“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı keçirilib Cəmiyyət

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı keçirilib

Hüquq və İnsan Haqları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Məhkəmə sisteminin məsul şəxsləri, millət vəkilləri, Ombudsman, Vəkillər Kollegiyasının sədri, alimlər, YAP-ın, vətəndaş cəmiyyəti və geniş ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” adlı kitabın təqdimatı keçirilib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Əməkdar hüquqşünas, uzun illər Ədliyyə Naziri və Məhkəmə-Hüquq Şurasının sədri işləmiş Fikrət Məmmədovun müəllifi olduğu nəşr Heydər Əliyevin Azərbaycan hüquq sisteminin inkişafındakı tarixi roluna həsr olunub.

Eyni zamanda kitabda Dahi Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan yüksək nailiyyətlər və parlaq qələbələr, o cümlədən ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dahi liderin irsinin öyrənilməsi və təbliği ilə bağlı mühüm fəaliyyəti əksini tapıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun idarə heyətinin sədri Məhəmməd Quluzadə nəşrdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, xalqımız və dövlətmiz qarşısında misilsiz xidmətləri, həyata keçirdiyi hüquqi sahədə, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmə sisteminin formalaşdırılması ilə bağlı islahatların geniş yer aldığını bildirib.