Bakı-2015: Məşəl Siyəzəndə İdman

Bakı-2015: Məşəl Siyəzəndə

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli şimal regionuna səfərini başa vurub. İ yunun 5-də Siyəzən sakinləri Oyunların məşəlini böyük təntənə ilə qarşılayıblar. Rayon ictimaiyyəti şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında məşəlin qəbul olunmasını böyük coşqu ilə izləyib. Məşəli cüdo üzrə gənclər arasında Azərbaycan çempionu Bəsti Səfərova qəbul etdi. Bundan sonra 11 məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca 2 min 700 metr məsafəni qət etməklə şəhərin mərkəzinə gəliblər. Mərkəzi kitabxananın qarşısında quraşdırılan səhnəyə qalxan boks üzrə Azərbaycan çempionu Ruslan Qasımov məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən siyəzənlilər bu tarixi hadisəni alqışlarla qeyd ediblər. Sonra qaydasız döyüş üzrə üçqat dünya çempionu İlqar Hüseynov Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidovaya təhvil verib. Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər. Bununla da Siyəzən birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 58-ci yaşayış məntəqəsi olub.
Sonra birinci Avropa Oyunlarının məşəli Xırdalan şəhərinə yola salınıb.