BMT Aİ-Türkiyə planından narahatdır Dünya

BMT Aİ-Türkiyə planından narahatdır

Miqrantlarla bağlı planın ümumi prinsipləri razılaşdırıılıb

Cavid

Avropa İttifaqı ilə Türkiyə liderlərinin Brüsseldə miqrant böhranının həllinə həsr olunmuş sammiti başa çatıb, lakin problem üzrə qərarın qəbul olunması martın 17-18-də keçiriləcək Aİ sammitinədək təxirə salınıb. Tərəflər birgə planın konkret detallarının uzlaşdırılması və oyrənilməsi üçün vaxt lazım olduğunu bəyan ediblər.
Brüssel görüşündə Türkiyəyə Avropada sığınacaq almamış minlərlə qeyri-leqal miqrantı qəbul edib öz ərazisində yerləşdirmək təklifi müzakirə olunub. Bunun müqabilində Türkiyə Aİ ilə vizasız rejim tətbiq etmək və Türkiyənin Avropa İttifaqına qəbul olunması məsələsi üzrə danışıqların keçirilməsini tezləşdirməyi istəyib.
Tərəflər bəyan ediblər ki, miqrant böhranının tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gələ biliblər, lakin konkret həll axtarışı martın 17-də, gələn sammitdə davam ediləcək. Bundan başqa, sammitin yekunları üzrə qəbul olunmuş bəyanatda deyilir ki, Avropa miqrantların qəbulu üçün əlavə maliyyə yardımı ayıracaq və daha əvvəl bu məqsədlə vəd edilən 3 milyard avronun təqdim edilməsini tezləşdirəcək. Əvəzində Türkiyə Yunan adaları və Yaxın Şərqdən gələn bütün miqrantları, onların vətəndaşlığından acılı olmayaraq qəbul etməli, eləcə də artıq Avropa ərazisinə düşmüş və orada sığınacaq almamış bütün miqrantları qəbul etməlidir.
BBC müxbirinin Brüsseldən verdiyi məlumata görə, razılıq əldə olunarsa, Avropaya düşmək istəyən bütün, o cümlədən, suriyalı qaçqınların Türkiyəyə qaytarılması nəzərdə tutulur. Bunun əvəzində Aİ Türkiyə tərəfindən qəbul olunmuş hər bir suriyalının müqabilində qaçqınlar düşərgəsindən sığınacağa ehtiyacı olan bir suriyalı qəbul edəcək. Ehtimal olunur ki, bu sistemin tətbiq edilməsi qaçqınların qaçaqmalçılar vasitəsilə qeyri-qanuni yollarla Avropaya düşmək həvəsində olanların sayını azaldar. Bu arada BMT miqrant böhranının radikal yolla çözülməsinə yönəlmiş Aİ-Türkiyə planından narahatlıq bildirərək, onun beynəlxalq qanunvericiliyə zidd ola biləcəyinə diqqəti çəkib. Plana əsasən, Türkiyədən Yunanıstana gələn bütün miqrantlar geri qaytarılmalıdır, hər bir geri qayıdan suriyalının əvəzinə isə Türkiyədə müvəqqəti məskunlaşan suriyalıya Aİ-də sığınacaq veriləcək. Bu prinsiplə əlaqədar, BMT Qaçqınlar Agentliyi bildirib ki, xaricilərin ölkədən kollektiv sürətdə çıxarılması "Avropa qanunvericiliyilə ziddiyyət təşkil edə bilər".
Amnesty International təşkilatı həmin planı sığınacaq almaq hüququna qarşı çıxarılmış ölüm hökmü adlandırıb. Bazar ertəsi Brüssel sammitində Aİ ilə Türkiyə arasında müzakirə olunmuş sövdələşmə hələlik yekunlaşdırılmayıb - miqrant böhranının həllinə dair danışıqlar martın 17-18-də keçiriləcək Aİ sammitində davam etdirilməlidir. Tərəflər birgə planın konkret detallarının uzlaşdırılması və oyrənilməsi üçün vaxt lazım olduğunu bəyan ediblər.
Avropa II Dünya Müharibəsindən sonra ən kəskin qaçqın böhranı ilə üszləşib. Ötən il Aİ-ə 1 milyondan artıq insan qeyri-qanuni daxil olub, onların çoxu qayıqlarla Türkiyədən gəlib. Miqrantların əksəriyyəti Suriyadakı vətəndaş müharibəsindən qaçan sakinlərdir. Daha 2.7 milyon suriyalı qaçqın hazırda Türkiyədə müvəqqəti məskunlaşıb. Böhranın öhdəsindən gəlmək üçün "qəti addımlar" atılmasının vacibliyini vurğulayan Aİ rəhbərləri aşağıdakı tədbirlərin görülməsini təklif edirlər:
- Türkiyədən Yunanıstana qeyri-qanuni gələn miqrantların hamısı Türkiyəyə qaytarılır. Qeyri-qanuni miqrantlar normal tranzit prosedurlardan keçməyən, sənədsiz gələnlərdir.
- Geri qaytarılan hər bir suriyalının əvəzində, Türkiyədən bir suriyalı Aİ-də yerləşdiriləcək.
- Aİ Türkiyə vətəndaşları üçün gediş-gəlişin asanlaşdırılmasını sürətləndirəcək. 2016-cı ilin iyun ayına qədər Aİ Türkiyə üçün vizasız rejimin tətbiqini nəzərdən keçirəcək.
- Aİ Türkiyəyə vəd etdiyi 3.3 milyard dollar maliyyə yardımının ödənişini sürətləndirəcək. Böhranın öhdəsindən gəlmək üçün Türkiyəyə bundan əlavə də maliyyə yardımının ayrılacağı vəd olunub. Türkiyə xəbərlərə görə, Aİ-dən maliyyə yardımını 6 milyard dollaradək artırmağı xahiş edib.
- Türkiyənin Aİ üzvlüyünə dair danışıqların yeni mərhələsinin başlanması barədə qərarın verilməsinə dair hazırlıq aparılacaq.