Ərdoğan Putin və Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır Dünya

Ərdoğan Putin və Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparmağı planlaşdırır. Trend xəbər verir ki, bu barədə Türkiyə lideri İstanbulda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Bazar günü mən Rusiya Prezidenti Vladimir Putinlə taxıl böhranının həlli ilə bağlı danışmağı planlaşdırıram. Eyni məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə də müzakirə edəcəyik”, - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna prezidentləri ilə söhbətlər zamanı o, xüsusilə yoxsul ölkələrə taxıl tədarükü məsələlərini müzakirə etmək niyyətindədir:

“Biz taxılın taxıl dəhlizi ilə yoxsul ölkələrə getməsini istəyirik. Taxıl dəhlizi məsələsində böhranı ölkəmizin təşəbbüsləri sayəsində aradan qaldırmaq olar”.

Xatırladaq ki, "taxıl dəhlizi" bu ilin avqustunda Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndələri arasında əldə olunan razılıq əsasında avqustun əvvəlində fəaliyyətə başlayıb.

Bu günədək dəhliz vasitəsilə Ukrayna limanlarından 10 milyon tondan çox taxıl daşınıb.