İranda azərbaycanlı siyasi məhbus aclıq aksiyasını dayandırıb Güney Azərbaycan

İranda azərbaycanlı siyasi məhbus aclıq aksiyasını dayandırıb

İranda həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus aclıq aksiyasını dayandırıb. "Oyannews" verdiyi məlumata görə, Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) sədri Lətif Həsəni (Araz) iyulun 8-də 52 günlük etirazdən sonra Kərəcin Rəcayişəhr həbsxanasında aksiyanı sona çatdırıb. Əzəm Piri Vəlikəndi bununla bağlı həyat yoldaşının məktubunu yayıb.
L.Həsəni məktubunda İranda siyasi məhbuslara qarşı davranışları tənqid edərək bildirib ki, bu addımları təhlükəsizlik məmurlarının birbaşa və dolayısı yolla göstərişi ilə həbsxana səlahiyyətliləri həyata keçirir: "Mən təhlükəsizlik güclərinin siyasi məhbuslara qarşı davranışlarının və mövqelərinin tezliklə dəyişəcəyindən ümidsizəm. Ona görə də ailəmin və dostlarımın narahatlığının artmasını nəzərə alaraq aclıq aksiyasına son verirəm. Ancaq təhlükəsizlik güclərinin davranışlarını müşahidə edəcəyim təqdirdə növbəti dəfə belə bir addım atmaqdan çəkinməyəcəyəm".
Qeyd edək ki, azərbaycanlı siyasi məhbus mayın 18-dən Təbriz şəhərinin mərkəzi həbsxanasında onunla birgə saxlanılan, 37 gün aclıq aksiyası keçirmiş digər azərbaycanlı fəal Ayət (Yürüş) Mehrəlibəyliyə dəstək vermək, eləcə də siyasi məhbusların hüquqlarının kobud şəkildə pozulmasına etirazını bildirmək üçün aclıq aksiyasına başlayıb. Onun digər tələbi də Təbriz zindanında saxlanılan məhbusların ailələrinin yaşadığı şəhərlərin həbsxanasına köçürülməsidir. Azərbaycanlı siyasi məhbusun səhhəti bu müddət ərzində kəskin şəkildə pisləşib. Əzəm Piri Vəlikəndi həyat yoldaşının ürək xəstəsi olduğundan, səhhətində yaranmış problemlərdən əziyyət çəkdiyini və xeyli çəki itirdiyini bildirib. A.Həsəni bu il iyunun 11-də qan təzyiqi və çəkisinin azalması səbəbindən zindanın klinikasına qaldırılıb. Bu il iyunun 26-da azərbaycanlı siyasi məhbusu aclığı dayandırması üçün ona təzyiq göstərmək məqsədilə Tehranın Evin həbsxanasına köçürüblər. Bundan bir neçə gün sonra isə L.Həsənini Kərəcin Rəcayişəhr həbsxanasına köçürüblər. Onun son günlərdə səhhəti pisləşdiyindən zindanın klinkasına qaldırıldığı bildirilir.
Eyni zamanda "Amnesy International" (Beynəlxalq Əfv Təşkilatı) azərbaycanlı siyasi məhbusun durumu ilə bağlı təcili tədbir görülməsinə çağıran bəyanat yayıb. Beynəlxalq təşkilat Yeni GAMOH sədrini "vicdan məhbusu" adlandıraraq onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmısını tələb edib.
Xatırladaq ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları A.Həsənini 2013-cü il fevralın 6-da Kərəc şəhərində həbs edib. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. L.Həsəni hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.