Abbas Lisani 100 milyon tümənlik mülk girov qoyub Güney Azərbaycan

Abbas Lisani 100 milyon tümənlik mülk girov qoyub

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. O, martın 5-də Əhər şəhərinin həbsxanasından sərbəst buraxılıb.
Ailəsi iki həftədir həbsdə saxlanılan tanınmış azərbaycanlı fəalın azadlığa buraxılması üçün 100 milyon tümən mülk girovu qoyub.
Qeyd edək ki, A.Lisani də daxil olmaqla 80-ə yaxın azərbaycanlı fəal İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində həyata keçirilmiş kütləvi həbs zamanı tutulub. Əhər Şəhər Prokurorluğu da öz rəsmi veb səhifəsində 21 fevral - Ümumdünya Ana Dili günü münasibətilə azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evində keçirilmiş tədbir zamanı 59 nəfərin həbs olunması xəbərini təsdiqləyib. Artıq tutulanların demək olar hamısı zəmanətlə sərbəst buraxılıb. Yalnız İbrahim Rəşidini (Savalan) 1 illik həbs cəzasının qalan hissəsini çəkməsi üçün martın 2-də Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürüblər. A.Lisani bu müddət ərzində iki dəfə aclıq aksiyası keçirib. Əhər şəhərinin həbsxanasında saxlanılır. Azərbaycanlı fəal İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhər şöbəsinin təcridxanasına qeyri-qanuni köçürülməsinə və Əhər şəhərinin həbsxanasında qanunsuz saxlanılmasına etiraz olaraq belə bir addım atıb.
Dünya Ana Dili Günü ərəfəsində tutulan Səccad Əfruzan da Marağa zindanından mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Fevralın 2-də həbs edilən fəal martın 5-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Azərbaycanlı fəal sistemin əleyhinə təbliğdə günahlandırılıb.
Qeyd edək ki, adını çəkdiyimiz fəal fevralın 2-də Kərim Fəyyazi ilə birlikdə Güney Azərbaycanın Məlikan şəhərində saxlanılıb, 2 gün polis bölməsində saxlanıldıqdan sonra Marağa zindanına, sonra isə Məlikanın ETTELAAT idarəsinin təknəfərlik kamerasına göçürülmüşdür. O fevralın 25-də yenidən Marağa zindanına intiqal edilib.
Xatırladaq ki, azərbaycanlı fəal saxlanıldığı müddətdə aclıq aksiyasına da əl atmışdır.