"Vikinq"in hücumçusu "Sabah"la oyunu buraxa bilər İdman

"Vikinq"in hücumçusu "Sabah"la oyunu buraxa bilər

Norveçin "Vikinq" klubunun hücumçusu Peter Kristiansen UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda Azərbaycan təmsilçisi "Sabah"la keçiriləcək oyunu buraxa bilər.

26 yaşlı danimarkalı hücumçu çərşənbə axşamı komandanın keçirdiyi məşq prosesini yarımçıq saxlayıb. Əvvəlcə meydançanın kənarında duraraq komanda yoldaşlarının hazırlığını izləyən futbolçu daha sonra məşqi vaxtından əvvəl başa vurub.

Stavanger təmsilçisinin baş məşqçisi Byarte Lunde Aarsheym hücumçunun baldır əzələsində sərtləşmə olduğunu bildirib:

"Vəziyyət belədir ki, onun baldır əzələsində bir qədər sərtləşmə var. Oyuna qədər hazır olacağını ümid edirik. Bu, sıx qrafikdə düşən ümumi fiziki yükün nəticəsidir. Matç saatına qədər onun start heyətində yer alacağı, yoxsa ehtiyat skamyada başlayacağı qiymətləndiriləcək".

Bununla belə, mütəxəssis komandadakı digər futbolçuların zədəsiz olduğunu və "Sabah"la matça tam heyətlə hazırlaşdıqlarını vurğulayıb:

"Heyətdəki digər futbolçuların zədəsi yoxdur. Uzun müddətdir kənarda qalan oyunçular da artıq tam bərpa olunmağa çox yaxındırlar. Odur ki, komandanın ümumi vəziyyəti son dərəcə yaxşıdır".

Qeyd edək ki, “Vikinq” noyabrın 4-də Çempionlar Liqasının liqa mərhələsinin IV turunda “Sabah”ı qəbul edəcək. Norveç təmsilçisi turnirdə keçirdiyi üç oyundan cəmi bir xal toplayıb. “Sabah” isə bir qələbə və iki məğlubiyyətlə üç xala malikdir.