
İran-Ermənistan-Gürcüstan qaz kəməri ideyası gündəmdən çıxdıqdan sonra erməni mediası yeni bir regional layihə barədə açıqlama yayıb. Söhbət İranı Ermənistan və Türkiyədən keçməklə Avropaya çıxaracaq dəmiryolu dəhlizindən gedir.
Panarmenian.net-in TASS agentliyinə istinadən yaydığı məlumata görə, İran Bolqarıstana Avropa və Asiya arasında özünün nəqliyyat dəhlizində tərəfdaşı kimi baxır və öz dəmiryolu şəbəkəsini Türkiyə ərazisindən keçməklə birləşdirməyi planlaşdırır.
Bu barədə İranın şəhər inkişafı və nəqliyyat naziri Abbas Axundi İran-Bolqarıstan iqtisadi komissiyasının Tehranda keçirilən iclasında deyib. Nazir həmçinin bildirib ki, İran Ermənistandan keçməklə Gürcüstan-Bolqarıstan nəqliyyat dəhlizi üzərində işləyir. Eyni zamanda, o, Bolqarıstan tərəfindən avtomobillə daşınan İran yüklərinin həcmini iki dəfədən beş dəfəyə qədər artırmağı xahiş edib.
"TRASEKA"nın milli katibi Akif Mustafayevin sözlərinə görə, Ermənistan dövri olaraq belə informasiyalar yaymaqla regional təcrid durumundan çıxacağını nümayiş etdirməyə çalışır. Ona görə də bu xəbər daha çox Ermənistanın daxili ictimai rəyinə hesablanıb:"Bunların heç biri real deyil. Çünki mövcud dəhlizlər var. Şərq-Qərb, "TRASSEKA" dəhlizi ilə yüklər daşınır. Bakı limanının ikinci mərhələsi və 2017-cı ilin əvvəlində Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə veriləndən sonra bu daşımalar daha da artacaq. O da məlumdur ki, bu yaxınlarda Azərbaycan prezidenti İranda rəsmi səfərdə olarkən Şimal-Cənub dəhlizi işə düşəcək. Şimali Avropadan başlanan dəmiryolu xətti ilə yüklər Rusiya və Azərbaycan ərazisindən keçməklə İrana qədər daşınacaq. İran ərazisində də həmin yüklər 150 kilometr dəmiryolu xətti ilə İran körfəzinə qədər aparılacaq. Ermənistan isə pis vəziyyətdədir. Çünki hər tərəfdən yolları bağlıdır. Əvvəla, İranla Ermənistanın sərhədi dağlıq, qayalıqdır. Oradan dəmir yolu xəttinin çəkilməsi real görünmür. Üstəlik, belə bir layihəni həyata keçirmək üçün milyonlarla vəsait lazımdır. Türkiyənin də Ermənistanla heç bir əlaqəsi yoxdur. Ona görə də Türkiyə belə bir layihəyə qoşulmaz. Ermənistan belə fikirləri ortaya çox atıb ki, mən də varam. Amma hesab edirəm, bunlar həqiqətət uyğun deyil. Ermənistan yalnız işğal altında saxladığı Azərbaycan torpaqlarını azad edəcəyi halda regional layihələrə qoşula bilər. İran da xoş qonşuluq münasibəti saxlamaq üçün vədlər verir, amma ortada belə bir saziş və qərar yoxdur. Bunun üçün çox böyük əmək, vəsait və siyasi iradə lazımdır. Ermənistanda isə bu imkanlar yoxdur".
Akif Mustafayev onu da bildirdi ki, həftədə iki yük qatarı Gürcüstan limanlarından keçməklə Ermənistana gedir. İrandan isə Ermənistana TIR-lar vasitəsilə yükdaşımaları həyata keçirilir. Bundan başqa, Ermənistan vasitəsilə hər hansı tranzit daşımaları mövcud deyil.