Şahin Diniyev: “Futbolçularımız həm Vətən, həm də əsgərlərimiz üçün vuruşmalıdırlar” - MÜSAHİBƏ İdman

Şahin Diniyev: “Futbolçularımız həm Vətən, həm də əsgərlərimiz üçün vuruşmalıdırlar” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi

- Yığmamızın qarşıda vacib oyunları olsa da, qəbul edək ki, hazırda hamının fikri Dağlıq Qarabağda gedən döyüşlərdədir. Yəqin ki, siz də söhbətə məhz cəbhə bölgəsində baş verən hadisələrə münasibət bildirməklə başlamaq istərdiniz...
- İlk növbədə Azərbaycan Ordusuna uğurlar arzulayıram. Ardıcıl gələn xoş xəbərlər bizi sevindirir. İndiki məqamda nəinki futbol, bütün məsələlər ikinci plandadır. Hamının birinci dərəcəli maraqlandığı cəbhə bölgəsində yaşananlardır. Təbii ki, orada baş verənlər daha vacibdir. Həm Prezidentimizin, həm Ordumuzun, həm də Azərbaycan xalqının birlik-bərabərlik içində olduğu günlərdir. İşğal altında olan torpaqlarımız addım-addım azad edilir. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun.

- Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Monteneqro, 13-də isə Kiprlə qarşılaşacaq. Komandamızdan həmin matçlarda nələr gözləyirsiniz?
- Millimiz həlledici oyunlara çıxacaq. Mənə elə gəlir ki, Monteneqro ilə matç həlledici məqamlardan biridir. Qrupdan çıxmaq baxımından bir növ ya davam, ya tamam mübarizəsi olacaq. Ancaq bu oyunlara mən çox da fikir vermirəm, nəticənin vacib olduğunu düşünmürəm. Buradan dünya çempionatına yüksəlməyin qat-qat çətin olduğunu bilirik. Çünki qrupdan sonrakı mərhələlər var ki, çox çətindir. İndiki vəziyyətdə buradan final mərhələsinə vəsiqə qazanmaq mümkün deyil. Mən Millətlər Liqasına yoldaşlıq oyunları, yığmanın yeni qurulan heyətinin formalaşması, stabilləşməsi kimi baxıram. Monteneqro kimi rəqibə qarşı matç da komandamızın nəyə qadir olduğunu ortaya qoyacaq. Qrupda Lüksemburq və Kiprə qarşı keçirilən ilk iki oyun tam başqa fikirlər yaratmışdı. Lüksemburqa qarşı zəif oyun və acı məğlubiyyət oldu. Kiprlə görüşdə isə bunun əksi yaşandı. Azarkeşlər məhz Kiprə qarşı mübarizənin ardını tələb edirlər. Qarşıdakı oyunlar ilk iki matçın hansının təsadüf olduğunu göstərəcək. Deyim ki, səfərdə məğlub etdiyimiz Kipr də artıq həmin komanda olmayacaq. Bərabər səviyyəli komandaların dueli olacağını düşünürəm. Yığmamızın qarşıdakı iki matçda Lüksemburq, yoxsa Kiprlə oyundakı səviyyəyə yaxın olduğu bilinəcək. Ümid edirəm ki, Kiprlə qarşılaşmanın davamı gələcək.

- Monteneqronun millimizlə bərabər gücdə olduğunu düşünürsünüz?
- FİFA-nın reytinqinə, yığılan xallara əsasən qrupun startına qədər komandalar bərabər səviyyədə idilər. Təbii ki, Monteneqro hazırda liderdirsə və maksimum nəticə toplayıbsa, favorit sayıla bilər. Ancaq bu o demək deyil ki, Azərbaycan yığması onlara qarşı oynaya bilməz. Monteneqronun Lüksemburqla matçını izləmişəm. Lüksemburqun tam üstünlüyü şəraitində keçən oyun idi. Yəni rəqibi şişirtməyək, böyük rəqib deyil. Dişimizə görə komandadır. Oyunun gedişindən, bəxtdən, qurulan taktikadan çox şey asılıdır. Motivasiya, psixologiya, həmin gün hansı komandanın, futbolçunun pik nöqtədə olması da həlledici ola bilər. Hər şey futbolçuların əlindədir.

- Kiprlə ev oyununun Albaniyaya salınmasını necə qarşıladınız?
- Beynəlxalq qanunlara uyğun belə bir qərar verildi. Ölkədə hərbi vəziyyət elan olunursa, oyun ya baş tutmamalıdır, ya da başqa bir ölkədə keçirilməlidir. Kiprlə matçın Albaniyaya salınması da sensasiyalı qərar deyil. Nə UEFA, nə də FİFA beynəlxalq qanunlara zidd addım ata bilər. Digər tərəfdən, oyunların azarkeşsiz keçirildiyini nəzərə alsaq, bu matçın harada olması önəmsizdir. “Qarabağ”ın oyununda da bunu gördük, 12-ci oyunçu dəstəyi yoxdur. Azarkeşlər olsaydı, təsir edərdi. İndiki məqamda hər iki komanda meydanda bərabər olacaq.

- “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə ev oyunu Kiprdə baş tutmuşdu və Azərbaycan klubu sanki xüsusi motivasiya ilə meydana çıxmışdı. Millinin matçının Albaniyaya salınmasını bu mənada üstünlük saymaq olar?
- Azərbaycan vətənpərvər xalqdır. Hamımızın gözü telefonda, televiziyadadır, cəbhədən veriləcək xəbərləri səbirsizliklə gözləyirik. Futbolçularımız da həm özləri, həm Vətən, həm də əsgərlərimiz üçün vuruşmalıdırlar. Bu da böyük motivasiyadır. Necə ki, “Qarabağ” “Legiya” önündə son illərin ən yaxşı oyununu göstərdi. Futbolçular sanki döyüşə çıxmışdılar. Düzdür, futbol siyasət deyil, amma futbolçular da nə iləsə Ordumuzu dəstəkləməlidir. Əsgərlərimizin arasında nə qədər futbol fanatı, ürəyi futbolla döyünənlər var. Bunun üçün də meydançanın hər qarışında vuruşmaq, gözəl oyun göstərmək lazımdır. Bu, əsgərlərimizə də əlavə motivasiya olar.

- Vaxtilə ev oyunlarını Trabzonda keçirən millimizin heyətində siz də olmusunuz. Rəqibi başqa ölkədə qəbul etmək necə hissdir?
- Məncə, bunlar fərqlidir. Həmin vaxt türkiyəli azarkeşlər oyunumuza baxmağa gəlirdilər. Demirəm ki, stadion tam dolu idi, 3-4 min azarkeş gəlirdi və hamısı birmənalı şəkildə bizi dəstəkləyirdilər. Azarkeşsiz oyun keçirmək çox çətindir. Elə yığmamızın evdə dolu və boş tribunalar önündə keçirdiyi matçları müqayisə edin. Lüksemburqla son görüşdə sanki komandanı arxadan itələyən, döyüşə səsləyən, motivasiya verən qüvvə çatışmırdı. Bunlar bir daha göstərir ki, futbolu futbol edən azarkeşlərdir.

- Oğlunuz Coşqun Diniyev hazırda millinin heyətindədir. Onlarda motivasiyanı necə görürsünüz?
- Komanda daxilində olan motivasiyanı dəqiqliklə bilmirəm. Amma hamıya məlumdur ki, indiki vəziyyətdə əlavə motivasiyaya ehtiyac yoxdur. Televiziyada göstərilənlər, radioda deyilənlər, qəzetlərdə və saytlarda yazılanlar insan motivasiyası üçün bəs edir. Elə bir məqam olur ki, heç nə deməyə ehtiyac qalmır. Sadəcə, start heyətini açıqlayırsan və komandanı meydana buraxırsan. Hansısa taktiki sxemdən, oyun üslubundan danışmağa ehtiyac olmur. Bu da həmin məqamlardan biridir. Futbolçular baş verənləri gözəl dərk edirlər və öz töhfələrini vermək istəyirlər. Bunu da yaxşı oyunla edə bilərlər. Komanda uduza da bilər. Demirik ki, cəbhə bölgəsində yaşananlara görə başlarından yuxarı tullanıb, gedib İspaniyanı udmalıdırlar. Sadəcə, birmənalı şəkildə meydançada vuruşmalıdırlar.