Dövlət Agentliyi: Müzakirə olunan qanun layihəsi 1 milyon yarım uşağı əhatə edir Cəmiyyət

Dövlət Agentliyi: Müzakirə olunan qanun layihəsi 1 milyon yarım uşağı əhatə edir

"Müzakirə olunan qanun layihəsi məktəbəqədər və ümumi təhsil müəssisələrində təxminən 1 milyon 500 min uşağı əhatə edir. Məktəbəqədər təhsil üzrə isə 2–3 yaşa qədər 300 minə yaxın uşaq bu sistemin tərkibindədir".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

O bildirib ki, təklif olunan layihə ümumilikdə müsbət qiymətləndirilir: "Çünki sosial şəbəkələrə məhdudiyyət məsələsi burada əsas tənzimləmə sahəsi kimi nəzərdə tutulmur. Eyni zamanda, bu ildən etibarən məktəblər rəqəmsal təhsil platformalarına inteqrasiya olunub. Təhsil prosesinə aid qruplar və sosial platformalar bu layihənin birbaşa tərkib hissəsi deyil".

Vəfa Yaqublu bildirib ki, yeni tədris ilindən şagird davranış qaydaları ilə bağlı dəyişikliklər də təsdiqlənib.

"Artıq bu ildən məktəblərdə mobil telefonların gətirilməsi və istifadəsi qadağan olunub. Bununla bağlı nəzarət mexanizmlərinin tətbiqinə də başlanılıb", - o vurğulayıb.