İsveç Milli Olimpiya Komitəsinin sədri onun adından yayılmış məlumatı təkzib edib İdman

İsveç Milli Olimpiya Komitəsinin sədri onun adından yayılmış məlumatı təkzib edib

İsveç Milli Olimpiya Komitəsinin sədri Stefan Lindeberq "Bakı 2015" l Avropa Oyunları ilə bağlı onun və rəhbərlik etdiyi qurumun adından yerli mediada yayılmış məlumatın yanlış olduğunu bildirib

Azərbaycanın İsveçdəki səfirliyindən APA-ya daxil olan məlumatda bildirilib ki, son günlər Azərbaycanda bəzi media orqanları tərəfindən İsveç mediasına istinad edilərək, İsveç Olimpiya Komitəsinin sədri Stefan Lindberqin Bakıda keçiriləcək ilk Avropa Oyunları, o cümlədən Azərbaycanda insan hüquqları ilə bağlı mövqeyini əks etdirən məqalələr dərc olunub.
Oxşar məzmunda belə bir məqalə İsveçin "Aftonbladet" qəzetində hələ fevral ayının 17-də verilib. Bu məqalədən sonra Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov S. Lindberqlə görüş istəyib və həmin görüş mayın 12-nə təyin olunub. Lakin sonra S. Linberq Azərbaycanın bu ölkədəki səfirliyi ilə əlaqə saxlayaraq görüşün bir gün sonraya, yəni mayın 13-nə keçirilməsi xahiş edib. Bununla yanaşı, S. Lindberq Azərbaycan səfirliyinə göndərdiyi müraciətdə bildirib ki, Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı guya İsveç Milli Olimpiya Komitəsinin mövqeyini əks etdirən və mediada yayılmış məlumat yanlışdır, həqiqətə uyğun deyil. S. Linberq bu yanlış məsələyə aydınlıq gətirmək üçün səfirlə görüşməkdə maraqlı olduğunu da müraciətində qeyd edib.
APA-nın əldə etdiyi digər məlumata görə, İsveçin Azərbaycandakı səfiri də Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq, öz ölkəsinin Olimpiya Komitəsinin sədri adından mediada gedən məlumatların həqiqətə uyğun olmadığını deyib.