“Azərbaycan” qəzetinin səhifələrində... 2-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində... 2-ci yazı

Anadan mehriban dayələrə, yaxud tehranlı cənablara

2-ci yazı

Azərbaycanın qəhrəman və əsrlər boyu həyati mübarizələrdə fədakarcasına canfəşanlıq edən namuslu millətinin indiki demokratik üsulla öz muxtariyyatı uğrunda mübarizəyə qalxması İranın çürümüş və köhnə irticaçı hökumətinin əsaslarını lərzəyə salıb və illər boyu Azərbaycan millətini amansız təzyiq alında saxlamaqla var-yoxunu əlindən alıb öz çirkin həyatlarını sürən cənabları qorxulu bir təşvişə salıbdır. Odur ki, Tehrandakıların gücünə arxalanan, daha doğrusu, beynəlxalq istismar dəllallarının lirələri ilə nəşr olunan qəzetələr gündə bir gülünc mövzunu, yəni bəzən dil və bəzən də milliyyət məsələsini qabağa sürməklə bərabər istəyirlər, Azərbaycan millətinin öz muxtariyyatı uğrunda etdiyi milli qiyamı başqa bir yerə yönləndirməklə ləkələyib və ona ayrı bir rəng versinlər.
Tehranlı cənablar bunu mütləq bilməlidirlər ki, azərbaycanlıların ana dilləri özləri üçün çox şirin və sevməlidir. Nə qədər farsların Sədi və ya Hafizin qəzəllərindən xoşları gəlirsə, on o qədər azərbaycanlılar da mədəniyyət aləminin parlaq günəşləri olan öz doğma və sevimli şair və ədiblərindən məsud olurlar.
Dünyanın ən qabaqcıl millətlərindən olan Azərbaycan milləti əsrlər boyu davam etmiş öz zəngin tarixi ilə fəxr edir. Nəhayət öz milli muxtariyyatı uğrunda etdiyi bu müqəddəs qiyam yalnız beş milyonluq qəhrəman bir millətin ürək qüvvəsindən asılıdır. Odur ki, bir qəhrəman kimi son damla qanı qalana qədər bu milli mübarizədə mətanət göstərib bir addım da olsa geriyə qayıtmayacaqdır.
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Azərbaycan millətinin milli muxtariyyatı!

Məhəmmədəli Muciri
"Azərbaycan" qəzeti, ADF orqanı, Təbriz, say112, 29.01.1946

***

Azərbaycan Demokrat Firqəsinin 27 yanvar 1946-cı il tarixindəki ümumi iclasında Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini cənab Badeqanın firqə təşkilatı haqqında söylədiyi nitqindən:
- “Yoldaşlar, firqə konqresindən sonra Mərkəzi Komitənin birinci ümumi iclası Böyük Xalq Konqresinin çağırılmasını və Azərbaycan xalqının taleyinin həll olunmasını qərara aldı və bu işin icrasını Mərkəzi Komitənin prezidiumuna tapşırdı. İndi Mərkəzi Komitənin ikinci ümumi iclası Milli Məclisə və dövlətə malik olduğu bir şəraitdə təşkil olunur. Ümumiyyətlə, firqəmizin bu və digər müvəffəqiyyətləri dünya tarixində bənzərsiz və habelə diqqətəlayiqdir. Şəhrivər ayında (3 sentyabr 1945-ci il tarixi nəzərdə tutulur – red.) təşkil olunmuş bir firqə dey ayında (1946-cı ilin yanvar ayının sonu nəzərdə tutulur – red.), yəni 5 ay müddətində öz təşkilati mərhələlərini keçməklə bərabər Böyük Xalq Konqresi çağırıb, Məclisi (Parlamenti – red.) seçib, dövləti təşkil edib və bir sıra böyük islahatlara başlayıb ki, ağıla sığmayandır. Bu müvəffəqiyyətlərin yalnız bir səbəbi var. O da firqəmizin düzgün proqnozudur. Firqəmiz hədəfi çox doğru təyin etdi. O, Azərbaycanda olan 40 illik azadlıq hərəkatının buraxdıqları səhvləri gözəlcəsinə duydu və ondan pərhiz etdi və əsil hədəfə tərəf getdi. Bu hədəf “azərbaycanlı üçün hər şeydən əvvəl Azərbaycan” şüarı idi.
Bu hədəf Azərbaycan millətinin öz taleyinə malik olması və öz müqəddəratını həll etməsi hədəfi idi ki, indiyə qədər Azərbaycan azadlıqsevərləri bu məsələyə çox az diqqət etmişlər. Bizim bu böyük müvəffəqiyyətimiz və gördüyümüz işlər qabağımızda duran vəzifələr və görəcəyimiz işlər müqabilində sıfır dərəcəsindədir. Çünki qarşımızda bir böyük xalq kütləsini indiki dünyaya uyğun tərbiyə etmək və illər boyu fars mürtəcelərinin xain siyasətləri nəticəsində xarabazara dönmüş Azərbaycanı abad etmək və onun sənayesi və kənd təsərrüfatını müasir hala salmaq kimi böyük vəzifələrimiz vardır. Bu vəzifələrin yerinə yetirilməsi doğru və düzgün bir firqə rəhbərliyi istəyir. Ona görə firqəmizi möhkəmləndirməli və sağlamlaşdırmalı, onun nöqsanlarını tapmalı və islah etməliyik. Yoldaşlar, bu iclas bizim Mərkəzi Komitə və Mərkəzi Təftiş Komissiyasının Təbriz şəhər komitəsi, vilayət və mahal komitələri nümayəndələrinin iştirakı ilə təşkil olunmuş bir iclasdır. Demək, bu bizim firqə konqresindən sonra ən ali orqanımızdır. Biz burda hər şeyi açıq danışmalı və bütün nöqsanlarımızı islah etməliyik.
Firqə indiyə qədər qüvvəsinin böyük hissəsini keçmiş mürtəce dövlətlə mübarizə etməyə, jandarm və bəzi mürtəce xan və maliklərin kəndlərdə yaratdıqları faciələrin qabağını almağa və kəndlilərin şikayətlərinə yetişməyə və habelə böyük siyasi mövzulara həsr edib. Ona görə də təşkilati məsələlərə lazım olan qədər diqqət edə bilməyib və milli dövlətimiz yarandıqdan sonra firqəmiz artıq təşkilati məsələlərə diqqət etməyə başlayıb. Amma təəssüflə deməliyəm ki, bəzi ətraf təşkilatlar öz üzərlərində məsuliyyət hiss etmirlər. Bəzi ətraf təşkilatların mərkəz ilə əlaqəsi zəifdir. Göstərdiyimiz bəzi ətraf təşkilatlar öz vəzifələrini ya başa düşmür, ya onu yerinə yetirməkdə səhlənkarlıq edir. Mərkəzdən verilən tapşırıqların həyata keçməsinə əhəmiyyət verilmir.
Ümumiyyətlə, təşkilatımız bu xəstəliyə tutulmuşdur. Bu yaramaz vəziyyətlə mübarizə etmək lazımdır. Xəstəliklərdən birisi də təşkilatın yersiz və qeyri-müntəzəm səciyyəsidir. Bu gün firqəmiz hökuməti ələ aldığı üçün firqəyə yarayan və yaramayan ünsürlər cürbəcür məqsədlər ilə hamısı firqəyə girməyə çalışır. Bütün firqə təşkilatları, xüsusən Təbriz şəhəri və Miyana təşkilatları bu vəziyyətlə üzləşmişlər. Təbriz təşkilatı dərhal belə bir vəziyyətin qabağını alıb və təşkilatı müntəzəm bir hala saldı. Miyanada mərkəzi təşkilat komissiyası göstəriş verdi ki, qəbul olunan üzvlərin haqqında bir komissiya vasitəsi ilə araşdırma aparılsın, onların üzvlük məsələlərinə yenidən baxılsın. Çox üzvə malik olub vüsətli, amma qeyri-müntəzəm bir təşkilat heç bir fayda verə bilməz. Təşkilatın əhəmiyyəti onun sağlam və möhkəm olmasındadır. Yoldaşlar yerlərinə qayıtdıqda bu məsələyə çox diqqət etməlidirlər. Təşkilatda pozğunluq və məsuliyyətsizliklə mübarizə etmək lazımdır. Bizim təşkilatımızda pozğunluq və məsuliyyətsizlik az-çox vardır ki, bu kimi plenum iclasları gərək onu aradan qaldırsın.
Urmiya təşkilatı zəif bir haldadır. Mən Mərkəzi Komitədən xahiş edirəm, oranın komitəsinə bir yenidən baxsın. Bu komitə gələcək təşkilatı idarə edib Məclis hökumətinə rəhbərlik etmək qüdrətinə malik ola bilməyəcəkdir. Artıq mühafizəkarlıq vaxtı keçmişdir, biz hər şeyi açıq deməliyik. Xoydan aldığım məlumata görə neçə nəfər “işbaz” firqə adı ilə xalqı qorxudur və hər biri özü üçün bir bəydir.
Mərənd təşkilatının iddiası böyükdür. O Ələmdar, Gərgər, Culfa təşkilatlarının ona tabe olmasını öz haqqı bilir, amma onların komitələrinin sayını, bəlkə başçılarını da artıq tanımır. Halbuki təşkilat quruluşuna görə hər bir yerli komitə öz bölük komitələrinə tam rəhbərlik etməlidir və bölük komitələri öz yuxarı komitələrindən şikayətləri istisna olmaqla Mərkəzi Komitə ilə heç bir müstəqim əlaqəsi olmamalıdır. Bəzi yerlərdə təşkilat prinsiplərinə riayət edilmir. Ərdəbil təşkilatı indiyə qədər öz təşkilatı barədə məlumat verməmişdir. Onların təşkilat başçıları öz təşkilatlarını mərkəzi rəhbərlikdən ayrı və ehtiyacsız bilirlər. Halbuki bu artıq yanlış və səhvdir.
Marağa komitəsinə kökündən bir təkan vermək lazımdır. İndi Mərkəzi Komitənin bir nəfər qüvvəli təbliğatçısı orada komitənin islahı üçün məşğuldur. Arazbaran təşkilatının vəziyyəti Marağadan o qədər fərqli deyildir. Zəncan təşkilatını hər yerdən artıq gücləndirmək lazımdır. Zəncanda məşhur Azərbaycan xalqının düşməni olan Zülfüqarilərin quyruqları vardır. Mümkündür, onlardan bəzisi cürbəcür vasitələr ilə təşkilata yol tapa bilsinlər. Zəncan komitəsi daha artıq sayıq olmalıdır. Mən Mərkəzi Komitədən xahiş edirəm, Zəncan təşkilatını gücləndirmək və mərkəz ilə onun əlaqəsini möhkəmləndirmək üçün bir qüvvəli nümayəndə ora göndərsin.
Firqə başçılarının hökumətə axını məsələsi firqənin işini axsadır. Bu yoldaşlardan bəzisi dövlət aparatına daxil olmaqla özlərini firqə vəzifələrindən kənar hesab edirlər. Marağada baş verən pozuntunun başlıca cəhəti də bunda olub. Firqə üzvləri bilməlidirlər, hökuməti doğan firqədir, ona o da tərbiyə verib böyüdəcək. Əgər firqə möhkəm və sağlam olmazsa, o heç bir vaxt qüdrətli bir dövlət tərbiyə edə bilməz. İstər böyük və istər kiçik hökumət aparatına daxil olmaqla firqəyə maraqsız qalan hər bir firqə üzvü ilə mübarizə etməli, onu həm firqə sırasından və həm də hökumət aparatında tutduğu vəzifədən qovmalı. Bunlar vəzifəpərəst və mənsəbtələb adamlardır. Qoy firqəmiz təmizlənsin və möhkəmlənsin...

“Azərbaycan” qəzeti, Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 112, 29 yanvar 1946-cı il

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə