“Çox istərdim ki, doğma Azərbaycanda da belə festivallar tez-tez olsun” Mədəniyyət

“Çox istərdim ki, doğma Azərbaycanda da belə festivallar tez-tez olsun”

Əməkdar artist Elman Rəfiyev Ankarada 18-ci “Ethos” Beynəlxalq Teatr Festivalında fəxri qonaq kimi iştirak edib.

E.Rəfiyev bu barədə xalqcebhesi.az-a məlumat verib: “Mən 10-25 oktyabrda Ankarada keçirilən 18-ci Ethos Beynəlxalq Teatr Festivalında fəxri qonaq kimi iştirak etdim. Açılış proqramında Almaniya, Türkiyə ilə yanaşı, mənim də səhnə çıxışım oldu. Mən festivalda müəllifi və rejssoru Əməkdar artist Qurban Məsimovun "Maneə" tamaşası ilə çıxış etdim. Tamaşçıların reaksiyasına əsaslanaraq onu deyə bilərəm ki, tamaşaçı səhnə əsərini böyük zövqlə izlədi və çox bəyəndilər. Tamaşadan sonra mənə festivalın fəxri qonağı mükafatını təqdim etdilər. Açığı bu, həm mənim üçün, həm də doğma Azərbaycan üçün böyük uğur sayıla bilər. Hər zaman demişəm ki, festival bir bayramdır, yeni tanışlıqdır. Festivalda hətta bir mükafatı təqdim etmək mənə həvalə olundu. Çox maraqlı tamaşalar izlədim. İspaniya, İran, Gürcüstan, Latviya, Türkiyənin müxtəlif şəhərlərindən gəlmiş sənətçilərlə dostluq əlaqələri qurdum. Ustad dərslərində iştirak etdim”.

Əməkdar artist festivaldan böyük enerji ilə geri dönüb: “İnanıram ki, bu əlaqələr yeni festivallar deməkdir və çox istərdim ki, doğma Azərbaycanda da belə festivallar tez-tez olsun, bizim tamaçılar da müxtəlif ölkələrin tamaşalarını seyr etsinlər, fərqli oyun tərzini, rejissor yanaşmasını görsünlər”.

“Sonda məni bu festivala dəvət edən 27 illik dostlarım - festival rəhbərləri Serhan Sarıkaya, Yeşim Eyyuboğluna dərin təşəkkürümü bildirirəm. Bütün təşkilatı işləri yüksək səviyyədə həll edən Türkiyədəki menecerim Elşad Haqverdiyevə dərin təşəkkür edirəm. Ən əsası isə mənim bu festivalda iştirakıma dəstək olan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılova, onun çox işgüzar komandasına minnətdaram. Onlar hər zaman yaradıcı insanların yanındadırlar” - deyə E.Rəfiyev əlavə edib.