Bədii gimnastika üzrə Bakı çempionatı gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır - Yarışların baş hakimi İdman

Bədii gimnastika üzrə Bakı çempionatı gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır - Yarışların baş hakimi

Bədii gimnastika üzrə Bakı çempionatının keçirilməsi gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır.

Bunu cümə günü Trend-ə yarışların baş hakimi, bədii gimnastika üzrə Azərbaycan milli komandasının məşqçisi, beynəlxalq kateqoriyalı hakim Nigar Əbdüsəlimova deyib.

"Bir çox iştirakçı üçün 27-ci Bakı çempionatı birinci yarışdır və bu onların təcrübə yığa bilmələri üçün böyük stimuldur", - deyə o bildirib.

N.Əbdüsəlimova əlavə edib ki, çempionat müxtəlif yaş qrupları üzrə keçirilir.

"Bədii gimnastika üzrə Bakı çempionatında balacar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında yarışlar keçirilir. Gimnastlar "Ocaq Sport", Bakı Gimnastika Məktəbi, "Zirə" mərkəzi, Su idmanı sarayı, "Zabrat" idman klubu, "Şağan" olimpiya idman kompleksi, "Hövsan" idman kompleksi, "Qratsiya" idman klubu və Respublika Kompleks İdman Məktəbini təmsil edir", - o əlavə edib.

Qeyd edək ki, Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı start götürüb. Noyabrın 11-də bədii gimnastika, noyabrın 12-də isə həm bədii gimnastika, həm də aerobika gimnastikası üzrə yarışlar keçiriləcək.

Bədii gimnastika üzrə yarışlarda balacalar (2012-2014-cü illər) fərdi çoxnövçülük, alətsiz, top və halqa ilə, yeniyetmələr (2010-2011-ci illər) fərdi çoxnövçülük, halqa, top, gürzlərlə proqramlarını nümayiş etdirəcəklər. Gənclər (2007-2009-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyasında mübarizə aparacaq gimnastlar fərdi çoxnövçülük, halqa, top, gürzlər, lentlə hərəkətlərin icrasında öz aralarında qalibi müəyyənləşdirəcəklər. Aerobika üzrə yarışlarda yeniyetmələr (2008-2010-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər isə (2005-2007-ci illər) yalnız fərdi qadınlar proqramında mübarizə aparacaqlar.