

İtaliya futbol millisinin sabiq müdafiəçisi Fabio Kannavaro Özbəkistan yığmasının baş məşqçisi təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Futbol Federasiyası məlumat yayıb.
52 yaşlı mütəxəssis komandanı 2026-cı il dünya çempionatına hazırlayacaq.
Kannavaronun son iş yeri 2025-ci ilin aprelində tərk etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) olub. O, həmçinin "Udineze", "Benevento", Çinin "Quançjou" "Tyanjin" və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klublarını çalışdırıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Özbəkistan yığması tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.