“Qayıdışın daha da sürətləndirilməsi istiqamətində niyyət var” Cəmiyyət

“Qayıdışın daha da sürətləndirilməsi istiqamətində niyyət var”

“Ərazilərdən çox şey asılıdır. Bəzi ərazilər ümumən demək olar ki, minalardan tərtəmizdir. Bəzi ərazilərdə isə minalardan başqa partlamamış sursatlar da var. Bir misal gətirim. 1945-ci ildə İkinci Dünya müharibəsi bitib, amma bugünə kimi Almaniyada 2-3 aydan bir partlamamış sursat tapırlar. Yəni dəmir yolundan, elektrik qatarından istifadə etdikdə 2-3 aydan bir elan görürsünüz ki, filan yerdə aviabomba tapılıb və yaxud da nəsə tapılıb müvəqqəti nəqliyyat dayandırılır. Bizdə İkinci Dünya müharibəsi intensivliyi olmayıb, amma bizdə ən azı 30 il ərzində, 44 günlük müharibədən əvvəl, yəni 1994-cü il və 2020-ci il arasında ərazilər minalarla doldurulub”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə söyləyib.

Ekspert bildirib ki, minaları bəzi ərazilərdə təmizləmək asandır, bəzi ərazilərdə isə çətin: “Bir də nəzərə almalıyıq ki, bizim sülh prosesinə getməyəmizə baxmayaraq qarşı tərəf tam səmimiyyət göstərib o minalanmış ərazilərin xəritələrini bizə təqdim etmədi. Təqdim etdilər, amma sonra məlum oldu ki, düzgün deyil, yenidən get-gəl oldu, mübahisə getdi. İndi artıq bu, müzakirə olunmur. Çünki biz indi sülh gündəmindəyik və saziş imzalamaq ərəfəsindəyik. Hesab edirəm ki, burada əsas məsələ mütləq rəqəmlərin qoyulmamasıdır. Ərazilərin minalardan təmizlənməsi: biz nəyi nəzərdə tuturuq? Orada bütün minaların təmizlənməsi? Axı, bu, mümkün deyil”.

H.Mirzə əlavə edib ki, ona görə burada hansısa kompromis lazımdır: “Kompromis təhlükəsizlik və sosial iqtisadi tələblərdən ibarət olmalıdır. Artıq biz görürük ki, o, kompromis var. Çünki bu neçə il ərzində artıq bir çox insan ora qayıdıb. Vaxt keçdikcə biz görəcəyik ki, insanlar ərazilərə qayıdır, ərazilər bərpa olunur, amma yenə də bir neçə ildən və ya aydan bir nəsə baş verə bilər. Bunların baş verməsinə baxmayaraq yenə də qayıdış prosesi dayanmamalıdır. Yəni bunu demək istəyirəm. Düşünürəm ki, dövlətin maraqları çoxşaxəlidir. Ona görə də burada kompromis həllər mümkündür. Görünür ki, artıq qayıdışın daha da sürətləndirilməsi istiqamətində niyyət var”.

Röya İsrafilova