor ABŞ-ın və müttəfiqlərinin maraqlarına cavab verə bilər?”, - senator Stiv Deyns Marko Rubioya sual ünvanlayarkən deyib.

Dövlət katibi Rubio cavabında senator Deynsin sözlərini təsdiqləyib.

“Düşünürəm ki, cavab “bəli”dir. Sizin təsvir etdiklərinizdən mən elə anlayıram. Mən həmin 20 millə bağlı ekspert olduğumu deyə bilmərəm. Ancaq sizin irəli sürdüyünüz arqumentlərdən də görə bilirəm ki, bu məntiqlidir. Bu bir daha mənə bizim xarici siyasətimizin nə üçün regional və səfirlik səviyyəsində olmasının tərəfdarı olduğumuzu xatırladır. Bütün bunlar dəqiqliklə fürsətlərdir. Biz fərqli kontekstlərdə davamlı olan enerji siyasəti həyata keçiririk. Bunlar müəyyən fürsətlərdir ki, ən aşağı səviyyədən icra edilməlidir. İdeal şəraitdə bu əməliyyatları müəyyən edə biləcək səfirliklər və individual bürolar olmalı idi və bu bürolar daxilində enerji siyasətinin həyata keçirilməsi təmin edilməlidir. ABŞ şirkətləri, müttəfiq şirkətlər bu səylərə potensial olaraq töhfə verə bilərlər. Bu şirkətlər bizə həmin boşluğu doldurmağa kömək edə və ehtiyac duyulan podratçı işlərini təmin edə bilərlər”, - Rubio deyib.

Senator Deyns Mərkəzi Asiya ölkələrinin dövlət başçıları ilə görüşlər keçirdiyini və onların transxəzər interkonnektoru ideyasına çox güclü dəstək verdiklərini vurğulayıb.