Cameron: “Ölkədə müsəlman qadınların təcridinə son qoyulmalıdır” Dünya

Cameron: “Ölkədə müsəlman qadınların təcridinə son qoyulmalıdır”

Britaniyanın baş naziri David Cameron deyib ki, Birləşmiş Krallıqdakı müsəlman qadınlara ingilis dilinin öyrədilməsi və onlara qarşı seqreqasiyanın, habelə onların ekstremizm toruna düşməsinin qarşısının alınması məqsədilə 20 milyon funt sterlinq vəsait ayrılıb. Baş nazirin sözlərinə görə, ekstremizmlə dil dərsləri arasında birbaşa əlaqə olmasa da, dilin öyrənilməsi icmaların daha açıq olmasına şərait yaradır. Lakin bəzi müsəlmanlar onu iki məsələni yanlış olaraq qarışdırmaqda ittiham ediblər.
Cənab Cameron bunu da vurğulayıb ki, ingilis dilinin öyrənilməsi Birləşmiş Krallığa ailə üzvü kimi gəlmək istəyənlərin viza məsələsini asanlaşdıra bilər.
Hökumət rəqəmlərinə görə, İngiltərədə yaşayan müsəlman qadınların 22 faizi ingiliscə ya çox az, ya da heç bilmir. Bu faktor onların təcrid olunmalarına imkan yaradır.
Baş nazirin fikrincə, qadınların seqreqasiyası və ya təcrid olunması qadın sünnəti və zorla ərəvermə kimi bədnam praktikaların qol-qanad açmasına, belə qadınların İslam Dövləti kimi tanınan qruplaşmanın toruna düşməsinə şərait yaradır.
Baş nazir həmçinin bildirib ki, şəriət məhkəmələri də daxil dini qurumların "kişilərin öz arvadları, bacıları və qızları üzərində ziyanlı hegemonluğu" ilə mübarizədə iştirakı məsələsinə baxıb. BBC Radio 4-ün səhər proqramında danışan Cameron deyib ki, dil dərslərində məqsəd "daha inteqrasiyalı" cəmiyyətin quruculuğudur. O deyib ki, müsəlman kişilər qadınların ingilis dilini öyrənməsinə maneə yaratmaqla onları cəmiyətdən təcrid edirlər.
Baş nazirin fikrincə, ingilis dilini yaxşı bilən insanların İD təbliğatına qarşı hazırlığı da yüksək olur. O izah edib ki, ingilis dilini bilməməklə ekstremizm arasında birbaşa əlaqə olduğunu iddia etmir. Cənab Cameron izah edib ki, ingilis dilini bilməyənlər, cəmiyyətə inteqrasiya olunmur, nəticədə ekstermist təbliğatın ovuna çevrilirlər.
Oktyabrdan tətbiq olunacaq qaydalara görə Britaniyaya ailə üzvü kimi beşillik viza ilə gələnlər burada 2 il yarım yaşadıqdan sonra ingilis dilini nə dərəcədə əxz etdiklərini göstərməli olan testdən keçəcəklər. "Bəs bu testdən keçməyənlər nə edəcəklər?"- sualına cavab verərkən baş nazir deyib: "Onların burada qalmaqda davam etməsi üçün heç bir qarantiya verilməyəcək".
"Bu sərt qaydadır, - deyib Cameron, - Amma bizim ölkəmizə gələn insanlar da məsuliyyət daşıyırlar axı…" BBC-nin siyasi müxbiri Alex Forsyth məsələyə aydınlq gətirərək deyib ki, baş nazir testdən keçməyənlərin deportasiya olunacaqlarını demir. Lakin bu adamların vizalarının uzadılması məsələsinə baxılanda dili hansı səviyyədə bilmələri faktoru nəzərə alınacaq. Bələdiyyə polisinin keçmiş baş inspektoru Dal Babu uşaqları İD-ə qoşulmaq üçün getmiş ailələrlə işləyib və o deyir ki, ingilis dili dərsləri ideyasını alqışlamaq lazımdır.
Lakin onun fikrincə, ingilis dilinin öyrədilməsinin radikalizm və ekstremizmin dayandırılması məqsədilə həyata keçirildiyini söyləmək ziyanlı yanaşmadır.
Bundan başqa, Babu guya müsəlman qadınların 22 faizinin ingilis dilini bilməməsi barədə məlumatı inandırıcı saymır. Onun fikrincə, irqi bərabərlik xeyriyyələrinin göstərdikləri 6 faiz rəqəmi daha ağlabatandır.
Oksford Universitetinin mühazirəçisi, Britaniya müsəlmanları sahəsində araşdırmalar aparan doktor Sundas Ali deyib ki, dil bəzi qadınlar üçün hasar ola bilər, lakin bu məsələdə daha böyük faktorlar mövcuddur. Alim deyir ki, müsəlman icmalarında böyük mədəniyyət problemi var və bu icmaların gözləntiləri ilə bağldıır. Onun sözlərinə görə, müsəlman qadınlar təhsil və karyeraya qeyri-müsəlman qadınlar qədər həvəsləndirilmirlər.
Hökumət bildirir ki, dil dərsləri "spesifik icmaları" hədəfləməlidir. Hökumətin "problemli ailələr" qurumunun başçısı Louise Casey deyir ki, bunlar əsasən ekstremizmə həssas icmalardır. Xanım Casey deyib ki, uşaqlar və nəqliyyat xərcləri kimi problemlərin ortaya çıxmaması üçün dərslər evlərdə və ya icma mərkəzlərində keçiləcək. Bu sxemin indiyədək 30 min insanı əhatə etdiyi bildirilib.