İrana qarşı mövqelər yumşalır Dünya

İrana qarşı mövqelər yumşalır

Dekabrın əvvəlinə kimi Tehrana qarşı bütün sanksiyalar götürüləcək

Cavid

Tehrana qarşı beynəlxalq sanksiyalar aradan qaldırıldıqdan sonra İran dünya neft bazarındakı seqmentini geri qaytarmaq niyyəti barədə açıqlama verib. Bu ara, İranın prezidenti Həsən Ruhani bazar günü verdiyi açıqlamada ötən ay "altılıq" ölkələrilə əldə olunmuş nüvə proqramı ilə bağlı razılaşmada İranın əsas hədəflərinə nail olduğunu vurğulayıb. "Altılıq" qrupu ölkələrilə bağlanan tarixi nüvə sazişindən sonra İran iqtisadi sferada addımlarını genişləndirməyə çalışır. Ölkəyə qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra İran xüsusən neft bazarındakı yerini tutmaq niyyətindədir.
Artıq bu sahədə işlərə start verildiyini açıqlayan İranın neft naziri Bican Zəngənə sanksiyalar ləğv olunduqdan sonra ixracatın həcmini bir neçə dəfə qaldırmaq planlarını da söyləyib: "Proqnozlarımıza görə, noyabrın sonu və ya dekabrın əvvəlinə kimi bütün sanksiyalar geri götürüləcək. Görəcəyimiz ilk iş itirdiyimizi - bazardakı yerimizi, bazar seqmentini bərpa etmək olacaq. Söhbət günə 1 milyon barrelə yaxın xam neftdən gedir. Allah qoysa, bu bazar seqmentini dirçəltməliyik".
Bu arada İran prezidenti Həsən Ruhani də Vyana nüvə razılaşmasını uduşlu saziş adlandıraraq onun ölkə üçün yaxın gələcəkdəki perspektivlərdən danışıb:
"Bu danışıqların nəticəsi olaraq bizim üçün dünya qapıları açılmalıdır. O qapılar ki, bizə öz məhsullarımızı dünyaya ixrac etmək imkanı versin. Xarici investisiyanı ölkəyə cəlb edə bilək. Bu razılaşma icra olan gün bütün sanksiyalar ləğv olunacaq, yəni maliyyə, iqtisadi, sığorta, nəqliyyat sahəsində olan bütün sanksiyalar qaldırılacaq".
İran prezidenti nüvə razılaşmasının həyata keçməsi üçün mümkün olan bütün addımların atılacağını bəyan edib. Ruhani həmçinin bildirb ki, İran nüvə bombası yaratmağa çalışmır və Tehranın atom bombası hazırlaması haqqında olan söhbətlər sadəcə fantaziyadır. O ki, qaldı beynəlxalq müfəttişlərin nüvə obyektlərinə nəzarətinə, Ruhani bu barədə deyib ki, dünyada heç bir ölkə öz hərbi sirlərini açıqlamaz və başqasına da bunu etməyə icazə verməz. İran da istər hərbi, istər elmi-texniki sahədəki hansısa sirrini yaymağa imkan verməyəcək.
Onu da qeyd edək ki, ABŞ dövlət katibi Con Kerrinin Körfəz Əməkdaşlığı Şurasının xarici işlər nazirləri ilə görüşü zamanı İranın nüvə razılaşması və digər regional məsələlər haqda narahatlıqlar müzakirə olunub. Kerri İranın nüvə proqramı ilə bağlı narahatlıqları azaltmaq üçün qrupla görüş keçirib. Şuranın bəzi üzvləri razılaşmanın İranın güclənməsinə və bunun regionda stabilliyin pozulmasına gətirib çıxaracağı ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Onlar həmçinin İranın Hizbullah kimi yaraqlı qruplara sanksiyaların ləğvindən sonra əldə olunan gəlirlərdən yardım edəcəyi barədə suallar ünvanlayıblar.
Kerri ilə görüşdə Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər, Oman və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri iştirak edib. Prezident Barak Obama eyni ölkələrin xarici işlər nazirləriylə bu ilin may ayında Vaşinqtonda bir araya gəlmişdi. Bununla yanaşı Kerri və Səudiyyənin xarici işlər naziri Abdel Əl-Cubeyir, Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriyada davam edən münaqişəni müzakirə ediblər.