Müxalifət Paşinyanı dalana dirəyib Dünya

Müxalifət Paşinyanı dalana dirəyib

Baş nazir devriləcəkmi?

Ötən gün İrəvanda keçirilən aksiyada 35 etirazçı polis tərəfindən saxlanılıb. Məlumata görə, etirazçıların saxlanılması yolayrıclarından birini bağlamasından sonra başlayıb. Bəzi yürüş iştirakçıları öz həmfikirlərini qorumağa çalışsalar da, polis onlara imkan verməyib.

Həbslərdən sonra bağlanılan yol açılıb və yürüş davam edib.

Ermənistan mətbuatının məlumatına görə, Baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən etiraz aksiyalarının daha da böyüyəcəyi gözlənilir.

Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etibarən paytaxt İrəvanda və digər ərazilərdə müxalifətin etiraz aksiyaları başlayıb. Xalqı iqtidara qarşı mübarizəyə səsləyən müxalifət liderləri kütləvi aksiyaları Nikol Paşinyan rejimi ilə “son döyüş” adlandırırlar. Aprelin 26-da etiraz aksiyalarına 2020-ci il 44 günlük Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri, həyat yoldaşları və yaxın qohumları da qatılıb.

Onlar Yerevanın mərkəzində toplaşıb və müharibədə həlak olan övladlarının şəkilləri ilə Ermənistanın Baş Prokurorluğu binasına yollanıblar.

Valideynlər Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması üçün "kifayət qədər material toplayıb" prokurorluğa təqdim etdiklərini bildirirlər.

Valideynlərin ittihamı Nikol Paşinyanın ötən həftə Ermənistan parlamentində çıxışı zamanı 44 günlük müharibənin başlanmasında "günahının boynuna alması"na əsaslanır. Onlar hesab edirlər ki, Paşinyan faktiki olaraq, minlərlə insanın müharibə nəticəsində həlak olmasında günahını etiraf edib və onun bəyanatı "cinayət törətmək haqqında məlumat" kimi nəzərə alınmalıdır.

Politoloq Turan Rzayev “Xalq Cəbhəsi”nə bildirib ki, Ermənistan müxalifətinin bir neçə gündür paytaxt İrəvanda başlatdığı etiraz aksiyaları daha da şiddətlənib. Polislə etirazçılar arasında paytaxtın mərkəzi küçələrində iğtişaşların baş verdiyi, küçə qarşıdurmalarının yaşandığı deyilir.

Ötən günlərdə Parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib ki, birləşmiş müxalifət İrəvanın mərkəzindəki “Fransa meydanı”nda çadırlar quraraq, gecələməyə hazırlaşır və genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına start veriləcək.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan aksiya iştirakçılarını ziyarət edərək onlarla söhbətləşib, foto çəkdirib. Bazar günü keçirilən aksiyada ölkənin ikinci prezident olmuş Robert Köçəryan da iştirak edib: “Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində məlum çıxışı zamanı müxalifəti qəzəbləndirəcək və onlara mübaricə üçün yeni tezislər sayılan ciddi açıqlamalar vermişdi: “Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır”, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”, “Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və Qarabağ məsələsi ərazi deyil, hüquq məsələsidir” və s. Əslində Paşinyan bu sözlərlə ölkə ictimaiyyətini mövcud reallıqlarla barışmağa, əks təqdirdə hərbi əməliyyatların qaçılmaz olduğuna inandırmağa çalışırdı. Paşinyan başa düşür ki, sülh müqaviləsi tez bir zamanda imzalanmasa, nə Türkiyə ilə münasibətlər normallaşacaq, nə də Ermənistan Rusiyanın təsirindən xilas ola biləcək.

Paşinyanın Qarabağın “statusu”nu arxa plana keçirməsi, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində fəallığa başlaması isə müxalifətə yeni fürsətlər yaradıb. Hazırda radikal müxalifətin bütün qanadları baş nazir Nikol Paşinyanı devirmək üçün birləşib”.

Etirazçılar Paşinyanı devirə biləcək? Bu suala cavabında politoloq qeyd edib ki, müxalifət etiraz gücünü və qələbəyə inamı artırmaq, eləcə də etirazçıların say çoxluğuna nail olmaq üçün simvolikadan geniş istifadə edir: “Misal üçün, etirazçılar hazırda İrəvanın “Fransa meydanı”nda daha kompakt şəkildə toplaşıb. Paşinyan da vaxtilə etirazlara buradan başlamışdı. Etirazçılar bununla əslində Paşinyana “vaxtilə etdiyini təkrarlayaraq, səni səni inqilabla devirəcəyik” mesajını verir. Amma etirazlar nə qədər ciddi görünsə də, Paşinyanın devriləcəyi real görünmür: Birincisi, etirazçıların sayı Paşinyanı devirmək üçün kifayət deyil. Məsələ ondadır ki, bir neçə gün öncə etirazçıların sayı 15 min həddində idisə, hazırda bu say 5 mindən azdır. İkincisi, hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edənlərin Ermənistanın düşdüyü vəziyyətdən çıxması üçün heç bir proqramı yoxdur. Hazırda etirazçılar sadəcə olaraq Paşinyanı devirmək istəyirlər. Sonrakı planlarının nə olacağı isə nə özlərinə, nə də erməni cəmiyyətinə bəlli deyil. Üçüncüsü, erməni xalqı yaxşı başa düşür ki, Paşinyan devrilsə, Köçəryan, Sərkisyan, Vanetsyan, və ya bu kateqoriyadan olan başqa bir şəxs hakimiyyətə gələcək. Bu qüvvələr isə öz növbəsində əvvələr olduğu kimi hakimiyyəti bölüşdürməyə başlayacaqlar. Erməni xalqı daha hakimiyyətə can atan bu və ya digər qüvvələrin onların hesabına varlanmasını və ya onların siyasi məqsədləri üçün övladlarının qurban olmasını istəmir”.

Cavid