“Türkə belə yanaşma İran böyüklərinin, dövlət qulluqçularının mövqeyidir” Dünya

“Türkə belə yanaşma İran böyüklərinin, dövlət qulluqçularının mövqeyidir”

Sabir Rüstəmxanlı: "Bunu jurnalistin ayağına yazıb, kimisə cəzalandırmaqla aradan çıxa, məsuliyyətdən yayına bilməzlər"

Fərəc Quliyev: "Türklər İranda dəfələrlə təhqir olunub"

Firudin Cəlilov: "Son günlər Güneydə baş verən hadisələr, əslində, gözlənilən idi"

Elxan Şahinoğlu: "Əgər Tehran qonşuları olan İraq və Suriya bataqlığına yuvarlanmaq istəmirsə, azərbaycanlıların problemlərinin həllini sürətləndirməlidir"

Noyabrın 9-da İranın Təbriz, Ərdəbil, Urmiya, Zəncan və başqa şəhərlərində, eləcə də paytaxt Tehranda Azərbaycan türklərinin izdihamlı etiraz aksiyaları keçirilib. Aksiyalara səbəb İranın İRİB TV-2 kanalında yayımlanmış verilişdə türklərin təhqir edilməsidir. Uşaqlar üçün nəzərdə tutulmuş "Fitilə oteli" komediya proqramında belə bir səhnəcik hazırlanıb: Azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Uşaq və atasının dialoqu Azərbaycan dilində verilib. Proqram noyabrın 6-da yayımlanıb. Telekanalın bu verilişini özlərinə qarşı həqarət bilən Güney Azərbaycan türkləri hiddətlənib və etiraz aksiyalarına qərar verilib. Nümayişlər Urmiyadan başlayıb və buradakı universitetin yüzlərlə tələbəsi meydana çıxıb. Nümayişlər daha sonra o biri şəhərlərdə başlayıb. Urmiya şəhərindən olan deputat Cavad Cahangirzadə də aksiyada iştirak edib. İranın Dövlət Televiziya və Radio Şirkəti bəyanat verərək "Fitilə oteli" verilişində səslənən sözlərə görə azərbaycanlılardan üzr istəyib. Təşkilatın verdiyi bəyanatında deyilir ki, faktiki olaraq bu verilişin yayımı "səhlənkarlıq" səbəbindən "lazımlı işlər görülənə və son nəticəyə gələnə kimi" bağlanıb və kanalın işçilərindən biri vəzifəsindən uzaqlaşdırılıb. Ərdəbildə məhbəsdə olan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani isə türklərin İran televiziyasında təhqir olunmasına etiraz olaraq aclıq aksiyasına başlayıb. O, öz ailəsi və dostları ilə telefon danışığında bildirib ki, "biz, müxtəlif dövlət qurumlarının ardıkəsilməyən təhqirlərini formal üzr istəməklə unudan bir millət deyilik. Bu məsələ hüquq çərçivəsində öz həllini tapmalıdır. Millətləri və mədəniyyətləri təhqir edən şəxslər qanuni və hüquqi şəkildə cəzalandırılmalıdır".
Məsələyə münasibət bildirən Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı bildirib ki, türkə belə yanaşma İran böyüklərinin, dövlət qulluqçularının mövqeyidir. Onun fikrincə, bunu jurnalistin ayağına yazıb, kimisə cəzalandırmaqla aradan çıxa, məsuliyyətdən yayına bilməzlər: "Yanlış bir dəfə, iki dəfə olar. Amma İranda türklər min ildir təhqir olunurlar. Riyakar və nankor Firdovsinin antitürk "Şahnamə"sindən başlayaraq bu günə qədər. Güney Azərbaycanı torpaqları üstündən hər gün Qarabağı işğal edən, dünyada türk düşmənçiliyini yayan Ermənistana yardım gedir".
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirib ki, İrandakı rejim orada yaşayan Azərbaycan türklərinin minimal hüquqlarını belə pozmaqdan çəkinmir. Onun sözlərinə görə, bununla bağlı xeyli sayda faktlar var: "Ana dilində mədrəsələrin, məktəblərin açılmasından tutmuş Azərbaycan türkcəsində dərc olunan media orqanlarına edilən təzyiqlərə qədər hər bir fakt ortadadır. Eyni zamanda, həbsdə olan jurnalistlər, hüquq müdafiəçiləri ilə bağlı xeyli məsələlər var ki, bunlar hər kəsə bəllidir. 2006-cı ildə də Azərbaycan türklərinin heysiyyatına toxunan karikaturadan sonra Təbrizdə, Ərdəbildə, Urmiyada çox ciddi narazalıqlar baş qaldırmışdı və Azərbaycan türkləri etiraz aksiyaları keçirirdilər. Eyni ilə indi biz bunun şahidi olmaqdayıq. Hər halda problem rejimin özündə axtarıb tapmaq lazımdır. Yəni Azərbaycan türklərinə münasibətin normal olmaması və onlara hər zaman olduğu kimi aşağılayıcı baxışın mövcud olması problemin kökündən həllini tələb edir. Əgər İran hakimiyyəti belə problemlərin baş qaldırmasını istəmirsə, onda müəyyən addımlar atmalıdır. İranda İslam cümhuriyyətidir və ümmətçilik prinsipindən çıxış edirsə, dini mənsubiyyətə əsaslanaraq Azərbaycan türklərinə də eyni münasibət sərgiləməlidir. Nəinki, ayrı-ayrı vaxtlarda hansısa karikatura və ya səviyyəsiz tele səhnəciklərlə millətin heysiyyatı ilə oynamamalıdır. Təbii ki, belə olan halda Azərbaycan türkləri haqlı olaraq öz etiraz səsini ucaldacaq. Hesab edirəm ki, İranda Azərbaycan türklərinə münasibəti dəyişməyin vaxtı gəlib çatıb".
Deputat Fərəc Quliyev Azərbaycan türklərinin İranda dəfələrlə təhqir olunduğunu vurğulayıb: "Azərbaycan var olsun, istəməyən kor olsun", "Azərbaycan milləti çəkməz bu zilləti", "Haray, Haray, biz türkük" kimi şüarlarla vətən olaraq Azərbaycan, millət olaraq türk olduqlarını bir daha göstərirlər. Bu onların özlərini təsdiq istəkləridir. Bu şüarlar həm də qlobal milli şüarlardır. Bu aksiyalar orada Azərbycan türklərinin bir daha aktivləşməsinə təkan verir. Çünki bu kimi təhqirlər türklərə qarşıdır. Orada milli şüur oyanışı olmasaydı, hadisələrə belə təpki verilməzdi". F.Quliyev hesab edir ki, həm Urmiya gölü məsələsi, həm İranda yaşayan azərbaycanlılara qarşı sayğısızlıq milli şüurun oyanmasına xidmət edir: "Millət başa düşür ki, azadlıq əldə etmədən, müstəqil dövlət qurmadan, belə hallar hələ uzun illər davam edəcək. Bu aksiyaların nəticəsi təkcə İran Dövlət Televiziyasının rəhbərliyinin istefası ilə nəticələnməməlidir. Eyni zamanda, milli ayrı-seçkilik məsələsi, xüsusən azərbaycanlıların təhqir olunması problemi kökündən həll olunmalıdır".
Professor Firudin Cəlilov deyib ki, son günlər Güneydə baş verən hadisələr, əslində, gözlənilən idi: "2006-cı ildə də belə bir hadisə baş vermiş, soydaşlarımızın təhqir olunmasına görə millət küçələrə axışmışdı. İndi yenə də televiziyada soydaşlarımızı təhqir ediblər. Təbii ki, bu da milli heysiyyəti olan hər bir həmyerlimizin qüruruna toxunub. Amma azərbaycanlıların aşağılanması bu hadisəylə yekunlaşmır. Bu, son 90 ildə davam edən bir prosesdir və nəticədə tez-tez belə partlayışlar olur. Güneydə milli oyanış, milli azadlıq ovqatı 1988-89-cu illərdəki hadisələri və ümumilikdə o dönəmi xatırladır. Bu gün Güneydə milli azadlıq ovqatı çox yüksəkdir. Bunun qarşısında da əzrayıl kimi bir rejim dayanıb. Bu da şovinist bir rejimdir ki, İranda yaşayan xalqlara ancaq nökər, qulluqçu kimi baxır, onları aşağılayır, onların kimliyini inkar edir. Orda təkcə Azərbaycan türkləri yaşamır, başqa xalqlar da yaşayır. Hamısına bu gözlə baxır, ancaq Azərbaycan türklərinə xüsusilə qəddar münasibət göstərirlər. Bu, son 60-70 ildə dəfələrlə özünü göstərib. Bu gün də artıq o həddə çatıb ki, dövlət televiziyasında xalq belə aşağılanır. İranda özəl telekanal yoxdur, hamısı hökumətə xidmət edir. Bunu təxribat adlandırmaq olmaz. Bu, İranın dövlət siyasətidir. Çünki bu kimi hal müxtəlif formalarda davam etməkdədir. Bir gün televiziyada, bir gün qəzet və jurnallarda... Məncə, 2006-cı ildəki etirazlar heç də uğursuzluqla nəticələnmədi. O etirazlar rejimə bir şapalaq vura bildi. Dedi ki, hələ mən ölməmişəm. Orda döyülənlər, həbs edilənlər oldu. Bu olmalıdır. Azadlıq havasını udmaq üçün mütləq qurban verməlisən, başqa cür mümkün deyil. İndiki hərəkat da nizamlı axarla getməyəcək, çünki orda formalaşmış, oturuşmuş siyasi təşkilat yoxdur. Fikrimcə, bu aksiya bir neçə gün davam etdikdən sonra səngiyəcək. Artıq yaralananlar var, tutulanlar da olacaq. Aksiya təkcə bir məhəllədə, bir şəhərdə baş tutmur. Güney Azərbaycanın bir neçə şəhərində artıq xalq ayağa qalxıb. Xüsusilə gənclər küçələrdən yığışmır, etirazlarını bildirirlər. Qarşıdurmalar da var". F.Cəlilov əlavə edib ki, bu işlə ciddi, sistemli, uzun illərlə məşğul olmaq lazımdır: "Fars şovinistləri həm ideologiya, həm də gizli xidmət baxımından 5-ci kolonu çoxdan hazırlayıblar. Onlar bizim gənclərimizi dini məktəblər adıyla aparıb hazırlayırlar, onların beynini zəhərləyib bizim üstümüzə göndərirlər. Ümumiyyətlə, İran hökuməti Quzey Azərbaycana qarşı təxribat törətmək üçün böyük bir ordu hazırlayıb. Bizim həm ideoloji-siyasi baxımdan bu hücumların qarşısında dayanmaq üçün ən yüksək səviyyədə – dövlət səviyyəsində tədbir görməliyik".
Politoloq Elxan Şahinoğlu isə öz fasebook profilində yazıb ki, İran hakimiyyəti türklərin tələblərini nəzərə almalıdır, əks təqdirdə daha ciddi fəsadlar ola bilər. O bildirib ki, əgər Tehran qonşuları olan İraq və Suriya bataqlığına yuvarlanmaq istəmirsə, azərbaycanlıların problemlərinin həllini sürətləndirməlidir: "Təbriz, Ərdəbil və digər şəhərlərdə İran dövlət televiziyasında azərbaycanlıların alçaldılmasına qarşı etiraz yürüşləri bir müddət sonra səngiyəcək. Necə ki, 2006-cı ildə azərbaycanlıları aşağılayan karikaturaya qarşı etiraz dalğası az sonra səngimişdi. Ancaq bu etirazlar yaddaşlarda həkk olunur və gələcəkdə daha böyük qığılcıma və xalq hərəkatına şərait yaradacaq. Dünya qloballaşıb, xəbərləşmənin qarşısını almaq mümkün deyil, təcrid siyasəti işə yaramır. O biri tərəfdən də nüvə məsələsinə görə, İrana qarşı Qərbin sanksiyalarının ortadan qaldırılması bu ölkədə dəyişiklik tələb edənlərin sayını çoxaldacaq".

Əli