“Peyvənd olunmaqla bu xəstəlikləri daha yüngül keçirə bilərik” Cəmiyyət

“Peyvənd olunmaqla bu xəstəlikləri daha yüngül keçirə bilərik”

“Payız mövsümü gəldiyinə görə qrip, mövsümi xəstəliklərin sayı daha çox görünür. Həm insanlar artıq tətildən geri dönürlər, iş, məktəblər başlayır. İnsanlar qapalı məkanlardan daha çox istifadə etdiyinə və havalar da soyuduğuna görə insanlar daha tez xəstələnir, xəstəliyin ötürücülüyü də artır. Qapalı məkanlarda insanlar arasında ara məsafəsi daha da qısaldığına və respirator infekisiyalar hava-damcı yoluyla yoluxduğuna görə bir insandan digər insana keçid də çoxalır və yoluxma daha da sürətlənir”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Uzmanı Dr.Vasif Əliyev söyləyib.

V.Əliyev bildirib ki, bu baxımdan payız-qış mövsümündə xəstəlikdən qorunmaq üçün birinci növbədə qalın, mövsümə uyğun geyinməli, sağlam qidalanmalı, zərərli vərdişlərdən uzaq durmalıyıq: “Eyni zamanda da hər il oktyabr ayından etibarən, yəni mövsümi olaraq ildə 1 dəfə qripə qarşı peyvənd vurdurmaqla biz özümüzü qoruya bilərik. Bədən müqaviməti zəif olan insanlar, uşaqlar və 50 yaşın üzərində olan insanlar, eyni zamanda, xroniki xəstəlikləri olan, xroniki ağciyər, qaraciyər, böyrək, xroniki ürək xəstəlikləri olan, şəkər xəstələri, kimyaterapiya alan insanlar, hamilə qadınlar xəstəlikləri daha ağır keçirə bilər. Bu insanlar da mütləq peyvənd olunmalıdır. Peyvənd olunmaqla bu xəstəlikləri daha rahat, daha yüngül keçirə bilərik”.

Onun sözlərinə görə, əgər insan artıq xəstəlik keçiribsə, mütləqdir ki, həkim nəzarətində, ev şəraitində izlənilsin: “Çünki onun başqa bir insana xəstəlik ötürməsinin qarşısını almaq lazımdır və həmin insanlar məcbur qaldığı halda mütləq tibbi maskadan istifadə etməlidir. Bol maye tükətməli, hərarət salıcı dərmanlardan istifadə etməli, istirahət etməli və qəti şəkildə ilk günlərdə antibiotik istifadə olunmamalıdır. Ehtiyac olarsa, həkim tövsiyəsiylə antibiotik qəbul edə bilərlər. Çünki antibiotiklər hər hansı bir virusa təsir göstərmir”.

Günel Elxan