ARDNF-in aktivlərinin 2030-cu ildə 78 mlrd. dollardan çox olacağı proqnozlaşdırılır İqtisadiyyat

ARDNF-in aktivlərinin 2030-cu ildə 78 mlrd. dollardan çox olacağı proqnozlaşdırılır

Neft qiymətlərinin proqnozlaşdırılan səviyyədən aşağı düşməsi neft-qaz gəlirlərinin, nəticə etibarilə icmal büdcənin fiskal balansının zəifləməsinə və Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin azalmasına səbəb ola bilər.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.

Sənəddə qeyd olunub ki, qlobal enerji bazarında qiymət dəyişkənliyi, hasilat perspektivləri və geosiyasi proseslərin fiskal göstəricilərə potensial təsirlərinin təhlili xüsusi əhəmiyyət daşıyır.

Neft bazarındakı qeyri-müəyyənlikləri nəzərə almaq üçün baza proqnozundan neft qiymətlərinin 10, 15 və 20 dollar yuxarı və aşağı kənarlaşması əsasında müxtəlif risk ssenariləri hazırlanıb. Qlobal neft-qaz bazarındakı gözləntilər nəzərə alınmaqla, 2027-2030-cu illər üçün müxtəlif neft qiyməti ssenarilərinin icmal büdcə balansına, büdcə gəlirlərinə və Dövlət Neft Fondunun aktivlərinə təsiri hesablanmışdır

Baza ssenariyə əsasən, 2030-cu ildə ARDNF-in aktivlərinin 78,3 mlrd. dollara yaxınlaşacağı gözlənilir. Ekstrim ssenarilərdə bu göstəricinin bazadan aşağı-yuxarı 8 mlrd. dollar fərqlənə biləcəyi bildirilir.

Sənəddə, həmçinin qeyd olunub ki, 2030-cu ildə bir barel neftin fiskal itkisiz qiymətinin 65 dollar təşkil edəcəyi proqnozlaşdırılır. Bu, hazırkı 85 dollarlıq göstəricidən xeyli aşağıdır.