Həkim: "Saturasiya 93 % və daha aşağı olan hallarda radioloji müayinələrdən keçmək məsləhətdir" Güney Azərbaycan

Həkim: "Saturasiya 93 % və daha aşağı olan hallarda radioloji müayinələrdən keçmək məsləhətdir"

"Asimptomatik COVID-19 xəstələrində radioloji müayinələrin skrininq test kimi tətbiqi rutin göstəriş sayılmır. Zəif simptomatika qrupunda olan COVID-19 xəstələrində xəstəliyin proqressivləşmə riski olmadığı hallarda radioloji müayinələrin aparılması göstəriş sayılmır".

APA-nın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri Məlahət Sultanova deyib.

O bildirib ki, orta və ağır qruplarda olan COVID-19 xəstələrində aparılmış testlərin nəticələrindən asılı olmayaraq radioloji müayinələrin aparılması göstərişdir: "Radioloji müayinələr COVID-19 xəstələrində respirator statusun pisləşdiyi, funksional çatışmazlıq və ya hipoksiya hallarında göstəriş sayılır. KT müayinəsində COVID-19 görüntüsünə səciyyəvi olan əlamətlərin təsadüfi aşkar edildiyi hallarda müvafiq testin aparılması göstərişdir".

Onun sözlərinə görə, özündə çoxsaylı nəticələrin analizini cəmləşdirən tövsiyələri bu gün COVID-19 xəstələri ilə işləyən bütün mütəxəssislərin bilməsi vacibdir: "COVID-19 pnevmoniyasının diaqnostikasında və menecmentində radioloji müayinələrdə izlənilən əlamətlər yüksək informativ əhəmiyyətə malikdir. COVID-19 pnevmoniyasının əsas kriterisi daha yüksək tezlikdə aşkar edilən bilateral periferik fokal və ya multifokal buzlu şüşə görüntüsü hesab edilir. İlk 2 gün ərzində KT, 4-6 gün ərzində RQ müayinəsinin nəticələri neqativ ola bilər. KT müayinəsi PCR testin mənfi olduğu bəzi hallarda COVID-19 pnevmoniyasının mövcud olmasını göstərə bilər. Rentgenoqrafiya müayinəsinin həssaslığının aşağı olmasına baxmayaraq, hər bir xəstədə aparılması məsləhətdir və dinamik müşahidələrdə istifadəsi əlverişlidir. Əsas vacib məqam ondan ibarətdir ki, xəstələr test analizi pozitiv olan hallarda panikaya düşərək KT və ya rentgen müayinəsindən keçməyə israr edirlər. Bir daha qeyd etmək istəyirəm ki, panikaya düşmədən ev şəraitində respitarot status (saturasiya göstərici) dəyərləndirilsin və bu göstəricinin 93% və daha aşağı olan hallarında radioloji müayinələrdən keçmək məsləhətdir. Nəzərə almaq lazımdır ki, xəstə döş qəfəsinin rentgen müayinəsində 0,1mZv(illik təbii şüalanma ilə müqayisədə 10 günlik), KT müayinəsində isə 6,1mZv( illik təbii şüalanma ilə müqayisədə 2 illik) şüa yükünə məruz qalır.

O qeyd edib ki, hazırda xəstələnənlərin və letal nəticələrin əksəriyyəti peyvənd olunmayan şəxslərdir: “Əhalinin düzgün maarifləndirilməsi, dəqiq və dolğun statistika burada vacib əhəmiyyət daşıyır. Məsələn, müqayisə etsək, peyvənd olmadan öncə karantin, hətta sərt karantin dönəmində idik və “Delta” variantı yox idi. İndi isə karantin yoxdur, hər yer açıqdır və “Delta” variantı var. Əslində yoluxma və ölüm sayı daha çox olmalı idi. Rəqəmlərin daha yüksək olacağı halda, təqribən eyni olması peyvəndin müsbət təsirini göstərir”.