FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirdi - FOTO Cəmiyyət

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Sabunçu rayonunda yerləşən “Sentra” QSC-də obyekt mülki müdafiə, Nizami rayonunda yerləşən SOCAR-ın Abşeron magistral qaz kəmərləri sahəsində və Binəqədi rayonunda yerləşən 20 saylı Rabitə Xidmətləri Mərkəzində rəhbər heyətin mülki müdafiə, Nərimanov rayonunda yerləşən “Yeni BEMZ” ASC-də rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqləri keçirilib.

Nazirlikdən verilən xəbərə görə, məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbirlər zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.