Kreml “odla oynayır” Dünya

Kreml “odla oynayır”

Putinin separatizmi dəstəkləyən imperialist siyasəti Rusiyanın özünə qarşı çevrilə bilər

Cavid

Ukraynanın Xarici İşlər Hazirliyi Rusiyanın baş naziri Dmitri Medvedyevin Krıma səfəri ilə bağlı rəsmi Moskvaya etirazını bildirib. Notada bildirilir ki, xarici ölkə rəsmisinin Ukrayna hökuməti ilə razılaşmadan Krıma səfər etməsi beynəlxalq hüquqa və diplomatik qaydaların kobud pozulmasıdır.
Qeyd edək ki, Medvedyev Krıma dünən səfər edib.
Xatırladaq ki, Ukraynada millətçi dairələr Yanukoviç hakimiyyətini devirəndən sonra Rusiya Krıma hərbi təcavüz edib. Martın 16-da keçirilən referendumdan sonra Krım Rusiyaya birləşdirilib.
Rusiya isə Krımla bağlı mövqeyini nəinki dəyişir, əksinə daha da aqressivləşir. Qərb ekspertlərinin proqnozlarına görə rəsmi Moskva bütünlüklə Ukraynanın ələ keçirmək fikrindədir.
Açıq-aydın görünür ki, Rusiya "ənənəvi dəyərlərə" cəhdində özünə dəstəkçilər qazanmağa da çılışır. Rusiya Birləşmiş Millətlər Təşkilatında "ənənəvi dəyərlərin" qeyri-rəsmi blokunu yaradır. Bu məsələdə Rusiyanı yalnız bəzi post-sovet qonşuları deyil, həmçinin Çin, Ekvador, Malayziya və digər ölkələr də dəstəkləyirlər. Məhz bu missiya Putin ümid edir ki, bu müharibə Rusiyanı yenidən böyük dövlətə çevirəcək.
Moskva üçün hələlik prioritet Ukraynadır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Parisdə amerikalı həmkarı Con Kerri ilə görüşündən sonra mətbuat konfransında çıxışı zamanı bildirib ki, Ukrayna unitar dövlət kimi fəaliyyət göstərə bilməz. Dövlət federativ idarəetmə formasına keçməlidir.
Onu da bildirək ki, Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi birləşmələrin Krıma müdaxiləsindən sonra Ukrayna-Rusiya münasibətləri gərgin olaraq qalmaqdadır. Ukraynanın ərazi bütövlüyünü pozaraq faktiki olaraq Krımı zəbt edən Rusiya bu gün də Kremlə ünvanlanan nəhəng beynəlxalq təzyiqə rəğmən hərbi əməliyyatları davam etdirmək perspektivini qoruyub saxlamaqdadır. Lakin bununla yanaşı rəsmi Moskva gələcəkdə daha ciddi beynəlxalq basqı ilə qarşılaşmamaq üçün siyasi müstəvidə də aktivliyini artırmağa, baş verənlərə beynəlxalq hüquqi don geydirməyə çalışır. Rusiya ordusunun nəzarəti altında olan Krımda qondarma hökumətin təyin edilməsi, parlamentin Ukraynadan ayrılmaq və Rusiyaya birləşmək haqqında qanun layihəsini qəbul etməsi və s. Kremlin öz hərbi addımlarını diplomatik gedişlərlə əvəzlədiyini göstərir.
Yeni Ukrayna hökumətini çətin vəziyyətə salmaq, ona öz şərtlərini diktə etdirmək üçün təxribatçı addımlarını davam etdirən Rusiya bu ölkədəki rusdilli kontingentin imkanlarından da faydalanmaq niyyətindədir. Artıq rusdilli əhalinin yaşadığı digər vilayətlərdə də muxtariyyət və müstəqillik tələblərinin gündəmə gəlməsi rəsmi Moskvanın sadəcə bir deyil, bir neçə istiqamətdə hücuma keçdiyini göstərir. Yenicə formalaşan, kifayət qədər möhkəmlənməyən yeni Ukrayna hökumətini çətinə salmaq, onların proseslər üzərindəki nəzarətini aradan qaldırmaq üçün seperatçı meyilləri alovlandıran Rusiya, faktiki olaraq bu ölkəni daxili savaşa sürükləməkdədir.
Politoloqlar isə Ukrayna-Rusiya gərginliyinin hələ uzun müddət davam edəcəyi qənaətindədir. Onların fikrincə, Rusiya Krımı Ukraynadan qopartmaqla kifayətlənməyəcək və rəsmi Kiyevi cavab addımları atmaq məcburiyyəti qarşısında qoyacaq.
Konfiliktoloq Elxan Mehdiyev hesab edir ki, Rusiya hökuməti öz təcavüzkar niyyətini siyasi müstəvidə davam etdirmək və buna paralel olaraq dünya ictimaiyyətini aldatmaq niyyətindədir. Ekspertin sözlərinə görə, hərbi müstəvidə öz hərəkətliliyini məcburən azaldan Rusiya siyasi-diplomatik müstəvidə aktivliyini artırır və bununla da baş verənlərə hüquqi don geyindirməyə çalışır: "Rusiya öz silahlı qüvvələrini Krıma yeritmək, Ukraya hökumətinə məxsus hərbi-dövlət obyektlərini mühasirəyə almaqla əslində özünü dünya qarşısında çətin vəziyyətdə qoyub. Məhz bunun nəticəsidir ki, Rusiyanın prezidenti dünyanın gözü qarşısında yalan danışmağa məcbur olub. Rusiyanın hazırkı durumunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi daha yaxşı və daha dəqiq ifadə edib. O bildirib ki, Rusiya rəhbərliyi aşağıya yuxarı, ağa isə qara deyir. Hazırda Rusiya hərbi addımlarını davam etdirmək deyil, geri çəkilmək fikrindədir. Rusiya baş verənlərdən sonra ciddi təzyiqlərə məruz qaldı və bu səbəbdən də birbaşa hərbi təzyiq üsulundan istifadə etməkdə tərəddüd edir. Lakin bu heç də o demək deyil ki, Rusiya Ukrayna ilə bağlı planlarından imtina edib. Xeyr! Rusiya bundan sonra öz məqsədinə dolayı üsullarla nail olmağa çalışacaq və artıq bunun bəzi əlamətləri özünü büruzə verir".
Ekspertin qənaətincə, Rusiya yaranmış vəziyyətdən istifadə edib Krımın ilhaqını gerçəkləşdirmək niyyətindədir. E.Mehdiyevin fikrincə, Ukraynanın unitar dövlət modelini dəyişmək, onu federativ respublikaya çevirmək hazırda Rusiyanın başlıca maraqlarından biridir: "Rusiya hazırda Krımdakı dövlət idarələrini ələ keçirib və özünümüdafiə dəstələri adı altında vəziyyəti nəzarətdə saxlayır. Çox güman ki, Rusiya yaxın gələcəkdə bütün bu amillərdən istifadə edib Ukraynanın şərq hissəsində yaşayan rusdilli əhalinin vasitəsilə regionlarda dövlət idarələrini ələ keçirməyə, bu dövlətin konstitusiyasını dəyişərək onu unitar dövlətdən federativ dövlətə çevirməyə çalışacaq. Bu, Rusiyanın başlıca siyasətidir".
Politoloq Vəfa Quluzadə isə Rusiyadan öz müttəfiqlərinin də üz çevirdiyini bildirib: "Qərblə Rusiya arasında iqtisadi müharibə gedəcək. Bu iqtisadi müharibənin birinci göstəricisi Kerrinin Səudiyyə Ərəbistanına səfəri idi. Obama onun ardınca getdi. Amerika ilə İranın əlaqələri yumşaldı. Çin rəhbərinin Avropaya olduqca triumfal səfəri var. Gələcəkdə də Çinlə Avropa arasında müqavilələrin imzalanması nəzərdə tutulur. Yəni Çin artıq Rusiyaya yox, Avropaya partnyor olur. Çin üçün hər cür şərait yaradırlar və Pekindəkilər bundan çox razıdırlar. Həmçinin İranı da Qərb qane edir. Çünki Qərb İrana qarşı yumşalır. Qərb İranın pullarını artıq azad buraxır. İrana imkan yaradır ki, neftini bazara çıxartmaqla onun qiymətini aşağı salsın. Bu da Rusiya üçün böyük zərbədir".
VİP sədri Əli Əliyev isə bildirib ki, Ukraynada baş verənlər təxminən Moldova və Gürcüstan olaylarına bənzəyir. Bu dövlətlərdə baş verənlər demək olar, eyni ssenaridir. Belə ki, baş verənlər Rusiyanın öz imperiyapərəst, aqressiv siyasətindən əl çəkmədiyini bir daha təsdiqləyir: "Rusiyanın başqa bir ölkənin ərazisini istila etməsi beynəlxalq hüquqa zidd hərəkətdir. Beynəlxalq normalar bu cür halları qadağan edir. Rusiya belə addım atmaqla bütün dünya ictimaiyyətini narazı salır. Hər kəs onu qəbul olunmuş qaydaları pozduğuna görə qınayır. Lakin şimal qonşumuz ittihamlara məhəl qoymaq fikrində deyil və Ukrayna ilə bağlı olan planlarını həyata keçirməyə davam edir. Bu gün Qərb mövqelərini gücləndirməkdədir. Mənə elə gəlir ki, Rusiya bu proseslərdə məğlub olacaq. Bu cür hərəkətlərlə yeni imperiya layihəsinin həyata keçirilməsi mümkün olmayacaq".
Hər halda Ukraynada baş verənlərin mahiyyəti ondan ibarətdir ki, onun Qərbə inteqrasiyasının qarşısı alınsın. Yəni yeni SSRİ layihəsini həyata keçirmək istəyən Putin Ukraynada bu vəziyyəti yaratmaqla gələcəkdə digər SSRİ respublikalarını da proseslərə qoşmaq niyyətindədir. Dünya bunu anlayır. Hər kəs Rusiyanın məqsədlərindən məlumatlıdır.
Ancaq ekspertlər Rusiyanın bu qarşıdurmada çox böyük itkilərə məruz qalacağını düşünürlər. Rusiya iqtisadçılarının məlumatlarına görə, bu müddət ərzində artıq Rusiya iqtisadiyyatına 100 milyard dollara yaxın ziyan dəyib. Rəsmi məlumata görə, yalnız bir gün, martın 3-də rublun məzənnəsini saxlamaq üçün Rusiya Mərkəzi Bankı bazara 10-10,3 milyard dollar intervensiya edib. Bu durum Rusiya valyuta ehtiyatlarının tükənməsinə gətirib çıxaracaq. Belə getsə, Rusiyanın böyük və orta biznesi də etimadını itirmiş hala düşəcək. Beynəlxalq iqtisadiyyata inteqrasiya etmiş Rusiya şirkətləri aktivlərinin xeyli hissəsini itirə bilərlər. Bununla da, Rusiya tədricən iqtisadi baxımdan da təklənəcək. Bu prosesin Rusiya üçün uğurlu sonu yoxdur.
Mütəxəssislər hesab edirlər ki, Rusiya cəmiyyəti baş verənlərin ağırlığını, iqtisadi böhranın çətinliyini bir qədər sonra hiss edəcək. Avropa Birliyi də onlara qarşı artıq ikinci mərhələnin məhdudiyyətlərini tətbiq etməyə başlayır. Bu barədə Almaniyanın xarici işlər naziri bəyanat verib və mövqelərini açıq-aşkar elan edib. Rusiya iqtisadi çevrələrinin maraqlarının məhdudlaşdırılması Avropa bazarında dərhal müşahidə olunacaq.
Əli Əliyev deyir ki, artıq Rusiya ilə bağlı çox ciddi mərhələ başlayır: "ABŞ artıq buna start verib. Kanada da bu proseslərə qoşulub. Faktiki olaraq, Rusiya dünyada təklənib. Onun aqressiv siyasətinin dəstəklənməməsini yüksək qiymətləndirirəm. Lakin məncə, dünya ölkələri Rusiyanın ərazisinə daxil olmaq niyyətində deyil. Rusiya siyasi rəhbərliyi də bunu anlayır ki, onların ərazisində belə proseslərin başlaması mümkün deyil. Qonşumuzun ən məntiqdən kənar mövqeyi odur ki, xalqların öz müqəddəratını həll etmək hüququndan istəyinə uyğun faydalanmaq istəyir. Sual olunur ki, nəyə görə müstəqilliyini elan etmiş Çeçenistan Putinin rəhbərliyi altında yenidən işğal edildi, çeçen xalqının öz müqəddəratını təyin etmək hüququ qəbul edilmədi? Putin son illər Rusiyanın ən sərt mövqe nümayiş etdirən rəhbəri olub. Bu gün də çox sərt davranır. Kremlin bu siyasəti bumeranq effekti verəcək və düşünürəm ki, yaxın gələcəkdə Rusiyanın daxildən parçalanması prosesi başlaya bilər".