EHİS-də kommersiya hüquqi şəxsləri üzrə birbaşa qeydiyyata alınan məlumatlar müəyyənləşib Cəmiyyət

EHİS-də kommersiya hüquqi şəxsləri üzrə birbaşa qeydiyyata alınan məlumatlar müəyyənləşib

Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə kommersiya hüquqi şəxsləri üzrə birbaşa onlayn rejimdə əldə edilərək qeydiyyata alınan məlumatlar müəyyənləşib.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kommersiya hüquqi şəxsləri üzrə aşağıdakı məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birbaşa Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə əldə edilərək qeydiyyata alınır:

- nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrlə əlaqədar məlumatlar;

- nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi ilə əlaqədar məlumatlar;

- nizamnamə kapitalındakı payın yüklü edilməsi ilə əlaqədar məlumatlar;

- təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar.

Kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları təqvim ili bitdikdən sonra növbəti ayın 31-dək təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişikliyin olub-olmaması barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hesabatı kağız və ya elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidirlər.