

20 May 15:58
2013-cü ildən 10 il ərzində dünya şahmat çempionu titulunu qoruyan norveçli qrosmeyster Maqnus Karlsen daha bir rekorda imza atıb.
Xalqcebhesi.az Trend-ə istinadən xəbər verir ki, şahmatçı 143 min nəfərə qarşı eyni anda oynayaraq unikal bir nailiyyət əldə edib. Görüş "Chess.com" platformasında keçirilən və Fişer şahmatı qaydalarına əsaslanan (piyada istisna olmaqla fiqurların təsadüfi düzülməsi) xüsusi formatda baş tutub.
Aprelin 4-dən etibarən davam edən oyunda Karlsenin rəqibi "qalan dünya" olub. Maraqlısı odur ki, bu qədər sayda iştirakçı hər bir gedişi onlayn səsvermə yolu ilə birgə qərarlaşdırıb.
Ənənəvi şahmatdan fərqli olaraq təsadüfi düzülüşlə oynanılan bu partiya 32-ci gedişdə gedişlərin təkrar olunması səbəbilə heç-heçə ilə başa çatıb. Bu qarşılaşma həm texniki baxımdan, həm də tamaşaçı marağı baxımından dünya şahmat tarixində unikal hadisə kimi qiymətləndirilir.