Səudiyyə Vəliəhdi G20 sammitində iştirak etməyi planlaşdırır Dünya

Səudiyyə Vəliəhdi G20 sammitində iştirak etməyi planlaşdırır

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səud dekabr ayında ABŞ-nin Mayami şəhərində (Florida ştatı) keçiriləcək "Böyük iyirmilik" (G20) sammitində iştirak etmək üçün bu ölkəyə səfər etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Semafor" portalı məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, vəliəhd şahzadənin ABŞ-yə potensial səfəri onun 2024 və 2025-ci illərdə "iyirmilik" sammitlərində iştirak etməməsi baxımından diqqət çəkir. Bundan əlavə, portal vurğulayır ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyata başlamasından bəri vəliəhd şahzadə xarici səfərlərinin sayını kəskin şəkildə azaldıb.

Sammitdə iştirak ona ABŞ Prezidenti Donald Trampla şəxsən görüşmək və digər məsələlərlə yanaşı, Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilərlə qarşıdurmada Ər-Riyada yardım göstərilməsini müzakirə etmək imkanı verə bilər.

Qeyd edək ki, 2026-cı ildə G20-yə ABŞ sədrlik edir. Birlik xətti ilə ABŞ-də keçirilən tədbirlərin yekunu dekabrın 14–15-də Mayami yaxınlığında baş tutacaq sammit olacaq.

Məryəm Quliyeva