Boksçularımız Avropa Olimpiya təsnifat turnirində mübarizəyə qoşulacaqlar İdman

Boksçularımız Avropa Olimpiya təsnifat turnirində mübarizəyə qoşulacaqlar

İyunun 4-8-də Parisdə təşkil olunacaq turnirdə 2 qadın idmançımız qüvvəsini sınayacaq. Tokio Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaq.

Boks Federasiyasının verdiyi məlumata görə, həmçinin ölkə xaricində təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komandamız da təsnifat turnirinin baş tutacağı ölkəyə gedib.
Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də başlayıb. Lakin Böyük Britaniyanın paytaxtı Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq) 1/4 finala yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıbsa, Cavid Çələbiyevlə (63 kq) Lorenzo Sotomayor (69 kq) turnirdə çıxışını 1/8 finaldan davam etdirəcək. Onlardan fərqli, Alfonso Dominqeslə (91 kq) Məhəmməd Abdullayev (+91 kq), həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxmadan Londondan ayrılmışdılar.