Tivi kəndində sakinlərin müraciətləri dinlənilib Cəmiyyət

Tivi kəndində sakinlərin müraciətləri dinlənilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin yerində araşdırılması və əhalinin dövlət qurumlarına əlçatanlığının artırılması məqsədilə səyyar qəbullar davam etdirilir. Bu çərçivədə, 2025-ci il avqustun 22-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Tivi kəndində növbəti səyyar qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Çıxış edən icra başçısı 44 günlük Vətən müharibəsi və Antiterror əməliyyatının ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyü üçün əhəmiyyətini vurğulayıb. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpa və quruculuq işləri, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdaraq orada yerləşdirilməsi və bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı görülən tədbirlər baradə məlumat verib.
İcra başçısı Zəngəzur dəhlizinin Azərbaycanın regional nəqliyyat bağlantılarını gücləndirən strateji layihə olduğuna, ölkəmizin ticarət və tranzit imkanlarını artırdığına və bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə töhfə verdiyinə toxunaraq, Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi və bu layihənin nəqliyyat infrastrukturuna verdiyi əhəmiyyət barədə də danışıb.
Görüşdə “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda reallaşdırılan layihələr barədə məlumat verilib. Bu layihələr çərçivəsində rayonda yol infrastrukturunun yenidən qurulmasının və turizm imkanlarının genişləndirilməsinin, eləcə də konserv zavodunun, mədən sənayesinin və ipəkçilik sahəsində müəssisələrin yaradılmasının, Ordubad şəhərində yerləşən tarixi “Ərbabın iş yeri” binasının, “Sərşəhər” məscidinin əsaslı təmirinin ön planda olduğu və bunlarla bağlı mühüm addımların atıldığı qeyd olunub.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Məşğulluq, suvarma suyu, mərasim evinin tikintisi, mülkiyyət hüququ, qaz xətlərinin yeraltından yerüstü şəbəkəyə keçirilməsi və digər məsələlərlə bağlı səsləndirilən müraciət və təkliflər aidiyyəti üzrə məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb, bir sıra məsələlərin həlli üçün konkret tapşırıqlar verilib. Həlli müəyyən vaxt tələb edən müraciətlər isə nəzarətə götürülərək müvafiq qurumlara yönləndirilib.
Sakinlər onlara göstərilən diqqət və qayğını, yaradılan əlverişli şəraiti yüksək qiymətləndirərək ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.