

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi qeyd edib ki, onun hesabatı bu ilin iyununda İsrailin İran ərazisinə zərbələr endirməsinə səbəb olmayıb. O, “Mənim hesabatımda İranın nüvə silahı proqramı olmadığı açıq-aydın göstərilir. Ona görə də kimsə bu hesabatı müharibə üçün bəhanə hesab edirsə, yanılır” deyib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmmədov “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüb.
Deputatın sözlərinə görə, ümumi prosesə baxanda deyə bilərik ki, münaqişə hələ bitməyib: “Yəni İran-İsrail qarşıdurmasının hələ bir müddət davam edəcəyi gözlənilir. Hələ ki bir müddət üçün müharibənin bitdiyini söyləmək olar, amma bir müddətdən sonra yenidən qarşıdurma olma ehtimalı var. Rafael Qrossinin də fikirlərində əsas məqsəd odur ki, kimsə düşünə bilər ki, İrana hücumun kökündə bu hesabatlar durur. Amma reallıq ondan ibarətdir ki, bu hesabat durmur. Əslində uzun müddətdir İran-İsrail münaqişəsi davam edir. İsrail Yaxın Şərqdə özü üçün ən birinci təhlükə olaraq İranı görür. Ona görə belə addımlar atır. Bu addımın atılmasının da əsas səbəbi odur. Yəni səbəb ondan ibarətdir ki, İsrail demək olar ki, Yaxın Şərqdə bütün dövlətləri zərərsizləşdirib, indi isə qarşıda duran yalnız İran və Türkiyədir, onları zərərsizləşdirmək istəyir. Bu gün bu addımların atılmasının əsas hədəf və məqsədi budur. Biz bir müddətdən sonra yenə qarşıdurmanın baş verdiyini və münaqişənin alovlandığını görə bilərik. Yəni bu, mümkündür və istisna olunmur. Belə bir narahatlıq var ki, ola bilsin bir müddət sonra yenidən eyni proseslər və problemlər yaşansın”.
Röya İsrafilova