Böyük Britaniyada İran əleyhinə aksiya Güney Azərbaycan

Böyük Britaniyada İran əleyhinə aksiya

Azərbaycanlıların pozulan hüquqlarının təmin olunması tələb edilib

Böyük Britaniyanın paytaxtı Londonda Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığı ilə İran əleyhinə aksiya keçirilib.
Bu barədə APA-ya GAİP-in Böyük Brtiyaniya üzrə təmsilçisi, Londonda yaşayan soydaşımız Araz Yurdsevən məlumat verib.
O bildirib ki, piket 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin 8-ci ildönümü münasibətilə düzənlənib: "Ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar yerli vaxtla saat 14:00-da əllərində bayraqlar və plakatlarla Böyük Britaniyanın Baş Nazirliyinin binasının qarşısına toplaşıblar. İki saat davam edən piketdə İran əleyhinə Azərbaycan və ingilis dillərində müxtəlif şüarlar səsləndirdik. İranda həbsdə olan azərbaycanlı fəalların və jurnalistlərin fotolarını da nümayiş etdirməklə onların azadlığa buraxılmasını, orada öz tarixi torpaqlrında yaşayan azərbaycanlıların pozulan hüquqlarının təmin olunmasını, İran hökumətinin Urmiya gölünün qurumasının qarşısını almaq üçün əməli addımlar atmasını tələb etdik". A.Yurdsevən əlavə edib ki, insidentsiz keçən piketin sonunda ingilis dilində bəyanat oxunub.
Qeyd edək ki, 2006-cı il mayında "İran" adlanan rəsmi qəzetdə azərbaycanlıların hamam böcəyinə bənzədilməsi kütləvi etirazlara səbəb olub. İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Sulduz və digər şəhərlərində keçirilən aksiyaları yatırmaq üçün müxtəlif vasitələrdən, hətta odlu silahdan istifadə etməkdən belə çəkinməyiblər. Nəticədə onlarla nümayişçi həlak olub, minlərlə insan həbs edilib.