08:10
924
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi İsveçrənin Pxenyandakı diplomatik bürosunun nümayəndəsini "persona non qrata" (arzuolunmaz şəxs) elan edib və ondan 48 saat ərzində ölkəni tərk etməyi tələb edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
"KXDR XİN noyabrın 25-də İsveçrənin ölkəmizdəki diplomatik bürosunun nümayəndəsini "persona non qrata" elan edib və 48 saat ərzində KXDR ərazisini tərk etməyi tələb edib", – deyə agentliyin məlumatında bildirilir.
KMTA-nın dəqiqləşdirdiyinə görə, KXDR XİN-in Avropa departamentinin rəhbəri Pak Hyon Su İsveçrə diplomatik bürosunun nümayəndəsi Astyer Silvaynın çağıraraq, ona nümayəndəliyin bağlanması və respublika ərazisini tərk etməsi tələbi əks olunan nota təqdim edib.
Bu qərarın qəbul edilməsinə səbəb İsveçrənin Sondovon beynəlxalq uşaq düşərgəsini sanksiyalar siyahısına daxil etməsi olub. Pxenyan bu addımı açıq-aşkar düşmənçilik hərəkəti kimi qiymətləndirib. KXDR XİN-dən vurğulanıb ki, respublikanın suveren hüquqlarına və vətəndaşlarının maraqlarına qəsd edən hərəkətlər qəbuledilməzdir.
Bir gün əvvəl Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bəyanatla çıxış edərək İsveçrənin düşərgəyə qarşı sanksiyalarını pisləyib. O, bunu KXDR-in suverenliyinin kobud şəkildə pozulması adlandırıb və respublika XİN-ə yaxın günlərdə Pxenyandakı büronun bağlanması məsələsinə baxmağı tövsiyə edib.
Qeyd edək ki, İsveçrənin diplomatik bürosu altı ildən çox davam edən fasilədən sonra KXDR paytaxtında fəaliyyətini yenicə bərpa etmişdi. Büro İsveçrənin Pekindəki səfirliyinin tabeliyində fəaliyyət göstərir. Nümayəndəliyin rəsmi açılışı oktyabrın sonunda İsveçrənin xarici işlər naziri İnyasio Kassisin KXDR-ə səfəri zamanı baş tutmuşdu.
Məryəm Quliyeva