Rusiya MDB-ni də özünə qarşı çevirib Dünya

Rusiya MDB-ni də özünə qarşı çevirib

Moldova qurumdan çıxmağa hazırlaşır, Özbəkistan isə Kremlin təcavüzkar siyasətindən narazıdır

Cavid

Rusiyanın Ukraynanın ərazi bütövlüyünə hərbi təcavüzü MDB məkanında da vəziyyəti gərginləşdirib. Düzdür, quruma daxil olan bəzi respublikalar Moskvanın işğalçılıq siyasətini dəstəkləsələr də, digərləri bu işğala qarşı çıxmaqla yanaşı, qurumu tərk etmək haqqında fikirləşirlər. Çünki MDB məkanında "böyük qardaş" bir qayda olaraq özündən "kiçik"lərin torpağını işğal etməkdədir.
Artıq 2014-cü ildə MDB-yə sədrlik edən Ukrayna bundan imtina etmək qərarına gəlib. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Yevgeni Perebiynis belə açıqlama verib. Perebiynis əlavə edib ki, Ukrayna MDB-də qalıb-qalmamaq məsələsini də nəzərdən keçirəcək.
Xatırladaq ki, MDB-yə keçmiş SSRİ məkanının 11 dövləti daxildir: Rusiya, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan. Ukraynanın MDB çərçivəsində Rusiyanın Ukraynanın Krım bölgəsini işğal və ilhaq etməsi məsələsini müzakirəyə çıxarmaq cəhdləri nəticəsiz qalıb.
Moldova da MDB-dən çıxmaq niyyətini gizlətmir. Moldovanın müxalif Liberal Partiyası tərəfindən irəli sürülən və ölkənin MDB-dən çıxmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qeydə alınıb. Bu barədə danışan sənəd müəllifi, partiya sədri Mixay Qimpu bildirib: "MDB-nin bir üzvünün təşkilatın təməl prinsiplərini pozmasından və başqa bir üzv ölkənin ərazisini qəsb eləməsindən sonra Moldova bu qurumu tərk eləməlidir".
Bundan bir müddət əvvəl də rəsmi Kişinyov Avropa Birliyi ilə assosiativ saziş imzalayandan sonra Moldovanın MDB-dən çıxa biləcəyini bəyan etmişdi.
Qazaxıstan, Belorus və Ermənistan isə Krımın Rusiyaya birləşməsini dəstəkləyiblər.
Ekspert Hüseynbala Səlimovun fikrincə, bu hadisələrdən sonra MDB-də vəziyyət gərginləşib: "Azərbaycan istər-istəməz dolaşıq vəziyyətə düşüb. Bir tərəfdən ən azı hakim elitalar arasında normal münasibətlərin olduğu bildirilir. O biri tərəfdən isə bu ölkə nə Krımı Rusiyanın tərkib hissəsi kimi tanıya bilir, nə də Gömrük Birliyi və Avrasiya İttifaqı ilə bağlı münasibətini açıqlayır. Əvvəllər də yazmışdıq ki, bundan sonra MDB-də Azərbaycan üçün çətin olacaq. Özbəkistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb, özü də ikinci dəfə. Amma ümid varmı ki, Rusiya onu təzədən bu təşkilata qaytarmayacaq? Ümid varmı ki, Özbəkistan özü də bir daha ora qayıtmamaq üçün müqavimət göstərəcək? Belə ümid yoxdur. Moldovanın və Ukraynanın MDB-yə çox tənqidi münasibəti vardı. Bu illər ərzində Ukrayna hətta MDB-nin nizamnaməsini də ratifikasiya etməmişdi və MDB daxilində geosiyasi fraksiyaya başçılıq edirdi. İndi bunlar olmayacaq".
Ekspert bildirib ki, Azərbaycan ən böyük təhlükəni Qarabağdan gözləyir. Təbii ki, Qarabağ Rusiyanın əlində olan başlıca "rıçaq"dır. Amma bir məsələ var ki, Rusiya bu "rıçaq"dan onsuz da nə vaxtsa mütləq istifadə edəcək: "MDB ölkələrinin biri-birinin ardınca Krımı Rusiyanın tərkib hissəsi kimi tanımasından sonra adamın ağlına başqa bir şey də gəlmir. Kim Rusiyanı bundan çəkindirə bilər? Qərb? Rusiya ona məhəl qoymur! Azərbaycanı itirmək təhlükəsi? Rusiya Azərbaycanı onsuz da özününkü hesab etmir! Azərbaycanın əlində tək bir kasad arqument var. O da budur ki, Rusiya Minsk qrupunun həmsədridir. Qarabağda başqa bir addım atacağı təqdirdə onun vasitəçi dövlət kimi reputasiyası korlana bilər. Bəlkə də bu, yeganə arqumentdir ki, Rusiyanın ağılsız hərəkətlərinin qarşısını ala bilər".
H.Səlimov onu da deyib ki, bir çox məsələlər Qərblə Rusiya arasındakı münasibətlərdən asılı olaraq çözüləcək. Bu münasibətlər isə hələ aydınlaşmayıb. Rusiyanı yalnız kəskin və birmənalı soyuq müharibə dayandıra bilərdi. O variant isə hələ götür-qoy edilir. Bəlkə də heç güman edilən tərzdə də soyuq savaş olmayacaq. Hələlik Qərb bir məsələni dəqiq bəyan edib ki, onun Krıma görə Rusiya ilə savaşmaq fikri yoxdur: "Yeganə "rıçaq" Rusiyanı silahlanma yarışına cəlb etməkdir. Amma Rusiya buna gedəcəkmi? ABŞ-n hərbi büdcəsi Rusiyanın bütün büdcəsindən iki dəfə artıqdır. Ona görə də Rusiya bu yarışı çoxdan uduzub və təkbaşına daha ona baş qoşmaz.
Amma Rusiyanın nüvə arsenalı var. Stalinin ən böyük günahı bəlkə də Avropanın və Asiyanın yarısını işğal etmək, milyonlarla insanı düşərgələrdə tələf etmək deyildi. Onun ən böyük günahı Rusiya kimi dövlətin əlinə nüvə silahını vermək idi".
Politoloq Arzu Hağıyev vurğulayıb ki, MDB-də Rusiyanın iradəsinin əleyhinə olan mövqelər artıq ifadə olunub: "Azərbaycan Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığının tərəfdarıdır. MDB üzvü olan Özbəkistan öz növbəsində bəyanatla çıxış etdi və öz mövqeyini açıqladı, yəni BMT-nin Nizamnaməsinə və Özbəkistanın xarici siyasət konsepsiyasına əsaslanaraq Ukrayna və Rusiyanı qarşılıqlı kompromis qərar qəbul eymək üçün birbaşa danışıqlar masasına dəvət etdi. Ukraynanın özü də MDB dövlətlərinə müraciət edərək, bir dövlətin o biri dövlətin ərazisinin zəbt edilməsinə qarşı çıxmağı xahiş etmişdi. Gürcüstan MBD üzvü deyil və bir müddət əvvəl Abxaziya və Cənubi Osetiya məsələsindən sonra qurumu tərk edib. Ukraynanın MBD ilə bağlı bəyanatından sonra Belorus prezidenti "Ukraynanın MDB-dən çıxmasını ölümcül hadisə olmasa da, birliyə dəyəcək ən güclü zərbə" kimi qiymətləndiri və yaxın zamanlarda Ukrayna rəhbərləri ilə bu mövzu ilə bağlı görüşəcəyini bəyan etdi. Yəni Belorus istənilən formada Ukraynanın MDB-dən çıxmasının əleyhinədir. Çünki hər şeydən əvvəl öz geosiyai maraqlarını düşünür. Maraq doğuran məsələrdən biri də Moldova və əlbəttə ki, Dnestryanı qurumun problemidir. Kişinyov Rusiyanın hərəkətlərindən narahatdır. Ona görə ki, Dnestryanı qurumda də bu məsələlər baş qaldıra bilər və Rusiyaya birləşmək arzularını ortaya ata bilərlər. Bundan başqa Moldovanın cənubunda yaşayan qaqauzlar, bolqarlar, şimaldakı Beltsi və Yedintsidə yaşayan və əsasən rus və ukraynalılardan ibarət əhali də ayağa qalxar. Bunun qarşısını almaq üçün Moldova da MDB-dən çıxacağı barədə bəyanatlar səsləndirir. Artıq Ukrayna və Moldova silahlı qüvvələri məhz Dnestryanı bölgədə aktivləşirlər. Bütün bu hadisələr MDB daxilində gərginliyi artırır və hətta pik nöqtəsinə gətirib çıxara bilər. Təsəvvür etsək ki, Ermənistan da MDB üzvüdür və bizim ərazi bütövlüyümüzü pozan bir ölkədir, törətdiyi qanunsuzluqlar da saysız-hesabsızdır və çox nadir hallarda digər üzvlər tərəfindən təcavüzkar kimi qiymətləndirilir".
Müasir İnkişaf İctimai Birliyinin İdarə Heyətinin sədri, politoloq Mübariz Göyüşlünün fikrincə, Rusiya artıq elə bir dumula üzləşib ki, nə irəli gedə bilir, nə də geri çəkilə bilir: "Çünki açıq-aşkar başqa bir dövlətin suverenliyini və ərazi bütövlüyünü pozmaq bütün MDB ölkələrində və xalqlarında Rusiyaya olan nifrəti, qorxunu, inamsızlığı daha da artırmaqdadır. Düzdür bu Rusiyanı öz addımlarından çəkindirməyəcək, amma onun gələcək planlarının həyata keçirilməsində böyük çətinliklər yaradacaq. Mənim fikirlərim bir qədər qəribə görünə bilər, amma reallıq budur ki, Ukrayna xalqı Qərbdən, NATO-dan real hərəkət gözləməməlidir. Qərb bundan artıq heç nə etməyəcək. Uzaqbaşı çox cəsarətli olarlarsa, Ukrayna Rusiya ilə müharibə vəziyyətinə gələrsə, silah və pul yardımı edə bilərlər. O da böyük sual altındadır ki, Avropa Birliyi və NATO Rusiyanı göz önünə alıb Ukraynaya silah və pul yardımı edərmi? Problemin çözülməsi üçün Ukrayna xalqı özü addım atmalıdır. Hamı silaha sarılmalıdır. Rusiya rəhbərliyi bütün Ukrayna xalqı ilə döyüşməyi gözə ala bilməz. Ukrayna Gürcüstan deyil, indi 2008-ci il də deyil. Ukrayna böyük dövlətdir, axıra qədər duruş gətirsə Rusiya geri çəkiləcək. Hesab edirəm ki, həm də döyüşmədən geri çəkiləcək".
Son məlumata görə, Rusiya qoşunları artıq Dnesteryanı və Ukraynanın cənub-şərq hissəsində hücuma keçmək üçün hazır vəziyyətdədir. Bu barədə informasiyanı Qərb mətbuatına Mərkəzi Kəşfiyyat İdarəsinin adının çəkilməsi istənməyən yüksək vəzifəli şəxsi ötürüb.
O, Rusiya ordusunun Kiyev üçün təhlükəli olması ilə bağlı sənədlərin artıq ABŞ prezidentinin masası üzərində olduğunu bildirib: "Ruslar Dnesteryanı və Ukraynanın cənub-şərqində artıq öz qoşunlarını yerləşdiriblər. Saylarının dəqiq nə qədər olduğu bilinmir. Bilinən təkcə odur ki, Kiyev təhlükədədir. Bu, Çeçenistan və Gürcüstan müharibəsindən öncəki situasiyanı xatırladır. Əgər onlar hərəkətə keçsə, o zaman Ukraynanın bölünəcəyi dəqiq faktdır".
Qeyd edək ki, bir müddət öncə Ukrayna mətbuatı ölkənin cənub-şərq sərhədində Rusiyanın 30.000 qoşun topladığı haqqında informasiya yaymışdı.
BMT Təhlükəsizlik Şurası isə Ukraynada yaranmış vəziyyəti növbəti dəfə müzakirə etməyə hazırlaşır. Bu barədə BMT baş katibinin müavini Fərhan Hak bəyan edib.
Onun sözlərinə görə, BMT baş katibi Pan Qi Mun Təhlükəszlik Şurasının üzvləri qarşısında Kiyev və Moskvaya etdiyi səfərin yekunlarına dair hesabat verəcək.
"Hazırda Təhlükəsizlik Şurasının üzvləri görüşün formatını müzakirə edirlər. İclasın açıq və yaxud qapalı keçiriləcəyi hələ ki bəlli deyil" - deyə Hak bildirib.
Qeyd edək ki, bu, mart ayında BMT Təhlükəsizlik Şurasında Ukraynaya həsr olunacaq sayca doqquzuncu toplantı olacaq.
Rus qoşunlarının Ukraynanın şərq vilayətləri üzrə istiqamət alması sərhəd bölgəsində yaşayan əhalini narahat edib.
Məsələ ilə əlaqədar Xarkov vilayəti qubernatorunun müavini Vasiliy Xoma xüsusi müraciətlə çıxış etmək məcburiyyətində qalıb. Xoma narahatlığa əsas görmədiyini vurğulayıb:
"Rusiya ilə sərhədlərimiz son 23 il ərzində belə mütəşəkkil qorunmamışdı. Xarkov vilayəti sərhədləri üzrə lazımı tədbirlər həyata keçirilib. Hazırda milli ordunun əsgərləri hazırlıq təlimləri keçirlər. Bundan başqa, Rusiya ilə sərhəd kəndlərdə özünümüdafiə dəstələri formalaşmaqdadı. Sərhəd boyunca havadan qarşı tərəfin həmlələri nəzarətdə saxlanılır, təxribatçıların qarşısı alınır. Hətta tülkü belə möhkəm şəkildə qorunan sərhəddimizdən keçə biməz".
Quberniya rəsmisi həmçinin əlavə edib ki, Ukrayna prezidentinin xüsusi sərancamı ilə Xarkov vilayəti üzrə 2 minə yaxın şəxs mobilizasiya olunub.