Türkiyədə "Azərbaycan kinosu günləri" keçirilib Cəmiyyət

Türkiyədə "Azərbaycan kinosu günləri" keçirilib

Türkiyənin İzmir, Bursa və Ankara şəhərlərində "Azərbaycan kinosu günləri" keçirilib.

6-8 may tarixlərini əhatə edən layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə reallaşıb.

Türkiyənin adıçəkilən şəhərlərinin məşhur universitet və mədəniyyət ocaqlarında Hüseyn Seyidzadənin “Qayınana”, Xəyyam Abdullayevin “Nargin: sona qədər sirli”, İlqar Nəcəfin “Buta”, Gəray Həsənin “Zəfər rəqsi”, Elxan Cəfərovun “Cənnət yuxusu” və Rafiq Hacıyevin “Oriondan sevgilərlə” filmləri nümayiş olunub.

Əsasən tələbə gənclərin izlədiyi ekran əsərləri böyük maraqla qarşılanıb. Təqdim olunan filmlər kinosevərlərdə Azərbaycan kinematoqrafiyası haqqında zəngin təəssürat yaradıb.

Layihə Azərbaycan kino sənətinin beynəlxalq miqyasda təbliği ilə yanaşı, iki qardaş ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

Cavid