İranda azərbaycanlı fəal azadlığa buraxılıb Güney Azərbaycan

İranda azərbaycanlı fəal azadlığa buraxılıb

İranda azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, Yədullah (Elman) Dəşti aprelin 20-də iki aylıq həbs həyatından sonra ailəsinin qoyduğu mülk girovu qarşılığında Mahabad (Soyuqbulaq) şəhərinin həbsxanasından sərbəst buraxılıb.
Qeyd edək ki, E.Dəşti Əli Hidayəti ilə birgə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin "Traktor" futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əlcəzirə" klubu arasında keçirilmiş qarşılaşma zamanı həbsə alınaraq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Miyandab (Qoşaçay) şəhərindəki təcridxanasına göndəriliblər. Daha sonra E.Dəşti Ə. Hidayəti və Ramin Rzayi ilə birlikdə avqustun 3-də Soyuqbulaq İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilib. Tikab (Tikantəpə) şəhərindən olan azərbaycanlı fəalları məhkəmədə vəkil Fatimə Səttari müdafiə edib. E.Dəşti hakimiyyət əleyhinə təbliğat aparmaq və müxalif qruplarla əməkdaşlıqda, Ə.Hidayəti və R.Rzayi isə hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılıb. Nəticədə E.Dəşti 5 ay azadlıqdan məhrum edilib. Qərar İranın Qərbi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin onuncu şöbəsi tərəfindən də təsdiqlənib. E.Dəşti bu il fevralın 23-də Soyuqbulaq İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilib. Ümumiyyətlə, hər üç fəal Azərbaycan dili, mədəniyyəti və musiqisinin yayılması uğrunda apardıqları dinc fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə tutulublar. Azərbaycanlı fəalların saxlanıldığı müddətdə fiziki və psixi təzyiqlərə məruz qoyulduğu bildirilir.