İran Azərbaycanın hesabına ayaqüstədir Dünya

İran Azərbaycanın hesabına ayaqüstədir

Əlisahib Hüseynov: "Tehran Azərbaycana yönəlik siyasətini artıq din pərdəsi altında malalamır"
Vüqar Dadaşov: "İran Azərbaycana qarşı həmişə riyakar siyasət yeridib"
Nizami Verdiyev: "İran bir gün Allahın qəzəbinə gələcək"

İranın ötən ilin dekabrında Ermənistanın Qafan şəhərinə (Zəngəzur vilayəti) konsul təyin etməsi planı bu günlərdə reallaşıb.
İbrahim Rəisi ilə Nikol Paşinyan arasında baş tutan sonuncu telefon danışığından sonra - avqustun 11-də İran Qafanda konsulluq açdı. Özü də düz Zəngilana bitişik zonada.

Bəllidir ki, Azərbaycanın Ermənistan üzərində 44 günlük qələbə qazanması Tehranı narahat edib, həm də hələ də təşvişdə saxlayır. Müharibə dövründə də İranın davranışları göz qabağında olub.
Amma Bakı, iki dövlət arasındakı münasibətlərə xələl gəlməsin deyə kifayət qədər səbr nümayiş etdirdi. Ancaq indi İran bütün əndazələri aşır və Azərbaycanın maraqlarına qarşı açıq addımlar atır. İranın bu dəfə hədəfi nədir?
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Xalq Cəbhəsi"nə açıqlamasında deyib ki, İranın Qafana konsul təyin etməsi strateji baxımdan çox ciddi səhv idi. Biz bunu molla rejiminin düşünülməmiş, avantürist addımı kimi dəyərləndiririk. İrandan bu cür nankor və məkrli davranış gözlənilən idi:

"Rəsmi Tehranın bu addımı uzun illər ərzində Qərbin Azərbaycan üzərindən həyata keçirmək istədiyi planlarına və hərbi əməliyyatlar aparmaq niyyətlərinə bizim dövlətimizin birmənalı olaraq "yox!" deməsinə, İranla hər zaman mehriban qonşuluq, dostluq və əməkdaşlıq siyasəti yürüdülməsi prinsipinə sadiq qalmasına qarşı olduqca nankor davranışdır.

Zəngəzur dəhlizinin açılmasına bütün vasitələrlə mane olmağa çalışan və bunu ən üst səviyyədə (ali dini lider səviyyəsində) özünün "qırmızı xətt"i elan edən rəsmi Tehran son vaxtlar artıq tamamilə açıq oyun müstəvisinə keçib. Cənub qonşumuz Azərbaycana yönəlik siyasətini artıq din pərdəsi altında malalamır.

Bu ölkə indi regionun gələcəyi ilə bağlı məqsədlərini açıq şəkildə dilə gətirir, bəyan edir. Bu mənada, Qafana konsul təyin edilməsi isə İranın artıq özünü tam ifşa etməsi anlamına gəlir. Amma molla rejimi bu cür təxribatçı-avantürist addımının cavabsız qalmayacağını da bilməlidir.

Bizim də arsenalımızda kifayət qədər təsirli cavab tədbirləri var. Bundan sonra İranın qeyri-səmimi və ikibaşlı davranışlarına qarşı Azərbaycan da adekvat münasibət sərgiləyəcək. Çünki İran bizə başqa yol saxlamır".

Politoloq Vüqar Dadaşov isə deyib ki, İranın Zəngəzurda, Qafan rayonunda konsulluq açması barədə yayılan məlumatı İran parlamentinin erməni əsilli deputatı Robert Beqleryan faktiki olaraq rəsmən təsdiq edib. Tehran hakimiyətinin bu addımını təbii ki, Azərbaycan cəmiyyəti birmənalı olaraq Azərbaycana qarşı qəsd kimi qiymətləndirir. Olayın bir maraqlı tərəfi ondadır ki, Azərbaycan İranın bu düşmən gedişini soyuqqanlı qarşılayaraq, heç də təəccüblənmədi. Bu isə o deməkdir ki, Azərbaycan İranı dost deyil, faktiki olaraq düşmən kimi artıq qəbul edib və onin xəyanət dolu əməllərini gözlənilən sayır:

"Qafanda İran konsulluğunun açılması xoş olmayanlar hisslərə səbəb olsa da, bəzi qapalı, şübhəli və mübahisəli məqamlar artıq aydın formasını alır hansı ki, İran Azərbaycana qarşı həmişə riyakar siyasət yeridib və düşmən əməllərini maskalayıb. Ancaq, Qafanda konsulluq məsələsindən sonra İran konkret olaraq tərəfliyini açıq göstərməyə məcbur qaldı. Bu eyni zamanda Azərbaycanla manevr imkanlarını kəskin məhdudlaşdırmış oldu.

Ümumiyyətlə isə Azərbaycanın bütün üzləşdiyi milli və dövlət problemlərində İran Rusiya ilə bərabər Ermənistandan daha çox dəyişməz (stabil) günahkar və səbəbkardır. Əvvəllər qeyd etdiyim kimi, İranla Azərbaycan arasında onun ərazisindən Zəngəzur dəhlizinə alternativ yolun, komunikasiya xətlərinin çəkilişinin razılaşdırılması sözsüz ki, İranın öz maraqlarının tərkib elementidir və məqsədi Zəngəzur dəhlizinə Azərbaycanın marağını öldürmək və onu əhəmiyyətsiz etməkdir. İran Zəngəzur dəhlizinə alternativ öz ərazisindən yol və kommunikasiya xətlərinin çəkilməsi ilə bir neçə hədəfi vurmuş olur".
Birincisi, Ermənistan ərazisindən Zəngəzur dəhlizinə ehtiyacı azaltmaqla onun açılmasını əngəlləyir, Laçın dəhlizi ilə Zəngəzur dəhlizini eyniləşdirməyə imkan vermir, yəni yeni Laçın dəhlizində də separatçıların sərbəst hərəkətini saxlamağa nail olur, ən başlıcası isə Naxçıvanla Azərbaycan arasındakı əlaqəni nəzarətə götürməklə Azərbaycana təsir imkanı qazanır. Bu səbəblərdən də şəxsimdə bu razılaşmanı hiyləgər hesab edirəm və İranın əsas məqsədi Zəngəzur dəhlizinin açılışına imkan verməməkdir və sözsüz ki, Qafanda İran konsulluğun da açılmasının hədəfi məhz budur.

İran Azərbaycan və Ermənistana qarşı siyasətinə konkretləşmə gətirmək məcburiyyətindən sonra Azərbaycanın siyasətində dönüşlü proseslər mütləqdir. İsraillə bağlı bəzi gözləntilərimizin reallaşacağı tam mümkündür.

V. Dadaşov deyib ki, Azərbaycan torpaqlarının işğalı və işğal müddətində, xüsusəndə möhtəşəm qələbəmizlə yekunlaşan 44 günlük müharibə və post müharibə dövründəki İranın Azərbaycana qarşı, düşmən və xəyanətkar siyasəti onun Azərbaycanda "din qardaşlığı" adı altında fəaliyyıt göstərən dayaq nöqtələrini məhv etdi və İranın Azərbaycana təsir imkanları tam yararsız və əhəmiyyətsiz hala düşdü. Londonda Azərbaycan səfirliyinə hücum və Qafanda İran konsulluğunun açılması bir-biri ilə əlaqəlidir. Təbii ki, Londondakı hadisələrdən sonra İran Azərbaycana təsir imkanlarının qalıqlarını da itirmiş oldu:
"İranın Qafanda konsulluq açılışına elə Cənab prezident İlham Əliyev Zəngəzur da daxil olmaqla Azərbaycan xəritəsi əks olunmuş suveniri nümayiş etdirməklə bəyan etmiş oldu ki, biz mütləq Zəngəzura qayıdacayıq, buna kimin orada konsulluq açmasından asılı olmayaraq.

Bundan sonra İran və Azərbaycan münasibətləri açıq müstəvidə cəriyan edəcək baxmayaraq ki, İran riyakar və çoxüzlü siyasətindən də ara-sıra istifadə edəcək. Ancaq artıq İran Azərbaycana qarşı tərəf kimi özünü təsdiq etdi. Onsuz da İran həmişə Azərbaycana qarşı mövqedə olub, indi onun açıq şəkildə kimin tərəfində olduğunu göstərməyi əksinə Azərbaycanın əlini, qolunu açdı".
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev in fikrincə, İran Cənubi Qafqazda Azərbaycanla bağlı siyasətində korrektələr etməlidir. İranın Qafana konsul təyin etməsi çox ciddi səhvdir. Rəsmi Tehran bununla Azərbaycanı hədələyir. Hesab edirəm ki, Azərbaycanla hədə dilində danışmaq indi mümkün deyil. Buna cəhd edən və istəkdə olan qüvvə məğlub olacaq.
O, qeyd edib ki, İran mürtəce siyasəti ilə dünyanı özünə düşmən edib:

“Bu gün İranın Ermənistandan başqa dostu və müttəfiqi yoxdur. Hər iki ölkə eyni məqsədə xidmət edir. Demokratiya, insan haqları, insan amili bunlar üçün arxa plandadır. Bu gün İranda 40 milyona yaxın türkün hüquqları pozulur, azadlıqları əllərindən alınıb. Erməınistanda isə bir türk belə yaşamır. Ölkənin qapıları türklərin üzünə bağlıdır. İran dünyada terror təşkilatlarını dəstəkləyən, maliyyələşdirən bir ölkədir, Ermənistan da terror siyasətini həyata keçirən ölkədir. Özünü islam ölkəsi adlandıran İran Ermənistan tərəfindən minlərlə azərbaycanlının qətliamına göz yumdu. Məscidlərimiz dağıdıldı, təhqir edildi, viranə qoyuldu, İran susdu. Səbəblər aydındır – İran heç vaxt İslam dövləti olmayıb, İslam bayrağı altında oyunlar oynayır. Gah Suriyada, gah İraqda, gah Fələstində görünür, gizlin işlər aparır. Bu ölkə heç vaxt sülhpərvər bir missiyada olmayıb. İşğalçıya dəstək verən, ona dayaq duran, onu müsəlmanların qətliamına ruhlandıran İran bir gün Allahın qəzəbinə gələcək”.

Nizami Verdiyev onu da vurğulayıb ki, İranın bölgədə və eyni zamanda Yaxın və Orta Şərqdə heç bir nüfuz və gücü yoxdur:

“Özü-özünə təskinlik verən bir ölkədir. İran Azərbaycanın hesabına ayaqüstədir. Soydaşlarımız ayağa qalxarlarsa İran bir həftəyə çökə bilər. İran başqa ölkələri hədələməkdənsə, işğalçıya dəstək verməkdənsə vaxtını daxili problemlərinin həllinə sərf etsin”.

Cavid