Kreml Pekinlə yaxınlaşır Dünya

Kreml Pekinlə yaxınlaşır

Putin Qərbə növbəti zərbəyə hazırlaşır

Cavid

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 2-3 sentyabr tarixlərində Çinə rəsmi səfəri planlaşdırılır. Xarici ekspertlərin qənaətincə, Rusiya Şinlə yaxınlaşmaq və birlikdə ABŞ-a əzələ nümayiş etdirmək niyyətindədir. Dünyanın iki nüvə dövlətinin birləşməsinin dünya, xüsusən də NATO üçün xoşagəlməz nəticələr verə biləcəyi də proqnozlar arasındadır. Bəs yerli ekspertlər nə düşünür?
Politoloq Qabil Hüseynli deyib ki, Rusiya Çin bir araya gəlməklə Amerikaya gözdağı verməyə çalışırlar. O, Çinlə Rusiya arasında silah ticarəti məsələsində ciddi dəyişikliklərin olacağını bildirib: "Rusiya və Çin arasında qaz sazişinin imzalanması müəyyən vaxta qədər təxirə salınıb. Moskva Pekinlə ticarət əlaqələrinin valyuta olaraq dollarla tənzimlənməsinin tərəfdarıdır. Çin isə öz milli valyutasını irəli sürür. Son üç ayda Çin iqtisadiyyatı xeyli neqativ dəyişikliklərə məruz qalıb. Buna görə də Rusiyadan 400 milyard dollarlıq qazın nəqli ilə bağlı sazişin taleyi sual altındadır. Çin tərəfi qazın qiyməti ilə bağlı Rusiyanın təklifləri ilə razılaşmır. Neftin ucuzlaşmasını səbəb gətirən Pekin öncədən razılaşdırılmasına baxmayaraq, qazın qiymətinin aşağı salınmasını tələb edir. Heç cür razılığa gələ bilməyən tərəflər arasında hazırda ciddi fikir ayrılığı yaşanır".
Politoloq iki ölkə arasında gündəmdə olan əsas məsələnin silah ticarəti olduğunu söyləyib: "Rusiya Çinə müasir aviasiya sistemlərini satmaq istəsə də, bu məsələ artıq Çin üçün öz aktuallığını itirib. Çünki ölkənin gəlirləri xeyli azalıb. Belə getsə, iki ölkə arasında silah ticarəti məsələsinin ciddi dəyişikliklərə uğrayacağı faktdır. Rusiyanın Qərbdə itirdiklərinin əvəzini Çinlə münasibətlərdə tapması elə də real görünmür. Sadəcə olaraq hər iki dövlətin birgə əməkdaşlığı və hərbi təlimləri qarşı tərəfə gözdağı vermək məqsədi daşıyır".
Politoloq Tofiq Abbasov isə bildirib ki, dünyanın ən nüfuzlu proqnoz mərkəzləri qarşıdan gələn onilliklərdə dünya iqtisadiyyatının ürəyinin məhz Şərqdə döyünəcəyini bildirirlər. O, Moskva və Pekinin əməkdaşlığın hərbi-texniki seqmentini vaxtaşırı qabartmasını təsadüf hesab etmədiyini bildirib: "Rusiya ilə Çin strateji tərəfdaşlığa məhkum ölkələrdir. Onların münasibətlərini yaxın gələckdə müəyyən edən təkcə iqtisadi maraqlar deyil. İndi gündəmdə təhlükəsizlik problemləridir. Son illər iki ölkənin silahlı qüvvələri birlikdə və genişmiqyaslı təlimlər keçirməklə digər tərəflərə birgə müqavimət potensialına malik olduqlarını və dünyanın istənilən nöqtəsində həmahəng əməliyyatlar apara biləcəklərini göstərirlər. Moskva və Pekin əməkdaşlığın hərbi-texniki seqmentini təsadüf yerə vaxtaşırı qabartmır. Digər tərəfdən iqtisadi çətinliklər də hər iki tərəfi yaxın olmağa sövq edir. Məsələyə aktuallıq gətirən odur ki, Çin özünün qərb bölgələrini inkişaf trendlərinə gətirmək istəyir, Rusiya isə öz şərqini. İki dövlət arasında bağlanmış müqavilələrdə ayrı-ayrı bölgələrin birbaşa əlaqə qurub, ticari-istehsalat kooperasiyasını inkişaf etdirmək bəndi əbəs yerə deyil".
Politoloq növbəti zirvə görüşündə Moskva-Pekin arasında ikitərəfli sazişlərin bağlanmasının gözlənilən olduğunu bildirib: "Enerji, nəqliyyat, informasiya texnologiyaları, turizm və digər intensiv inkişaf edən sahələrlə bağlı yeni prioritetlər müəyyən ediləcək. Hər iki ölkə Şanxay əməkdaşlıq təşkilatının nəbzini müəyyən edən tərəflərdir. Bu strukturdan bir çox ölkələr, o cümlədən Azərbaycan da ümidlidir. Artıq Amerika və Qərbi Avropa iqtisadi zəmində mərkəzi platforma statusunu əldən verirlər. Dünyanın ən nüfuzlu proqnoz mərkəzləri qarşıdan gələn onilliklər ərzində dünya iqtisadiyyatının ürəyinin məhz Şərqdə döyünəcəyini bildirirlər. Əsas istehsal gücləri artıq Şərqdədir və Çin bu prosesdə başlıca rollardan birini öz üzərinə götürüb. Bu baxımdan Rusiya məhz bu proseslərdən geri qalmaq istəmədiyindən Çinlə geniş formatda əlaqələrin qurulmasına can atır".