ABŞ Yaponiyadan hərbi bazaların saxlanması xərclərini üç dəfə artırmağı tələb edib Dünya

ABŞ Yaponiyadan hərbi bazaların saxlanması xərclərini üç dəfə artırmağı tələb edib

ABŞ Prezidenti Donald Tramp administrasiyası Tokiodan Yaponiyadakı Amerika hərbi bazalarının saxlanması xərclərini təxminən üç dəfə artırmağı tələb edir.

Xalqcebhesi.az "Nikkei" qəzetinə istinadən xəbər verir ki, Vaşinqtonun hesablamalarına əsasən, qarşıdakı beş il ərzində bu məbləğ 4 trilyon yendən (cari məzənnə ilə təxminən 19 milyard dollar) çox olmalıdır.

Yaponiya tərəfi hələlik ölkədəki ABŞ bazalarının saxlanması üçün ayrılan vəsaiti təxminən 1,4 dəfə – illik 300 milyard yenə (təxminən 1,9 milyard dollar) qədər artırmağa hazır olduğunu bildirir. Bununla bağlı danışıqlar yaydan bəri davam edir və tərəflər ilin sonuna qədər razılığa gəlməyi planlaşdırırlar.

Tokio 1978-ci ildən etibarən ölkədəki ABŞ bazalarının saxlanması ilə bağlı demək olar ki, bütün xərcləri öz üzərinə götürüb. Buraya kommunal ehtiyaclar, obyektlərin saxlanması və yapon vətəndaşları arasından olan heyətin əməkhaqları daxildir. Bununla bağlı razılaşma hər beş ildən bir yenidən nəzərdən keçirilir. 2022-ci ildən 2026-cı maliyyə ilinə (2027-ci ilin martında başa çatır) qədər olan dövr üçün Tokio ABŞ bazalarının saxlanmasına illik 211 milyard yen (indiki məzənnə ilə 1,3 milyard dollardan çox) vəsait ayırıb.

Tokio ümumilikdə bu məbləğin artırılmasına razıdır, həmçinin Amerika obyektlərinin möhkəmləndirilməsi və potensial atəşlərdən qorunmaq üçün qismən yer altına köçürülməsi məqsədilə əlavə vəsait ayırmağa hazırdır. Məlumata görə, Yaponiya hökumətində belə bir fikir var ki, bu cür ayırmalar Yaponiya vətəndaşlarına və özəl şirkətlərinə ödənildiyi üçün daxili işgüzar konyunkturanın canlandırılması vasitəsi kimi nəzərdən keçirilə bilər. Lakin Tokio bu mərhələdə Vaşinqtonun tələb etdiyi məbləğin yarısından çoxunu öz üzərinə götürməyə hazır deyil.

Məryəm Quliyeva