11:35
665
Son bir ildə qızılın qiyməti təxminən 55 faiz artıb. Bu fantastik yüksəlişin bir neçə əsas səbəbi var: qlobal iqtisadi və siyasi problemlər, ticarət müharibələri, dövlətlərin bir-birinə qarşı tətbiq etdiyi sanksiyalar, qeyri-müəyyənliyin artması və təhlükəsizliklə bağlı risklərin yüksəlməsi. Bütün bu amillər qızılın dəyərini artıran əsas faktorlar hesab olunur.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Ekspert bildirib ki, qızıl həm də “sığorta aləti” kimi qəbul edilir. Yəni problemli, riskli dövrlərdə investorların diqqət mərkəzində olan və portfellərdə təhlükəsizlik məqsədilə saxlanılan aktivdir. Eyni zamanda, faiz dərəcələrinin aşağı salınması qızılın qiymətinə müsbət təsir edir. Qızıl dividend gətirmir, lakin digər dividend verən aktivlərin gəlirliliyi azaldıqda qızılın saxlanma xərci də aşağı düşür və bu, qızıla olan marağı artırır.
“Qızılın bahalaşmasının Azərbaycan üçün üç əsas təsiri var. Birincisi, Dövlət Neft Fondunun sərvəti artır. Çünki son illər Fond qızıl ehtiyatlarına doğru qərarla böyük yatırımlar edib və alışları genişləndirib. Qızılın qiymətindəki artım bu investisiyaların uğurlu nəticələr verməsinə səbəb olur. İkincisi, ölkəmizdə qızıl xammalını ixrac edən müəssisələr fəaliyyət göstərir. Qızılın dünya bazarında bahalaşması həmin şirkətlərin göstəricilərinə müsbət təsir edir, həm ixrac həcmlərini, həm də şirkətlərin mənfəətini artırır”, - deyə X.Kərimli qeyd edib.
Ekspertin fikrincə, qızılın qiymətində gələn il də müəyyən artım ola bilər, lakin builki yüksək tempin davam edəcəyi gözlənilmir. Qızılın kəskin yüksəliş mərhələsinin artıq yekunlaşdığı düşünülür. Çünki bu aktiv əsasən qeyri-müəyyənlikdən “qidalanır”. Buna baxmayaraq, vətəndaşlar portfellərinin bir hissəsini qızılda saxlamaqla risklərini diversifikasiya edə bilərlər.