Təbrizdə milli hökumət rəsmisinin anım mərasimi keçirilib Güney Azərbaycan

Təbrizdə milli hökumət rəsmisinin anım mərasimi keçirilib

Güney Azərbaycanın başkəndi Təbrizdə 1945-46-cı illərdə mövcud olmuş milli hökumətin baş prokuroru, əslən Astara şəhərindən olan Firudin İbrahiminin anım mərasimi keçirilib.
Güneyli milli-mədəni fəallar bu məqsədlə Təbrizin “İmamiyyə” qəbristanlığına toplaşıb. Mərasimdə son günlər Ərdəbil və Astara əhalisi arasında süni şəkildə yaradılmasına cəhd olunan qarşıdurmadan danışlıb. Hakim dairələrin bu fitnəkar cəhdi pislənilib, Ərdəbil və Astara şəhərlərinin birliyinə çağrışlar edilib.
Sabiq baş prokurorun məzarı başına toplaşanlar əllərində “Ərdəbil-Astara qardaşdır, Ərdəbil-Astara Azərbaycandır” yazılmış plakartlar qaldırıblar.
Milli fəallar əslən Astara şəhərindən olan Azərbaycanın tanınmış şairi Söhrab Tahirin Azərbaycanın parçalanmasına həsr olunmuş “Çöpü də ikiyə bölmərəm daha” şerini oxuyub, anti-türk qüvvələrin bölücü fəaliyyətini qınayıblar.
Anım mərasiminin sonunda milli fəallar Astaradan gətirdikləri torpağı Firudin İbrahiminin məzarı üstünə səpiblər.
Qeyd edək ki, bir neçə gün öncə Astarada bir neçə ərdəbilli və astaralı gənc arasında baş verən toqquşmadan sonra bunun məqsədli şəkildə sosial mediada yayınlanması gərginliyin böyüməsinə, başqa şəxslərin qarşıdurmaya qoşulmasına səbəb olub.
Beləki öyrədilmiş şəxslər ərdəbillilərə qarşı kobudluq edib və onları döyüb. Bu şəxslər özlərini türk kimi qələmə verərək məqsədli şəkildə Ərdəbil və Təbriz sakinlərini təhqir ediblər.
Güney Azərbaycanın milli-mədəni fəalları isə anti-türk cərəyanların və təşkilatların fitnəkar planlarını zərərsizləşdirmək üçün kampaniya başladıblar.
Kampaniyada Güney Azərbaycan türkləri qısa video müraciətlər yayıb, “Ərdəbil-Astara qardaşdır, Ərdəbil-Astara Azərbaycandır” deyiblər. Bununla Güney Azərbaycan türklərinin birliyi ifadə olunub və Astaranın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb.
Bununla yanaşı, Güney azərbaycanlı milli-mədəni fəal və keçmiş siyasi məhbus Meysəm Colani Astara hadisələrinin arxasında gizlənmiş pis niyyətlərə etiraz əlaməti olaraq iyunun 1-i səhər saatlarında barış, birlik və dostluq nümayişi olaraq Ərdəbildən Astaraya doğru yürüşə başlayıb.
Ərdəbilli fəal iyunun 2-də Astaraya çatıb və şəhər əhalisi tərəfindən hörmətlə qarşılanıb.
Qeyd olunan hadisə ilə bağlı mətbuata açıqlama verən Astara şəhərinin polis rəisi 7 nəfərin Astarada, 5 nəfərin isə Ərdəbildə saxlanıldığını bildirib.