Babək qalasında tutulanlardan 5-i azadlığa buraxılıb Güney Azərbaycan

Babək qalasında tutulanlardan 5-i azadlığa buraxılıb

Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 30-da Babək qalası mərasimində tutulan 12 azərbaycanlı fəaldan 5-i sərbəst buraxılıb, 4-ü üçün vəsiqə təyin edilib, 2-i isə işgəncələr altında saxlanılır.
İyulun 3-də yayılan xəbərə görə, Araz Qaradağlı, Məhəmməd Mərdi, Həsən Qaradağlı, Rza Ağayi və Səccad Sedqi 24 saat saxlanılıb sorğu-suala tutulduqdan sonra heç bir vəsiqə girov qoymadan sərbəst buraxılıblar. Adını çəkdiyimiz 5 fəal və Mehdi Əkbəri (11 yaşlı uşaqdır, o 15 saat saxlandıqdan sonra ailəsinə təhvil verilib) irəli sürülən ittihamlardan bəraət qazanıblar.
Milad Əkbəri, Rəhim Zarei, Hamid Vəraci və Rəhim Novruzi Kəleybər İnqilab Məhkəməsinin göstərişi ilə Əhər zindanına köçürülüb. Onların müvəqqəti azadlığa buraxılması üçün 15 milyon tümənlik mülki vəsiqə qərarı təyin edilib. Əldə etdiyimiz son məlumata görə, Milad Əkbəri Əhər zindanından yenidən Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin təcridxanasına aparılıb.
Yuxarıda adlarını çəkdiyimiz 4 fəalın ailə üzvləri onların dosyesi ilə maraqlanıblar. Kəleybər prokuroru onların barəsində 10 günlük saxlanma qərarı verildiyini bildirib. O əlavə edib ki, bu barədə son qərar Tehrandan gələn raporta əsasın veriləcək.
Əkbər Cahangiri və Murtaza Pərvin isə hal-hazırda Təbriz ETTELAAT İdarəsinin təcridxanasında saxlanılır. Onlar ailələri ilə telefon əlaqəsi saxlayaraq ETTELAAT təcridxanasında işgəncə edildiklərini bildiriblər. Əkbər Cahangiri ailəsinə bildirib ki, mənim barəmdə bilmək istəyirsinizsə, Kəleybər prokuroruna müraciət edin.
Murtaza Pərvin qardaşı ilə telefonda danışarkən baş nahiyyəsindən ağır yaralandığını deyib, bundan sonra telefon əlaqəsi kəsilib.
Əhər zindanına aparılan Rəhim Novruzi və Hamid Vəraci ailələri ilə görüşdə bildiriblər ki, Təbriz ETTELAAT İdarəsinin təcridxansında saxlanılan dostlarının durumu müəyyən edilməyənə qədər, vəsiqə girov qoyaraq azadlığa çıxmaq niyyətində deyillər.
Babək qalası yığıncağının əsas çıxışçısı Tohid Əmir Əmini isə təhlükəsizlik qüvvələri tərəfindən təqib olunur. Məmurlar fəalı yaxalamaq üçün bazar günü onun ata evinə hücum çəkiblər, lakin fəal evdə olmadığı üçün onu yaxalamağa nail olmayıblar.
Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad günü münasibətilə hər il iyunun sonunda Babək qalasına ənənəvi yürüş keçirilir. Tarixi məkanda keçirilən kütləvi dinc yığıncaqlar davamlı olaraq İslam İnqilabı Keşikçilər Korpusu ("Sepah"), ETTELAAT və polis əməkdaşlarının kobud müdaxiləsi və zorakı hərəkətlərinə məruz qalır, yığıncaqda tutulanlar məhkəmə qarşısına çıxarılır.