İsrail Livanla su sərhədlərinin demarkasiyası barədə təklifə razılaşıb Dünya

İsrail Livanla su sərhədlərinin demarkasiyası barədə təklifə razılaşıb

İsrail Livanla su sərhədlərinin müəyyən edilməsi üçün təklifləri məqbul sayır və indiyə kimi mübahisəli sayılan ərazilərdə Livanın da qaz çıxarmasına etiraz etmir.

APA TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Yar Lapid Nazirlər Kabinetinin həftəlik iclası zamanı deyib.

“İsrail Livanla su sərhədlərinin demarkasiyası üçün təklif alıb və hal-hazırda onu nəzərdən keçirir. Təklif olunmuş sənəd İsrail dövlətinin maraqlarına bütünlüklə cavab verir” – deyə Baş nazir əlavə edib.

Lapid bu təklifin ABŞ-dan olan vasitəçilərdən gəldiyini deyib: “İki ölkə arasında su sərhədinin razılaşdırılması üçün İsrail və Livan keçən həftəsonu ABŞ-dan olan vasitəçilər tərəfindən təklif aldı. Son detalları müzakirə edirik və bu səbəbdən razılaşmanın baş tutduğunu demək olmaz. Bununla yanaşı, bu təklif əvvəl də tələb etdiyimiz kimi İsrailin iqtisadi maraqları ilə yanaşı, həmçinin təhlükəsizlik və diplomatiya maraqlarını da müdafiə edir”.

Lapid o cümlədən vurğulayıb ki, İsrail bu razılaşmanın əldə olunmasına on ildən yuxarıdır ki, çalışır.

Baş nazirin sözlərinə görə, Kariş qaz yatağı istismara veriləndən sonra həm İsrailin enerji təhlükəsizliyi təmin olunacaq, həm də əldə olunacaq vəsait dövlət büdcəsinə axacaq və bu razılaşma ölkənin iqtisadiyyatını və təhlükəsizliyini gücləndirir.

Həmçinin İsrail dövlətinin Livanın da mübahisəli ərazilərdən qaz çıxarmasına etiraz etmədiyini deyərək əlavə edib ki, belə olan halda Livanın İrandan asılılığı azalacaq, “Hizbullah”ın fəaliyyətini məhdudlaşdıracaq və bölgədəki sabitliyi möhkəmləndirəcək.