Zəngan Əbhər mahalında su qıtlığı: İcra nümayəndəsindən təhlükə xəbərdarlığı Güney Azərbaycan

Zəngan Əbhər mahalında su qıtlığı: İcra nümayəndəsindən təhlükə xəbərdarlığı

Güney Azərbaycanın Zəngan əyalətinin Əbhər mahalında su qıtlığı yara bilər.

Bu barədə Zəngan əyalətinin Əbhər bölgəsinin icra nümayəndəsi Məhəmməd Nəcəfi xəbərdarlıq edib. O, mahalın 41 kəndində su qıtlığı yaranacağını deyib.
Məhəmməd Nəcəfi “İSNA” informasiya agentliyinə verdiyi müsahibədə bildirib ki, Əbhər bölgəsində 71 kənd mövcuddur və onlardan 35-nin su təminatı bulaqlar vasitəsilə ödənilir. Suyunu bulaqlardan təmin edən kəndlərin hamısında su qıtlığı yaşanacağı qaçılmazdır.

Nəcəfi bir sıra kəndlərin suya olan ehtiyacının su təchizatı kompleksləri vasitəsilə təmin olunduğunu deyib. Onun sözlərinə görə, bu il yağıntılar 50 faiz azaldığı üçün içməli su quyularında və qeyd olunan komplekslərinin su azalıb.

İcra nümayəndəsi keçirdikləri iclasda yay aylarında su çatışmazlığından əziyyət çəkən 41 kəndə səyyar su tankerləri vasitəsilə içməli su çatırmağı planlaşdırdıqlarını qeyd edib.
Mayın 17-də Zəngan əyalətinin Su və Kanalizasiya Şirkətinin Baş direktoru Əlirza Cüz-Qasimi qarşıdakı aylarda əyalətdə su problemin daha dərinləşəcəyini deyib.

Əlirza Cüz-Qasimi Zəngan əyalətinin mənbələrində su səviyyəsinin keçən ilin eyni dövrünə görə yarıbayarı azaldığını bildirib.

“Zəngan əhalisinin 80 faizinin yaşadığı Zəngan, Əbhər və Xürrəmdərə şəhərlərində içməli su təminatında problemlər var. Su qıtlığı ilə əlaqədar vətəndaşların suya qənaət etməlidir,”-deyə, müdir söyləyib.

Zənganda yayımlanan “Mardom-e No” qəzeti mayın 17-də əyalətdə su böhranına diqqət çəkib. Qəzet bununla bağlı xəbəri ilk səhifəsində yerləşdirib.

Bir müddət öncə Əbhər şəhərində güclü daşqınların yaratdığı fəsadlara diqqəti çəkən qəzet su qıtlığının ciddi problemə çevrildiyini vurğulayıb.

Bununla yanaşı mayın 27-də Zəngan əyalətinin Su və Kanalizasiya İdarəsinin direktor müavini Əli Məhəmməd Nadir Xani yeni yağış ilində yağıntıların ötən illə müqayisədə 40 faiz, uzun müddətli müqayisədə isə 54 faiz azalma olduğunu açıqlayıb.

Əli Məhəmməd Nadir Xani əyalətdə quraqlığın başladığını və hal-hazırda 120-dən çox kənddə içməli su qıtlığının yarandığını deyib.

"Yağıntıların azalması yeraltı su qaynaqlarının tükənməsi ilə nəticələnib"-deyən, direktor müavini qarşıdakı mərhələd su böhranının daha şiddətli şəkil alacağına dair xəbərdarlıq edib.

Gunaz.tv