“Rusiyanın planları sırasında Gürcüstanın işğalı məsələsi yoxdur” Dünya

“Rusiyanın planları sırasında Gürcüstanın işğalı məsələsi yoxdur”

Konstantin Kalaçev: "Böyük konflikt olmayacaq"

Ərəstun Oruclu: "İran-Qərb anlaşmasından sonra Rusiya Qafqazda əsaslı şəkildə möhkəmlənmək niyyətindədir"

Fərrux Məmmədov: "Cənubi Qafqazın siyasi xəritəsində müəyyən dəyişikliklərin olması gözlənilir"

Son günlər Rusiyanın Qafqazla bağlı planlarının olduğu və yaxın zamanlarda bunu həyata keçirəcəyi fikirləri səsələndirilir. Rusiyalı politoloq Konstantin Kalaçev söyləyib ki, Rusiyanın Gürcüstandakı aktivliyi həm də Stoltenberqin avqustun sonunda NATO təlim mərkəzini açmaq üçün bu ölkəyə səfəriylə bağlı ola bilər. Onun sözlərinə görə, Rusiyanın planları sırasında Gürcüstanın işğalı məsələsi yoxdur: "Rəsmi Tiflis dünən Rusiya hərbiçilərinin Cənubi Osetiya sərhədlərində növbəti sərhəd bannerlərini quraşdırması ilə bağlı fəaliyyətini qınayıb. Bu tip sərhəd bannerlərinin quraşdırılması son günlər ərzində baş verən ilk hal deyil. Rusiya KİV-i bunun haqqında heç bir məlumat vermir. Avqustun sonunda Gürcüstanda NATO təlim mərkəzi açılacaq. Bu açılış NATO Baş katibi Stoltenberqin Gürcüstan səfəri zamanı baş tutacaq. Bu iki hadisə bir-biriylə bağlıdırmı? Əslində, mümkün variantdır. Lakin böyük konflikt olmayacaq. 2008-ci il hadisələri göstərdi ki, tərəflərin güclərini müqayisə etmək mümkün deyil. Rusiyanın planları sırasında Gürcüstanın işğalının olmaması tamamilə aydındır. Digər tərəfdən isə Gürcüstan yeni sərhəd bannerlərinin quraşdırılmasına silah yoluyla cavab vermək iqtidarında deyil. Əgər əvvəllər kimsə Moskva ilə Tiflisin münasibətlərinin korlanmasında əsas problemin Saakaşvili olduğunu düşünürdüsə, indi həmin insanlar üçün təkrar nəticə çıxarmaq vaxtıdır. Nəticə aydındır. Gürcüstan Qərbə doğru yönəldiyi müddət ərzində münasibətlərdəki problemlər bitməyəcək".
Qeyd edək ki, bir müddət öncə Gürcüstanın Karel rayonu ərazisindəki 800 metrlik ərazi qondarma Cənubi Osetiyaya daxil edilmişdi. Bundan öncə Gürcüstanın iki kəndi də Cənubi Osetiyaya verilmişdi. Nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi Cənubi Osetiya ərazisində qalmışdı. Tiflis isə bunların nəticəsi olaraq, dünən Kremlə ikinci notasını göndərib. Avropalı Demokratlar Təşkilatının lideri, gürcü analitik Paat Davitaya isə Gürcüstan mətbuatına müsahibəsində Rusiyanın Gürcüstanı işğala hazırlaşdığını söyləyib.
Politoloq Ərəstun Oruclu söyləyib ki, İran-Qərb anlaşmasından sonra Rusiya Qafqazda əsaslı şəkildə möhkəmlənmək niyyətindədir. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz vasitəsilə Qərb və İrana təzyiq etməyə çalışır: "Rusiya Gürcüstan ərazilərinə müdaxilə etməkdə iki məqsəd güdür. Bunlardan birincisi Gürcüstanın müqavimət göstərəcəyi təqdirdə məsələni hərbi münaqişə səviyyəsinə gətirib çıxarmaqdır. İkinci məqsəd isə Tiflisin müqavimət göstərməyəcəyi təqdirdə əvvəlki fəaliyyətini addım-addım davam etdirib, onun kommunikasiya vasitələrini tutmaq, bu bölgədə və onun yaxınlığında problemlər yaradaraq, qonşu dövlətləri təhdid etməkdir. Rusiyanın bu siyasəti açıq-aşkar sistemli fəaliyyətin tərkib hissəsi kimi görünür. Moskva heç də bununla kifayətlənmək fikrində deyil. Rusiyanın Gürcüstanda yeni separatçı ocaqlar yaradacağını, hətta müəyyən təxribatçıların vasitəsilə Gürcüstan azərbaycanlılarının yaşadığı ərazilərdə gərginliyi artıracağını və Azərbaycan-Gürcüstanın münasibətlərinin pozulmasına səbəb olacaq addımlar ata biləcəyini istisna etmək lazım deyil. Yəni Rusiyanın imkanları kifayət qədər çoxdur. Məncə, İran-Qərb anlaşmasından sonra Rusiya Qafqazda əsaslı möhkəmlənmək niyyətindədir. O, Azərbaycan, Gürcüstan və Ermənistanı tam nəzarət altına almaqla gələcəkdə bu bölgədən həm İranı, həm də orada çalışacaq Qərb şirkətlərini təhdid etmək üçün istifadə etməyə çalışacaq. Bu siyasət əvvəllər də geniş istifadə olunub. Rusiya öz cənub cinahını möhkəmləndirmək istəyir". Politoloq Rusiyanın İŞİD-lə mübarizə adı altında Gürcüstan və Azərbaycana müdaxilə edə biləcəyini söyləyib: "Məncə, Rusiya Gürcüstanı bunun üçün hansısa hərbi əməliyyata sövq etmək istəyir. Ona görə ki, Rusiyanın daxili ictimai mühitində həmişə militarist, şovinist əhval-ruhiyyə üstünlük təşkil edib. Rusiya belə bir savaşa çalışır. Moskva bir müddət öncə bəyan elədi ki, Şimali Qafqazda İŞİD-ə qarşı anti-terror əməliyyatlarına başlayıb. Bu da yuxarıda söylədiyimiz məqsədlərə yönəlib. Prinsip etibarilə Azərbaycan və Gürcüstanla dava açmaq mümkün olmadıqda, daxilində kimlərəsə qarşı savaş açıb, onu qonşu dövlətlərin ərazisinə keçirmək lazımdır. Bu vaxtilə Çeçenistan müharibəsində sınaqdan keçirilib. Məsələn, variantlar sırasında savaşı Gürcüstanda çeçenlərin yaşadığı Pankisi dərəsinə keçirmək və sonra terrorla mübarizə adı altında Gürcüstana qoşun yeritmək və yaxud Dağıstandan Azərbaycana keçirib, terrorla mübarizə adı altında bizim torpaqlarımıza təcavüz etmək senarisi də ola bilər. Rusiyanın planları kifayət qədər primitivdir və onu görməmək mümkün deyil".
Ə.Oruclu Rusiyanın İrəvana quru yol açmaq məqsədindən hələ də əl çəkmədiyini bildirib: "Əslində 2008-ci ilin avqustunda Rusiya İrəvanla quru yolunu açmağa cəhd elədi. Cənubi Osetiyaya qoşun yeridərkən rus qoşunlarının Gürcüstanın qərbi istiqamətində irəlləyişi müşahidə olundu. Analitiklər bunu onunla izah edirdilər ki, Rusiya Samsxe-Cavaxetiyaya yol açmaq və oradan da Ermənistana çıxış əldə etmək istəyir. İstisna deyil ki, Rusiya həmin plana bu gün də cəhd edir. Əslində, Cənubi Osetiyadan Cavaxetiyaya yol açmaq qalır ki, bundan sonra da həmin ərazidə separatçı qüvvələr aktivləşdiriləcək. Daha sonra isə Ermənistana quru yolu açılacaq. Rusiya isə bu sahədə kifayət qədər təcrübəlidir. İstənilən halda bütün ssenarilər zorakılıq, hərbi təcavüz, işğal üzərində qurulub".
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib ki, Rusiya bu gün Gürcüstanda digər xaotik proseslərin başlanması üçün Gümrüdəki bazası vasitəsilə kəşfiyyat işlərinə başlayıb. Onun sözlərinə görə, Amerika bir neçə il ərzində öz qoşunlarını Gürcüstanda yerləşdirəcək: "2014-cü ilin sentyabrında keçirilən Uels sammiti zamanı biz qeyd etmişdik ki, bu sammitdən sonra Rusiyanın Cənubi Qafqazda aqressiyası daha da genişlənəcək. Buna misal olaraq, Gürcüstanın ərazi bütövlüyünün təhdid altına düşməsi, Ermənistanın Gümrü şəhərindəki bazası vasitəsilə Azərbaycana olan basqıların artacağını göstərmişdik. Qeyd etmişdik ki, 2016-cı ildə NATO-nun Polşa sammiti öncəsi Rusiya Gürcüstanın ərazi bütövlüyünə təhdid olan siyasət yürüdəcək. Ən pisi isə bu siyasətdə əsas məqsəd Gürcüstanın NATO-ya gedən yolunun qarşısını kəsmək olacaq. NATO-ya üzv qəbul olunarkən burada həmin ölkənin ərazi bütövlüyü xüsusi olaraq qeyd edilir. Rusiya Gürcüstanın NATO-ya yaxın olduğunu bilir və 2016-cı il yaxınlaşdıqca bu aqressiyanı genişləndirir. Moskva Tiflisə qarşı bugünkü siyasətilə kifayətlənməyəcək. Rusiya bu gün Gürcüstanda digər xaotik proseslərin başlanması üçün Gümrüdəki bazasından istifadə etməklə kəşfiyyat işlərinə başlayıb. Hazırda bu ölkənin daxilində Rusiyanın, yetəri qədər olmasa da, müəyyən miqdarda gücü var. Rusiyanın özünün yetişdirdiyi şəxslər bu gün də Gürcüstan ərazisində mövcuddur. Onlar həm siyasi, həm iqtisadi, həm də ictimai sektora nüfuz etməyi bacarıblar. Moskva istəyəcək ki, 2016-cı il öncəsi buradakı siyasi prosesləri sürətləndirsin. Bir xatırlatma da vermək istərdim: 2016-cı ildə Gürcüstan NATO-ya üzv olmasa, Alyans Gürcüstanla birlikdə Batumi yaxınlığında hərbi donanma formalaşdıracaq. Bu, Gürcüstanın təhlükəsizliyi üçün atılmış addım olacaq. Əlavə olaraq isə bu ölkənin daxilində Amerika hərbi bazaları yerləşdiriləcək. Görünür, Rusiya artıq bundan xəbərdardır və bugünkü siyasətini buna uyğun formalaşdırır. Artıq proses başlayıb və ABŞ-ın geri dönəcəyi də inandırıcı görünmür. Bu bir neçə il maraqlı siyasi proseslərlə yadda qalacaq. Uels sammitindən öncə söyləmişdim ki, 2018-ci ilə qədər Cənubi Qafqazın siyasi xəritəsində müəyyən dəyişikliklərin olması gözlənilir. Görünür, bu da həmin proseslərin bir hissəsi olacaq. Bütün bunlar Rusiya aqressiyasının daha aktiv fazaya keçəcəyindən xəbər verir". Qeyd edək ki, bir müddət öncə Gürcüstanın Karel rayonu ərazisindəki 800 metrlik ərazi qondarma Cənubi Osetiyaya daxil edib. Bundan öncə Gürcüstanın iki kəndi də Cənubi Osetiyanın sərhədləri daxilinə qatılıb və nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi Cənubi Osetiya ərazisinə düşüb.

Əli