İrəvan xaosda Dünya

İrəvan xaosda

Cavid

"Ermənistan tarixinin ən gərgin dövrünə qədəm qoyur". Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, köhnə klanın yenidən hakimiyyətə gəlməsi xalq tərəfindən bu dəfə çox çətin həzm edəcək: "Ermənistanda siyasi sistem dəyişikliyi Sərkisyanın gələcəyinə hesablanmış bir addımdır. Artıq iki dəfə prezident seçilmiş Sərkisyan baş nazirlik postuna göz dikib. Baş nazirin səlahiyyətləri kifayət qədər geniş olacaq. Prezident isə bütöv simvolik funksiyaları yerinə yetirəcək. Yəni dövləti təmsil edəcək, ola bilsin ali baş komandan olacaq və s. Ancaq ümumilikdə ölkənin idarəsi baş nazirin əlində olacaq. Bu, Ermənistan xalqı tərəfindən çətin həzm ediləcək. Çox güman ki, ara qarışacaq. Yəni əhali indidən özünü təhqir edilmiş hesab edir və seçkilərin saxtalaşdırıldığı iddia edilir. Köhnə klanın yenidən hakimiyyətə gəlməsi qarşıdurma və mitinqlərə səbəb olacaq, Sərkisyanın devrilməsi yenidən gündəmə gələcək. Ermənistan tarixinin ən gərgin dövrünə qədəm qoyur. Bir neçə partiyanı təmsil edən deputatların səsverməsi ilə əsas səlahiyyətləri əlində toplayan birinin baş nazir seçilməsi isə xalqın iradəsini çox güclü sarsıdacaq. Gürcüstandan fərqli olaraq Ermənistanda vəziyyət daha şiddətli olacaq. Budəfəki daxil ziddiyyətlər İrəvanı xaosdan xilas edə bilməyəcək".
Demokratik ənənələrin və siyasi şüur səviyyəsinin aşağı olduğu Ermənistanda parlament üsul-idarəsinin gərginlikdən başqa heç nə verməyəcəyini deyən politoloq bunun Qarabağ məsələsinə müəyyən təsirlərindən də danışıb:"Ermənistanda pərakəndə mərkəzi hakimiyyət birbaşa orduya, hərbiyə də sirayət edəcək. Orduda müəyyən qruplaşmalar əmələ gələcək. Bir sözlə, baş verən konstitusiya dəyişiklikləri Ermənistanın xeyrinə deyil, zərərinə işləyəcək. Bu prosesin Qarabağ məsələsinə də müsbət təsirləri olacaq. Müəyyən mənada dəyişikliklərin olacağı istisna edilmir".
Qeyd edək ki, dekabrın 6-da keçirilən referendumda parlament üsul-idarəçiliyinə "hə" cavabı verilib. Prezident isə parlament və yerli özünüidarəetmə orqanlarının seçilmiş nümayəndələri tərəfindən 7 illiyə seçilir. Eyni şəxs ikinci dəfə prezidentliyə namizəd ola bilməz. Parlamentin 5 il müddətinə seçilməsi nəzərdə tutulur. Proporsional sistem əsasında keçiriləcək seçkilərdə ən çox səs toplamış partiya və ya blok ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək hüququna malik olacaq.
Lakin bu seçkilər heç də birmənalı qarşılanmır. Referendum təkcə əhali arasında deyil, partiyalar arasında da fikir ayrılığı yaradıb. Hakim partiya, müxalif "Daşnaksütyun" və "Çiçəklənən Ermənsitan" Konstitusiya layihəsini dəstəklədiyi halda, "İrs", Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqresi", ölkənin keçmiş prezidenti Robert Koçaryan onun əleyhinədirlər.
Eyni zamanda dekabrın 1-dən Ermənistanda referendumla bağlı etiraz aksiyaları keçirilir. Hərəkatın rəhbəri Jirayr Sefilyan bildirib ki, cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq.
"Bizim öz tərəfdarlarımızı bir neçə gün isti geyim və yeməklə təmin etmək imkanımız var. Rejimin devrilməsi çox uzun zaman alacaq. Amma biz bunu bacarmalıyıq", - deyən Sefilyan həmçinin bildirib ki, hərəkat geri çəkilmək niyyətində deyil və öz məqsədinə nail olmaq üçün sonadək mübarizə aparacaq.
Mitinqlər "Yeni Ermənistan" xalq qurtuluşu, "Miras" müxalifət partiyası, Müxalifət Vətəndaş Təşəbbüsü qrupları, "Ermənistan politoloqlar ittifaqı" hərəkatları tərəfindən təşkil edilir. Etiraz aksiyalarının əsas şüarı isə "Dur, Ermənistan!"dır.